İtirilmiş durğu işarələri

İtirilmiş durğu işarələri

Bir gün insan vergülü itirdi. O zaman fikirləri bir-birinə qarışdı, mürəkkəb cümlələr qurmaqdan qorxdu. Bəsit cümlələr qurmağa başladı. Cümlələri bəsitləşdikcə fikirləri də bəsitləşdi.

Nöqtəni itirdi… Fikirləri uzandıqca uzandı. İfadə edə bilmədi özünü.

Başqa bir gün nidanı itirdi. Səs tonunu dəyişdirmədən danışmağa başladı, monotonlaşdı. Ətrafda baş verən heç bir şey onda kiçik bir həyəcan belə doğura bilmədi. 
Sevincini, qəzəbini- bütün duyğularını itirdi.

Sual işarəsini itirdiyi andan sual verməyi unutdu. Hər şeyi olduğu kimi qəbul etməyə başladı. nə dünya, nə insanlar, nə də həyat onu maraqlandırmırdı.

İki nöqtəni itirdi və heç nəyi aydınlaşdırmaq ehtiyacı duymadı.

Ömrünün sonunda əlində ancaq dırnaq işarəsi qalmışdı, onun da içində başqalarının fikirləri…
Top