Asfaltda zanbaq bitirənlər

Asfaltda zanbaq bitirənlər


Somerset Moem məşhur “Ay və qara şahı” əsərində yazır ki, asfaltı zanbaq yetişdirmək ehtirası ilə yorulub usanmadan sulamaq üçün ya gərək şair olasan, ya da mömin…

İş orasındadır ki, yaradıcılıq asfaltı zanbaq bitirmək ehtirası ilə yorulub-usanmadan sulamaqdır elə. Bura, bilgi və məntiqə imkanın qədər yiyələnəndən sonra ulaşdığın bilgisizlik, məntiqsizlik məkanıdır. Ənənəvi desək, yaradıcı müstəvidə iki üstəgəl iki dörd eləmir.

Əgər ciddi bir əsəri dörd ayağı üzərində dayanan hər hansı bir həndəsi fiqura bənzətsək, bu fiqurun ən azı bir ayağı havada, boşluqda, izah olunmayan, məntiq işləməyən naməlumluqda yellənir. Əgər dörd ayaq da bizə bəlli olan nöqtələr üzərindədirsə yaradıcılıq yoxdur deməkdir. Yazıçı nə qədər məntiqli düşünsə də mətni bir az da oluruna, axarına buraxmalıdır.

Türklər musiqidə buna yorum deyirlər, biz improvizə. Yəni, eyni musiqini müxtəlif sənətkarlar ifa edir, ancaq hərəsi fərqli biçimdə, fərqli interpretasiyada…

Yaradıcılıq isə bəlli təcrübələrə ayaq qoyub başlı-bütünlü yorum yapmaqdır. Qaranlıq evdə qara pişik axtarmaqdır. Hətta o pişik o evdə olmasa belə. Pişiyin evdə olduğunu da, olmadığını da axtarandan sonra müəyyən etmək olur. Hətta pişik evdə ola bilər, sən də onun evdə olduğunu görmüş ola bilərsən – yenə də axtarmalı, tapmalı, tutmalı və göstərməlisən. Ən azı buna çalışmalısan.

Bir zen ustası pişiyin evdə olduğuna əmin olandan sonra əsla narahatlıq keçirməz. Kim görür görsün, kim görmür görməsin. Zen ustasının onu gördüyünü kiməsə sübut eləmək ehtiyacı da yoxdur. Əsas odur ki, pişik ordadır, qaranlığın içindədir və sən buna əminsən. Tutmaq, tutmamaq vacib deyil.

Bir sufi də oxşar düşünə bilər. Amma yaradıcılıq məhz pişiyin orda olduğunu bilsə də, bilməsə də onu axtarmaqdır. Onu axtaranlar sadə sənətkar, tapanlar böyük sənətkar, hamıya göstərə bilənlər isə dahi olur.

Eyni zamanda asfaltı israrla sulayan sadə şair, orda zanbağı görən böyük şair, hamıya göstərməyi bacaran dahi şairdir. Asfaltda zanbaq və qaranlıqda qara pişik sevdasıdır həyatı mənalandıran. Yazıq o kəsin halına ki, ömrü torpaqda gül becərmək, işıqda pişik axtarmaq qədər bəsit keçir. Məntiqdən o üzə kənd tanımır. ...

Məsuliyyət hissini itirmədən yazmaqdan qorxmayın! Çünki o zanbağın, o qara pişiyin kimin qismətinə çıxacağını heç kim əvvəlcədən bilmir. Asfaltdan zanbaq bitirmək, qara pişiyi olmadığı otaqda tapmaq dünyanın əbədiliyinə və onun əzəli-əbədi məntiqinə meydan oxumaqdır.

Şərif Ağayar
Top