Tanrım

Tanrım

Bəlkə biz səni görmədiyimiz kimi sən də bizi görmürsən, İlahi, şəkk eləmə, biz varıq, hamımız günahkarıq, bəlkə də, amma inan ki, hamımız çarəsizik...

Əlimdə altıqoşam ölür, vaxt bitmək üzrə, tanrım, soruşmaq ayıb olmasın, kimin əlinə oynayırsan?!

Allahım, öz “əsərini” oxunaqlı etmək xatirinə, müsbət qəhrəmanlarını çərlədib öldürmək şöhrətpərəst yazıçıların işidir.

Bəsdi, az sorğu-sual et, İlahi, günahım yoxdu. Cəzamı ver, çıxım gedim, sənin növbən uzundu, mənim vaxtım yoxdu…

İlahi, biz bəndəsizik, sən Allahsız!

İlahi, həyatın ideyasına o qədər də dəxli olmayan epizodik obrazlara bu qədər rəngarəng məzmunsuzluğu yükləmək çoxmu vacib idi?!

Tanrım, sən fani olmağın nə olduğunu hardan biləsən?!

İlahi, sənə elə gəlmir ki, bu ssenaridə nəsə yerində deyil, tez-tez çaşıram, rolumun sözlərini dəyişə bilərəmmi?!

Tanrım, axı mənim yola getmədiyim bu ömürlə kimlərsə xoşbəxt ola bilərdi…

İlahi, biz bu ömrü “qaralama” zənn edib, çoxlu səhvlər elədik, bir şans da ver “ağlama” bir ömür yaşayaq…

Səhər Əhməd
Top