Mənayla mənasızlığın fərqi yoxmuş

Mənayla mənasızlığın fərqi yoxmuş

Kimi romantikanın göylərində qanad çalmaqla məşğuldu, kimi realizmin torpaqlarında arın-arxayın gəzməklə. Bu tərəf o tərəfi anlamasa da, biri o birini bədbəxt hesab eləsə də, mən hər iki qütbü anlayıram. Bilirəm ki, romantikanın göyləri nə qədər cazibədardısa, realizmin torpaqları da o qədər güvənlidi. Kiminə cazibə, kiminə güvən lazımdı, kim qanadlarıyla, kim ayaqlarıyla “uçur”, bu artıq fərdi məsələdi, ona görə də heç bir qütbü haqlı və ya haqsız, xoşbəxt və ya bədbəxt hesab eləmək düzgün deyil.

Biri dəlicəsinə cəsarətdən zövq alır, başqa birisi axmaqcasına ağıllılıqdan. Yenə də hər ikisini anlayıram. Cəsarətin verdiyi zövq də gözəldi, ağlın yaratdığı harmoniya da. Kefin təpəsində olanlar da haqlıdı, dərdin dibində qalanlar da. Burda mənim anlamadığım yeganə hal öz durumumdu. Hamını dərk elədikcə özümdən baş açmamağım.

Təsəvvür edirsənmi, hamının halından anlayıb, özündən baş açmamaq necə olur, bu halın, daha doğrusu, bu halsızlığın adını bilirsənsə, mənə de.

Hərdən düşüncələrim pırtlaşıq düşür, kələfin ucunu itirirəm. Hərdən elə bilirəm, beynimin tən ortasında mənə düşmən kəsilmiş yad biri oturub. Hərdən rəqiblərimə qoşulub özümlə döyüşürəm.

Bəzən ən anlamsız adama da anlam verə bilirəm, haqsız birini də haqlı çıxarıram. Bəzən məna haqqında o qədər düşünürəm ki, bir də gözümü açıb özümü mənasızlığın içində çabalayan görürəm. Və mənə elə gəlir ki, əslində məna ilə mənasızlıq arasında o qədər də ciddi fərq yoxdu. Bax onda özümün nəyə lazım olduğumu müəyyən edə bilmirəm. Həyatıma tərif vermək istəyirəm, ömrümü hissələrə ayırıram, sonra yenidən birləşdirirəm, konkret olaraq hansı suala cavab verdiyini dəqiqləşdirmək heç cür mümkün olmur.

Əgər özümdən başqa bütün halları anlaya bilirəmsə, deməli, mən mövcud olmayan haldayam. İsmin yeddinci halında, məsələn. Gülməyin, düz deyirəm. Guya gülsəniz nə olacaq ki…

Əgər mənasızlıqda da bir məna varsa, illüziyalarla da həqiqət kimi yaşamaq mümkündüsə, səlis məntiq sonda qeyri-səlis məntiqə gedib çıxırsa, nəyəsə gülməyin də elə bir mənası yoxdu.

Səhər Əhməd 
Top