Nə o sevgilidə ilişib qaldım, nə o xəyanətlərdə

Nə o sevgilidə ilişib qaldım, nə o xəyanətlərdə

Hər şey ondan başladı ki, bir vaxtlar “filankəslərdən uzaq dur, onların heç bir mənəvi dəyəri yoxdu” deyən rəfiqəmi məndən uzaqlaşıb həmin filankəslərlə qol-boyun olan gördüm.
Hər şey ondan başladı ki, sevib seçdiyim dəyərlər bir-bir xəyanətkar çıxdı.
Nəyə qəlbimi verdimsə, pula, şöhrətə, bayağılığa satdı “bizi” . 
Bir tək quru canını sevdiyim o adam.
Dəli kimi təmənnasız sevdiyim o iş. Dəyərlərini sevdiyim o rəfiqə.

***

Bir də baxdım üzüb keçiblər o sahilə — başqa üzə...
İşim ondan ucuz şöhrət üçün istifadə edənlərin oldu. Sevgilim bayağılığı seçdi, rəfiqəm… hamısını birdən.
Yara almadımmı? Aldım. Ağrıtmadımı? Çoox...

***

Yalnız! Nə o rəfiqədə, nə o işdə, nə o sevgilidə ilişib qaldım, nə də o xəyanətlərdə. Üstündən çox zaman keçdi. Heç vaxt da heç kim dilimdən bu cür sözlər eşitmədi — “insanlar xəyanətkardı”, “dostlar xəyanətkardı”, “ sevgililər xəyanətkardı”.
Çünki başqa cür adamlar tanıdım.
Çünki xəyanətə münasibətim dəyişdi.
Bizə heç kim xəyanət etmir. Kim nə edirsə, özünə edir. 
Bizi satmır heç kim. Kim satırsa, özünü satır. Kim satılırsa, özü satılır.
Gec-tez hər kəs özünə qayıdır. Fırlanıb-hərlənib öz qınlarına çəkilirlər adamlar. 
Bəhanələr var həmişə — hər dönəmdə. 
Mən sizə indikini deyim. “Başqa cür mümkün deyil” söyləyirlər. “Hər xalq öz taleyinə layiqdi” deyirlər.
“Qarışma” deyirlər — övladlarına, dostlarına, ətrafa. Tək bir şey deyirlər:
“Qarışma!”.

Yazıçıya da deyirlər. Siyasətdən yazırsan — “qarışma”, dindən yazırsan “qarışma”, intimdən yazırsan — “qarışma” deyirlər. “Ehtiyatlı ol” demirlər, məhz “qarışma!”. 
Xeyriyyə aksiyası keçirən bir xanıma zəng vurdum yaxınlarda. “Aysel, bizim xalq necə möhtəşəmdi” dedi. “Möhtəşəm”i elə vurğulu, elə əzəmətli səsləndirdi, nə boyda “möhtəşəm” nəzərdə tutduğunu hiss etdim. 
Danışdı: “Yad adamlar üçün necə narahat olur bu xalq, necə dəstək verir aksiyaya. Yaşlı bir kişi yığıb “qızım, mənim beş manat verməyə gücüm çatır” dedi, — ağladım… — xeyli pul yığılıb”.
Fikrə getdim. Bəs xalqın özünə inamını kim sarsıtdı? Niyə günümüzü özümüz haqda bədbin fikirlərlə açıb, bədbin fikirlərlə bağlayırıq? Özümüzə inamımız niyə bunca azdı, yoxa çıxır?!
Bizə elə gəlir ən murdar, ən yaltaq, ən qürursuz, ən yalançı xalqıq.
Bir söz deyim?
İnsana murdar olduğunu dedikcə murdarlaşır.
İnsan toplu halında da belədi.

Topluma da murdar deyildikcə murdarlaşır. Dəyərlərdən danışanda ağzınızdan vurmaq istəyən adamlara imkan yaratmayın. Özünüz onun ağzının üstündən bir qıfıl asın, dursun yerində, mık edəmməsin. 
Yazar dostumuz Dilqəm Əhməd cümhuriyyətçiləri araşdırır, məlumatlar tapır, “Mühacirlərin dönüşü” adlı silsilə kitablar yazır.

Keçən il rejissor Tahir Tahiroviç İstanbulun Feriköy qəbiristanlığında Azərbaycanın mühacirlərinin məzarlarını axtarıb tapıb.
İlk hərbi nazir Xosrovpaşa Sultanzadə, ilk maliyyə naziri Əbdüləli Əmircan, əks inqilabla mübarizə təşkilatının rəisi Nağı Şeyxzamanlı, mühəndis Qulamrza Şərifzadə, böyük ideoloq Əhməd bəy Ağaoğlu və ailəsi — otuzdan çox cümhuriyyətçi o məzarlıqda basdırılıb.

Bu il Dilqəm Əhməd həmin qəbirləri ziyarət etdi və təmirə ehtiyac olduğunu gündəmə gətirdi. Təmir işləri başlamaq üzrədi. Dirəniş, mücadilə mühacirləri belə geri gətirir. 
Darıxmayın, tarix bizi öz arxası ilə sürüyüb aparır nə də olsa. Tahirlər, Dilqəmlər dəyərlərin izinə düşüb gedir, tapır, cəmiyyəti də arxasınca ora daşıyır. Belə olmaya da bilərdi. Amma belədi. 

Bu dövlət üçün qan tökülüb, ömürlər qurban verilib. Ölkənin sabahı üçün nə qadınlar, nə kişilər fəda ediblər özlərini.
Əsas onlardı.
İrs, qiblə onlardı. Əclaflıqlar yox.

Qadın kimi sahib çıxmaq borcu var xalqın öz vətəninə.
O vətəndəki dəyərlərə. Eybəcərlikləri təbiilik, gərəklilik kimi sırıyanları dışlamaq kimi bir borcu var.
Özünü içindən qorumağa məhkumdu xalq.
Qadın — sevgisinə, övladına sahib çıxdığı kimi xalqın yiyə durmaq borcu var öz vətəninə.
Bu şəhidlər xiyabanları, qürbətdəki o mühacirlər qəbiristanları bizik. Biz təkcə bu gün televiziyalarda göstərilənlər deyilik. Həm də o xiyabanlarıq. Seçim etmək şansımız var — hansının arxasınca getmək istəyirik?
Kim hansının arxasınca getmək istəyir? Məsələ budu.
Ona görə dedim ki, bizə kimsə xəyanət etmir. Kim nə edirsə, özünə edir. Kim nəyi seçirsə, odu.

Aysel Əlizadə
Top