Faydalı qazıntılar

Faydalı qazıntılar

Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2/3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonası neftlə zəngindir. Dünyada məşhur olan Naftalan nefi əsasında bir sıra xəstəliklər müalicə olunur.

Respublikamızın qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır. Azərbaycanın Böyük və Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, molibden və s. yataqları mövcuddur.

Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan MR), Kəlbəcər travetin yataqları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvars qumları böyük təsərrüfat əhəmiyyəti kəsb edir.

Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi «mineral sular muzeyi» adlandırılır. Kəlbəcər rayonundakı İstisu, Naxçıvan MR-dakı Badamlı, Sirab, Vayxır mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur.

Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaltı, Kəlbəcər rayonundakı İstisu, Lənkəran rayonundakı Meşəsu, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış Dağlarında, Böyük Qafqazıq cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.

Yanar faydalı qazıntılar

Azərbaycan Respublikasındakı yanar faydalı qazıntılar neft, qaz, şist, torf və s-dir. Bunlardan neft və qaz sənaye əhəmiyyətlidir. Neft həm qurudakı yataqlardan, həm də Xəzər dənizi yataqlarından çıxarılır.

Azərbaycan Respublikasının ərazisi (xüsusi ilə Abşeron yarımadası) dünyanın ən qədim neft çıxarılan rayonlarından biridir. Hələ e.ə. VII-VI əsrlərdə Abşeronda neft çıxarılmış və bir çox ölkələrə daşınmışdır.

1985-ci ilədək Azərbaycan Respublikasında təqribən 1,2mlrd. t. neft (25%-i dəniz neft yataqlarından) hasil edilmişdir. Azərbaycan Respublikasının nefti yüksək keyfiyyətli, azkükürdlü və azparafinlidir. Sıxlığı böyük diapazonda (780-940kq/m3) dəyişir. Naftalanda Maykop və Ağçaqıl çöküntülərindən özünün müalicə xüsusiyyyətlərinə görə dünyada yeganə olan neft də hasil edilir.

Respublikada çıxarılan yanar qazlar karbohidrogen tərkiblidir. Onlar neftin tərkibində həll olmuş, sərbəst («qaz örtüyü»), xalis qaz halında olur. Son 30-50 il ərzində çoxlu qaz-kondensant yatağı kəşf olunub, istifadəyə verilmişdir. Azərbaycan Respublikasında hazırda 8 neftli-qazlı (Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı, Gəncə, Yevlax-Ağcabədi, Quba-Xəzəryanı, Kür-Qabırrı çaylararsı) və 2 perspektivli (Acınohur və Cəlilabad) rayon ayrılır.

Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı rayonlarında əsas neftli-qazlı dəstə «məhsuldar» qatdır. Qum, qumdaşı və gil təbəqələrinin növbələşməsindən ibarət olan bu dəstənin qalınlığı 4000m-ə (bəzi yerlərdə daha artıq) çatır.

Məhsuldar qatla əlaqədar olan yataqlar (Balaxanı-Sabunçu-Ramana, Suraxanı-Qaraçuxur-Zığ, Qala, Bibiheybət, Neft Daşları, Puta, 28 May, Lökbatan-Binəqədi, Səngəçal-dəniz-Duvannı-dəniz-Bulla, Bulla-dəniz və s.) çox horizontlu və antiklinal quruluşludur. Ən böyük neft-qaz-kondensant yataqları Abşeron, Bakı arxipelaqları və Aşağı Küryanı rayonlarındadır.

İşlənən yataqlarda məhsuldar qatdan başqa, əsas neftli-qazlı çöküntülər Maykop dəstəsi, Eosen şöbəsi və Üst Təbaşir çöküntüləridir. Quba Xəzəryanı rayonunda Siyəzən monoklinalı ilə əlaqədar olan yataqlarda Samrat mərtəbəsindən başlayaraq Üst Təbaşir çöküntülərinə qədər bütün çöküntü kompleksləri (Sarmat, Çokrak, Maykop dəstəsi, Eosen, Paleosen, Üst Təbaşir) neftli-qazlıdır. Kür-Qabırrı çaylararsı rayonunda da kəşf olunmuş yataqlarda neft-qaz Eosen yaşlı çöküntülərlə (Tərsdəllər yatağı) əlaqədardır.

Respublika ərazisində Maykop-Abşeron yaşlı çöküntülərdə bir sıra yanar şist və liqnit-qonur kömür təzahürləri aşkar edilmişdir.

Filiz faydalı qazıntılar

Bu qazıntılar (dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri və s.) respublikanın əsasən dağlıq hissələrində müxtəlif tip yataqlar əmələ gətirirlər.

Dəmir filizləri (maqnetit, hematit) Azərbaycan Respublikasında dörd mənşədə rast gəlir: seqrasion-maqmatik skarn-maqnetit (kontakt-metasomatik), hidrotermal-metasomatik və çökmə. Bunların yalnız skarn-maqnetit tipli Daşkəsən, Cənubi Daşkəsən və «Dəmir» yataqları sənaye əhəmiyyəti kəsb edir. Bu yataqlar Kellovey, Oksford, Kimeric yaşlı vulkanogen, piroklaastik və çökmə-vulkanogen süxurlardan təşkil olunmuşdur. Daşkəsən sinklinalını ox boyu yaran eyni adlı qranitoid intruziv ilə təmasda yerləşir və mənşəcə bu intruzivlə əlaqədardır. Daşkəsək dəmir filizi qrupu yataqlarının sənaye ehtiyatı 250mln.tondur.

Kobalt filizlərinin sənaye əhəmiyyətli yığımları Daşkəsək filiz rayonunda məlumdur. Burada kobalt filizləri həm müstəqil (Yuxarı Daşkəsən yatağı), həm də skarn-maqnetit filizləri ilə birgə əmələ gəlmişdir.

Qızıl yataqları və təzahürləri əsasən Kiçik Qafqazın ərazisində: Söyüdü, Qızılbulaq, Dağ Kəsəmən, Veynəli, Qoşa, Gədəbəy, Çovdar; Naxçıvan MR-da Şəkərdərə, Pyəzbaşı, Ağyurt, Baskənd yataqları yayılmışlar. Bu yataqlarda həmçinin sənaye əhəmiyyətli gümüş, mis və s. qarışıqlar iştirak edirlər.

Hal-hazırda qızılın çoxsaylı təzahürləri (Tülallar, Kəpəz, Dabalt, Küngütçay, Kələki, Unus və s) aşkar edilmişdir. Əlincəçay və Kürəkçay hövzəsində aşkar edilmiş səpinti qızıl yataqlarında qiymətləndirmə işləri aparılmış, ilkin ehtiyatları hesablanmış və sənaye əhəmiyyətliliyi müəyyən edilmişdir.

Xromit yataqları və təzahürlər (Göydərə, Kazımbinəsi, İpək, Xatəvəng və s.), əsasən Kəlbəcər və Laçın rayonları ərazisindədir.

Manqanın kiçik həcmli yataqları və təzahürləri Kiçik Qafqazın Somxeti-Ağdam (Mollacəlilli, Daş Salahlı və s.), Böyk Qafqazın Vəndam (Mücü, Balakənçay) və Araz (Biçənək, Ələhi) struktur-formasiya zonalarında məlumdur.

Mis filizləri Azərbaycan Respublikasında mis-kolçedan və mis-porfir formasiyalıdır. Mis-kolçedan formasiyalı filizlərin mineral tərkibi, əsasən, pirit və xalkopiritdən ibarətdir. Çox vaxt filizin tərkibində sfalerit və qalenit də rast gəlir. Mis-porfir formasiyalı filizlərin tərkibində misdən əlavə molibden, az miqdarda qiymətli metallar olur. Hər iki formasiyanın filizləri Gədəbəy filiz rayonunda törəmə kvarsitlərdə yerləşir. Mis-porfir filizləşməsi daha geniş yayılmışdır.

Qaradağ və Xarxar yataqlarından (Gədəbəy filiz rayonu) başqa bu rayonda mis-porfir filizləşməsinin bir çox təzahürləri də var. Gədəbəy rayonunda ştok formalı ehtiyatı tükənmiş eyni adlı mis-kolçedan yatağı da məlumdur. Mehmana filiz rayonunda mis-porfir təzahürləri (Dəmirli və Xançınçay) mövcuddur.

Böyük Qafqazın cənub yamacında Alt Yura yaşlı terrigen çöküntülərdə bir sıra mis-sink yataq və təzahürləri (Çıxıx-Saqator, Mazımçay, Karabçay və s.) məlumdur.

Naxçıvan MR ərazisində də mis-porfir tipli filizləşmə, əsasən, Mehri-Ordubad qranitoid batolitinin ekzo və endotəmas zolağında (Diaxçay, Göygöl, Göydağ və s.) yerləşir. Bunlardan başqa Xalxal mis-kolçedan, Göy-göl, Ağrıdağ mis, Nəşirvaz, Kilit-Kətəm mis-kobalt, Nəgirvaz mis-polimetal təzahürləri məlumdur.

Qurguşun-sink Böyük Qafqazın Balakən-Zaqatala metallogenik zonasında sənaye əhəmiyyətli yataqlar (Filizçay, Katex, Qasdağ və s.) əmələ gətirir. Bu yataqlarda həmçinin külli miqdarda sənaye əhəmiyyətli mis və kadmium, kobalt, qızıl, gümüş və s. var. Bu elementlərin Kiçik Qafqazda yataqları və bir sıra təzahürləri (Mehmana, Ağdərə və Gümüşlü) məlumdur.

Molibdenin damar tipli yataqları və təzahürləri Dəlidağ (Teymuruçandağ, Bağırsaq və s.) və Ordubad filiz rayonları da (Parağaçay Diaxçay) təsadüf edilir.

Alüminium filizinin (alunit) ən böyük yatağı Daşkəsən rayonundadır (Zəylik alunit yatağı). Alunit təzahürləri Şəmkir və Ordubad rayonlarında da məlumdur. Zəylik alunit yatağı 1960-cı ildən istismar edilir. Bu yataq Avropada ən böyük yataqdır. Gəncə alüminium zavodunda bu filizdən alüminium-oksidlə bərabər kalium kübrəsi, soda, sulfat turşusu və s. alınır.

Naxçıvan MR-nın qərb hissəsində Perm çöküntülərinin yayıldığı sahələrdə alüminiumun ən yaxşı xammalı olan boksit filizinin təzahürləri (Sədərək-Şərur rayonlarında) məlumdur.

Civə filizi yataqları və təzahürləri Kiçik Qafqazın mərkəzi hissəsində (Kəlbəcər-Laçın zonası) geniş yayılmışdır. Ən böyük yataqlarının - Ağyataq, Şorbulaq, Levçay (Kəlbəcər rayonu), Çilgəzçay və Narzanlı (Laçın rayonu) ehtiyatı hesablanmışdır. Civə filizləşməsi (kinovar) hiperbazitlərin və Miosen-Pliosen yaşlı turş maqmatik süxurların yayıldığı sahələrdə müxtəlif yaşlı və tərkibli süxurlarda, ən çox Üst Təbaşirin vulkanogen-çökmə və vulkanogen süxurlarda rast gəlinir. Kinovar filizlərdə pirit, xalkopirit, antimonit, maqnetit, hematit, sfalerit və s. minerallarla assosiasiya təşkil edir. Naxçıvan MR-da Badamlı-Aşağı Kişlaq təzahürləri məlumdur.

Sürmə müstəqil yataqlar təşkil etmir. Sürmə antimonit mineralı şəklində Levçay civə yatağında kinovarla birlikdə yığıntılar əmələ gətirir.

Mərgümüşün Azərbaycan Respublikasında ən böyük yataqları Gədəbəy (Bitibulağ enargit yatağı) və Culfa (Darıdağ auripiqment-realqar yatağı) rayonlarında məlumdur. Bu yataq 1941-ci ilədək istismar edilmişdir. Filiz cismi ştok formasındadır. Filizin tərkibi auripiqment, realqar, antimonit, arsenopiritdən ibarətdir.

Volframın şeyelit mineralı şəklində kiçik təzahürləri Ordubad və Kəlbəcər rayonlarında Mehri-Ordubad, Dəlidağ qranitoid plutonlarının təmasında müşahidə edilmişdir.

Qeyri-filiz faydalı qazıntılar

Azərbaycan Respublikasının mineral xammal ehtiyatlarının ümumi balansında mühüm rol oynayır. Bu qrupa daşduz, gips, anhidrit, gəc, bentonit gilləri, tikinti materialları, pirit, barit, yarımqiymətli və rəngli daşlar, dolomit, İslandiya şpatı və s. daxildir.

Daşduz yataqları Naxçıvan MR-da (Nehrəm, Düzdağ, Pusyan) yerləşir. Yataqlar Miosenin qumdaşı, gil, əhəngdaşı, mergel çöküntülərindədir. Nehrəm yatağının balans ehtiyatı B+S1 kateqoriyası üzrə 73600min ton, S2 kateqoriyası üzrə 64200min tondur. Ehtimal ehtiyatı 2-2,5mlrd.t qiymətləndirilir. Duzdağ yatağının sənaye ehtiyatı A+B+S1 kateqoriyası üzrə 94517 min ton, S2 kateqoriyası üzrə 37810 min tondur.

Gips, anhidrit yataqları Goranboy rayonunu Yuxarı Ağcakənd və Mənəş kəndləri sahəsində Təbaşir çöküntüləri içərisində hemogen yolla əmələ gəlmiş və ayrı-ayrı ştoklardan ibarət olaraq ümumi ehtiyatları 65-70mln.ton təşkil edir. Naxçıvan şəhərindən 120km cənub-şərqdə (Araz; gips) və Gəncə şəhərinin ətrafında (gəc) yataqların sənaye ehtiyatları isə A+B+S1 kateriyası üzrə 40632min t-dur.

Bentonit gillərinin çoxlu yatağı və təzahürü (Qobustan, Goranboy, Şəki və s.) məlumdur. Ən böyük yatağı Qazax rayonunda (Daş Salahlı) müəyyən edilmişdir. Yataq əsasən hidrotermal məhlulların Santon yaşlı vulkanitlərə təsirindən əmələ gəlmiş və sənaye ehtiyatı 84553 min ton təşkil edir.

Tikinti materialları Azərbaycan Respublikası ərazisində çoxdur. Mişar daşı yataqlarının (Qaradağ, Güzdək, Dövlətyarlı, Dilağarda, Şahbulaq, Naftalan, Mərdəkan, Daş Salahlı, Zəyəm və s.) hələlik müəyyən edilmiş sənaye ehtiyatı (A+B+S1 kateqoriyası üzrə) 295836 min t, üzlük daşının ehtiyatları (Gülbəxt, Daşkəsən, Şahtaxtı, Gülablı, Musaköy, Söyqlu və s.) 23951 min m3 təşkil edir.

Qaradağ sahəsində sement istehsalına yararlı (Şahqaya əhəngdaşları, Qaradağ gil və s.) xammal yataqları mövcuddur. Kərpic, keramika və qazmada işlənilən çoxsaylı gil yataqları və təzahürləri istismar edilir. Siyəzən rayonu ərazisində ehtiyatı 8,3 min m3 olan flyus və karbid istehsalına yararlı əhəngdaşı yatağı müəyyən edilmişdir.

Vulkan külü-tufu seolit xammalı olub, yatağı (Aydağ) Tovuz şəhərindən 7 km şimal-qərbdədir. Aydağ yatağının vulkan külü-tufları Orta Santon-Kampan mərtəbəsinin karbonat çöküntüləri arasında orta qalınlığı 25-30m olan lay şəklində yatır. Tuflarda 20-08% yüksək silisiumlu seolitlər (klinoptilolitlər) müəyyən edilmişdir. Yataq üzrə onların orta miqdarı 55%-dir. Aydağ yatağında tufların perspektiv ehtiyatı 20 mln. t-dur. İncə keramika, farfor-flyasis və odadavamlı material istehsalı üçün yararlı Kotandağ kaolinləşmiş süxurlar yatağı Ağstafa rayonunda yerləşir. Yataq güclü hidrotermal dəyişmiş kaolinləşmiş Konyak-Santon süxurlarından ibarətdir.

Baritir Azərbaycan Respublikasında təqribən 20 yatağı və təzahürü (Çovdar, Başqışlaq, Quşçu, Tonaşen, Zəylik, Azad, Çaykənd və s.) var. Yataqları damar tiplidir.

Yarımqiymətli və rəngli daşlar Kiçik Qafqazda Daşkəsən və Ordubad rayonlarında skarnlarda (qranat, ametist), Gədəbəy (turmalin) və Xanlar rayonlarında vulkanitlərində (xalsedan, əqiq, heliotrop) müəyyən edilmişdir. Əqiq toplantıları Hacıkənd və Qazax çökəkliklərinin əsas və orta tərkibli Üst Təbaşir vulkanitlərində yuva, badam, damar və linza şəklindədir: Həm zərgərlik, həm də texniki növlərinə rast gəlinir. Hacıkənd əqiq yataqları qrupunun sənaye ehtiyatı 286,8t-dur. Bunun 65,8 t-u zərgərlik üçün yararlıdır.

Dolomit Nehrəm kəndi (Naxçıvan MR) yaxınlığında və Boyanata dağında (Qobustan) böyük ehtiyatı var. Şüşə sənayesi üçün kvarslı qumlar Qobustan, Abşeron yarımadasında və Quba rayonunun aşkar edilmişdir.

İslandiya şpatının (Dağlıq Qarabağ və s.) təzahürləri və litoqrafiya daşının (Mirikənd yatağı; Dağlıq Qarabağ və s.) böyük ehtiyatı müəyyən edilmişdir.

Kimyəvi boyaların Daşkəsən, Şamaxı, Kəlbəcər və Xanlar rayonlarında təzahürləri var.

Müalicə palçığı Abşeron yarımadasında, Masazır gölündə, Qobustan və Aşağı Kür çökəkliyində, palçıq vulkanları püskürən sahələrdədir.

Top