Azərbaycan Respublikasının Dövlət gerbi haqqında
ƏSASNAMƏ
l. Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir.
2.Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır".
3. Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulur:
a) Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;
b) Azərbaycan Respublikası prezidentinin iqamətgahına və xidməti kabinetinə;
v) Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına,məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali Arbitraj Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
q) yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına;
d) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
e) Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına;
4. Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə olunur:
a) Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət orqanlarının möhürlərində;
b)Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında;
v) bu əsasnamənin3-cümaddəsində göstərilən dövlət orqanlarının sənədlərinin blankında (binalarının lövhələrində);
q) Azərbaycan Respublikası Milli Bankının biletlərində və milli pul vahidlərində, Azərbaycan Respublikasının qiymətli kağızlarında, dövlət istiqrazlarında və lotereya biletlərində;
d)Azərbaycan Respublikası vətəndaşının pasportunda, Azərbaycan Respublikası vətəndaşına verilən diplomatik və başqa xarici pasportlarda;
e) Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində;
ə) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında;
5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası Dövlət gerbinin təsvirinin mütləq vurulmalı olduğu başqa hallar da nəzərdə tutula bilər.
6. Bu əsasnamədə göstərilən hallardan başqa Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ Azərbaycan Respublikasının parlamenti tərəfində verilə bilər.
7. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
8. Azərbaycan Respublikası Dövlət gerbinin verilən təsviri bu əsasnaməyə əlavə edilən rəngli və ya ağ-qara təsvirə ölçüsündən asılı olmayaraq, həmişə dəqiq surətdə uyğun gəlməlidir.
Mənbə Filologiya elmləri namizədi Sədaqət Kamal qızı Məmmədova