Hələ qədim zamanlardan bütün nüfuzlu dövlətlərin özünəməxsus fərqləndirici əlamətləri-simvol və rəmzləri olmuşdur. Bütün bunlar emblem, bayraq, gerb, orden, medal, pul və s. ibarət olub. Əsrlərdən bəri Azərbaycanda maddi, mənəvi və bədii mədəniyyətimizin zənginliyini, rəngarəngliyini ifadə edən heraldika və rəmzlər sistemi mövcud olmuşdur. Bunlara misal olaraq folklor və ədəbiyyatda, arxeoloji, etnoqrafik, dekorativ və təsviri sənət abidələrində at, maral, qurd, əjdaha, qartal, şir, simurq və s. Kimi heyvan və quş, sərv, palıd, nar, lalə, nərgiz, qızılgül və s. kimi ağac və çiçək təsvirlərini göstərə bilərik. Həndəsi və nəbati naxışlarla həkk olunmuş bu obrazlar simvolik məna kəsb etmiş, milli təfəkkürün, xalqımızın bədii zövqünü,estetik və əxlaqi təsəvvürlərinin rəmzi mahiyyətini daşımışdır.
Azərbaycan xalqının qəhrəmanlıq tarixi, azadlıq, istiqlaliyyət naminə mübarizəsi, milli dövlətçilik meylləri qədim mifoloji təsəvvürlərdə, folklor qaynaqlarında, feodalizm dövrü dövlət qurumlarının bayraq, nişan, emblem və digər rəmzlərində ifadə olunmuşdur. Hətta kiçik dövlət qurumları sayılan xanlıqların da özünəməxsus simvolları olmuşdur.
Həm tarixi mənbələr, həm də maddi mədəniyyət və incəsənət abidələri göstərir ki, qədimdə Azərbaycan ərazisində yerləşən dövlətlərin müxtəlif rəmzləri və emblemləri, ərəb hərfləri ilə yazılmış xəttatlıq nümunələri - "tuğra"ları olmuşdur. Məsələn, görkəmli dövlət xadimi və sərkərdə, istedadlı şair Şah İsmayıl Xətainin yaratdığı Səfəvilər dövlətinin 12 qırmızı zolaqlı baş geyimi rəsmi fərqlənmə nişanı kimi qəbul olunmuşdur. Bununla bərabər "Qırmızı taclı", "qızılbaş şahı"nın özünəməxsus gerbi də olmuş - "Simurq quşu ilə əjdahanın döyüşünü təsvir edən "tuğra"sı dövlətin rəsmi rəmzi, bir növ emblemi xarakteri daşımışdır.
Yuxarıda qeyd etdiyimiz kimi, hökmdarlara məxsus belə rəmzlər xanlıqlar dövründə də geniş yayılmışdır.
XIX əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı dövründə Bakı, Gəncə, Şamaxı, Quba, Dərbənd, İrəvan və digər Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlar maddi
mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoymuşdur.Bakıda İçərişəhərin qala divarlarında, Şamaxı darvazası üzərində daş lövhəyə həkk olunmuş buğa kəlləsi ilə qoşa şirin təsviri də Şirvanşahlar dövlətinin qüdrətindən xəbər verən monumental emblemdir.
Azərbaycan Xalq Cümhuriyyəti qədim diyarımızda milli hüquqi dövlətçiliyimizin əsasını qoymuşdur.
Yaxın Şərqdə, islam aləmində və türk xalqları arasında ilk dəfə bəşəri və milli əsaslara istinad edən müstəqil demokratik dövlətin qurulması xalqımızın milli azadlıq, milli istiqlal naminə apardığı mübarizəsinin misilsiz qələbəsidır. Qısa dövr ərzində Azərbaycan hökuməti tərəfindən ali dövlət orqanları yaradılmış, türk (Azərbaycan) dili rəsmi dövlət dili elan edilmiş, siyasi, iqtisadi, hərbi və mədəni quruculuq sahəsində bir sıra islahatlar aparılmışdır.
Azərbaycan dövlətçiliyi bərpa olunan kimi onun yaradıcıları dövlətin milli əlamətlərini əks etdirəcək özünəməxsus rəmzlərin təxirəsalınmadan yaradılması işinə başladılar. Milli dövlətçiliyin istiqlaliyyətini, varlığını, xalqın ən ülvi arzularını lakonik, bədii obrazlı dildə ifadə edən mühüm amillər-rəmzlər, bayraq, gerb və himndir.