Nədənsə bəzi əşyalar olduqca səmimi bir dillə danışırlar. Məsələn: paltar ipindən asılmış paltarlar. Onlar dünyanın faniliyinin eskizləridir. Yəni, ipdə yellənərkən öz boşluğunu, yüngüllüyünü ifadə edirlər. Və bizə isbat etməyə çalışırlar ki, budur siz nə vaxtsa bizim içimizdə olmayacaqsınız, ya da biz sizin əyninizdə.
Deməli, nəsnələrin də öz doğal dili var. Yaxud saatın yatması. Saat yatanda – dayananda həmişə geri qalır, zamanı ləngidir, bizi cavan saxlamğa çalışır. Niyə saat olduğu vaxtdan irəli getmir? Maraqlıdır. Saatın yatmağı yeganə şeydir ki, biz ona aldanmağımıza sonradan təssüflənmirik.
Göründüyü kimi saat düz işləməyəndə zaman anlayışı itir. Yəni, insan zamanı özü də bilmədən azdırır, yaxud da əksinə. Bu konteksdə saatın səhv işləməyi bizim xeyrimizədir.
Amma, bəzi əşyaların yaxşı işləməməsi bizi ölümə aparır. Məsələn: Avtomobilin əyləci işləməyəndə biz maşından daha çox ölümü sürürük. Yaxud bəzi əşyaların yaxşı işləməyi bizə ziyan vurur – ət maşını yaxşı çəkəndə, bıçağımız iti olanda birinci əlimizi kəsir. Amma, saat düz işləyəndə də xeyrimizə olur, səhv işləyəndə də.
Başqa bir misal: Həmişə deyib-güldüyün, yeyib-içdiyin dostun, yaxud yaxının öləndə, o oturan stol onu sənə xatırladır. Deməli, əşyalar bu boşluğu – yoxluğu təkrarlayırlar. Həmin stola qoyulan çəngəl və boşqab da, o stolun başlatdığı tənhalıq duyğusunu davam etdirir.
Deməli, əşyalar danışır, amma, biz onları anlaya bilirikmi? Yaxud yolda yeriyərkən sevdiyimiz qızın paltarına oxşayan bir paltar görəndə həmin qızın simasına baxmadan biz öz sevgilimizi xatırlayırıq.
© Fərid Hüseyn