İtirdiyimiz inamlar

İtirdiyimiz inamlar

Bilirəm, siz də kimlərəsə inanmırsınız. Amma kimlərsə sizə neyləyiblər axı? Qurunun oduna yaş yanır yavaş-yavaş...
Bu inamın itkisi indinin işi deyil. Babalardan bizə yadigardır! Məsələn: İnsanlar qırıq-qırıq səslərə inanmadılar, sözlər yarandı… İnsanlar radioya inanmadılar, eşitdikləri səsin sahibini görmək istədilər. Televizor yarandı. Və bütün bunlar hər şeyin vizuallaşmasına gətirib çıxardı.

 İnsanlar telefona inanmadılar, az istifadə olunsa da, vizual funksiyalara malik telefonlar yarandı. Əvvəllər gəlinlər toyxanalara gətirilməzdi, artıq gəlinlər toylarını öz kürsülərində izləyirlər. “Gəlinlər” də artıq görünürlər. Vizuallıq dünya “qağa”nı bürüdü. Daha əllərini heç kəs arxasında gizləmir. Heç buna ehtiyac da yoxdur...

...insanlar insanlara inanmadılar. İnsanlar insanların işini yarıtmadılar. Robotlar yarandı. İnsanlar vaxtlarını düzgün bölə bilmədilər, hərdən ulduzlar,  hərdən günəş adamları aldatdı. Ulduzla, günəşlə vaxtı müəyyən edə bilmədilər, saat yarandı. Sonralar insanlar günəşə, ulduza da inanmadılar.

İnsanlar gözlərinə inamadılar, gözlər də insanları aldatdı və nəticədə eynəklərimiz yarandı. İnsanlar inanmadılar ki, torpaq xəzinədir. Və onu qazıb qızıl çıxardılar, boyunlarına asdılar, barmaqlarına taxdılar. Qorxdular ki, yerdə qalsa o da çürüyüb məhv olar...

İnsanlar göylərə inanmadılar. Uçub gedib planetləri tapdılar. Amma sonra məyus olaraq yerə qayıtdılar. Tapdıqları şeylər işlərinə yaramadı.
İnsanlar İsaya inanmadılar, çarmıxa çəkdilər. İnsanlar ancaq Allaha inandılar, amma düşünmədilər ki, Allah da öz lütflərini İsa kimi bəndələri vasitəsi ilə insanlara ötürür. İndi isə onun, İsanın nə vaxtsa gələcəyinə inanırlar.

Milyon illik bir bəlaya – Eşqə inanmadılar insanlar. İnsanlar Qeysə inandılar, amma ondan daha çox sevən Məcnuna inanmadılar, dəli dedilər...
İnsanlar Allaha sözlə qovuşdular, sözlə müraciət etdilər, amma sözə inanmadılar, sözə gəlmədilər. Nəticədə müqavilələr yox, müharibələr oldu...

İnsanlar insanlara inanmadılar və sığorta şirkətləri yarandı… İnsanlar Allaha inandılar, amma səhər duran kimi yuxularını da yozmağı unutmadılar.  İnsanlar alın yazılarına inanmadılar və falçılar yarandı. İnsanlar ayaqqabılarına görə ayaq ala bilmədilər. İnsanları ayaqları apardı, amma beyinləri əmr edən yerə. Allah ona görə ayağı aşağıda yerləşdirib. Ayaq həmişə başın quludu. Ona görə yazıq ayağa inanan yoxdu… Amma bizi inandığımız yerə ayaqlarımız aparır.

Atalar çox şey dedilər, hətta, bir kitablıq. Amma övladlar öz bildiklərini etdilər. Oğullar atalarına inanmadılar. Təəssüf...
Qoy yadımdaykən bunu da deyim: Atalar sözləri kitabı təkcə kitab deyil. O, həm də babalarımızın etdiyi səhvlərin nəticələridi.

İnsanlar insanlara hələ də inanmırlar. Bir ömür boyda təəssüf...İnsanların başlarına düşən daş, yarımçıq qalmış evlərinə yarımadı. Ona görə başımıza düşən daşlara inanmadıq, amma baş daşlarına yaman inandıq...Yalanlar televizordan gözümüzə, radiodan qulağımıza, havadan burnumuza girdi. Amma biz yenə evi yanan çobanın evinə tərəf öz parçımızda su daşıyırıq. Biz yalanlara yaman inanırıq.

Hə dostlarım, Heminquey çalmayacaq “Əcəl zəngi”ni, əcəl zəngini Əzrail çalacaq. Ona görə də bir-birimizi sevək, birbirimizi aldatmayaq! Atamızın adını oğlumuza qoymaqla biz öz varlığımızın müddətini uzada bilmərik. Biz öz varlığımızın, mövcudluğumuzun müddətini bir-birimizə inanaraq, bir-birimizi aldatmayaraq artıra bilərik...

 © Fərid Hüseyn
Top