90-larda uşaq olmaq...

90-larda uşaq olmaq...

90-larda uşaq olmaq... — Həm Azərbaycan, həm də dünyanın qloballaşma dövründə, ya da keçid dövründə uşaq olmaqdır. 90-larda uşaq olmaq savaşanda qışqıraraq “iaaaaa van daaaaaaaaam” deyib yumruq vurmaqdır, internetin nə olduğunu bilməməkdir, uşaqlıq dostlarının nə olduğunu bilməkdir, məhəllə davalarının nə olduğunu bilməkdir, “pokemon” kartlarını yığıb oyun oynamaqdır.

Hər axşam “11 tuş oynamaqdır”, Britney Spears heyranı olmaqdır, məhlələr arası davalara getməkdir, səndə olmadığı üçün qonşu uşağının velosipedinə ağlaya-ağlaya baxmaqdır, “Yeşilçam” izləməkdir, qonaq gedəndə qonaq ailənin uşağının “Tetrisi” ya da “Sega”sı ilə bir az daha çox oynamaq üçün evə gec getmək istəməkdir, son olaraq 90-larda uşaq olmaq “PES 99-da” Braziliyanı götürüb üç pasla qol vurmaqdır.

— Müharibə görməkdir, top tüfəng səsinə diksinməkdir, gecələr ailəlikcə evin pəncərə olmayan küncündə yer açıb yatmaqdır. 90-larda uşaq olmaq ananın əlindən tutub zirzəmiyə qaçmaqdır. Zirzəmilərdə ağlayan xalaları eşitməmək üçün anaya qısılıb yatmağa çalışdığın gecələrdir.

Balaca uşaq qədər ata üçün darıxmaq, böyük adam qədər nigaran qalmaqdır. İşlənmiş boş patronların oyuncaq olmasıdır. Pəncərədən baxanda tank görməkdir. 90-larda uşaq olmaq çadırda yaşamaqdır. “Yox” sözünün mənasını bilməkdir. İtirməyin əslində nə olduğunu anlamaqdır. Əslində 90-larda uşaq olmalı olanların olmayan uşaqlığıdı 90-lar.

— Uşaqlığını uşaq kimi yaşayan son nəsil olmaqdır, küçədə böyüməkdir, “starikə” gedib çörək almaq üçün əl-ələ tutmaqdır, dəftərin qırağını qırmızı qələm xətkeşlə xətləməkdir, əlin tabaşir qoxmasıdır. 

doyunca futbol oynamaqdır...
— Məhəllədə futbol oynayarkən yıxılıb dizləri qan olan, amma oynamağa davam edən, səhər tezdən isti çörək almaq üçün, 2 məhəllə aşağıya göndərilən, telefonun, internetin nə olduğunu bilməyən, qıza sevgisini onun partasının üstünə yazmaqla bildirən, bol-bol TRT-1 izləyən uşaqdır.    

— Qarışqaya işgəncə edib oynayan nəsildən uşaq olmaqdır. İndiki uşaqların qarışqa ilə işi yoxdur.

— Kirayəyə kaset götürməkdir. Radiodan kasetə mahnı yazmaqdır. Axşamın olmasını “Spokoyniy nochi malishi” ilə hesablamaqdır. “Salka” oynamaq üçün evə yığışmamaqdı.

 

— “Ruhsar” serialına baxmaqdır. Rus dilində AZTV-də “Qvadalupe” serialını izləməkdir. Yeni ildə AzTV-də mahnılara qulaq asıb, gülməli səhnələri gözləməkdir.  

— Uşaqlığı Facebookda yox, “gizlənqaç”, “11 tuş”, “yeddişüşə”, “parol-parol”, “rezinka” oynamaqla keçirməkdi. “Məhlə-məhlə” futbolda məhəllə uşaqlarının adını plakata yazıb qışqırmaqdır. Bir futbolçu seçib bütün oyunlarda onun adı ilə çağırılmaqdır. Xatirə dəftərlərinin modda olduğu ən pik nöqtədir. Atanın çəkdiyi “Astra”nın iyin hələ də xatırlamaqdır. Uzun, plastmas qabı olan, rəngli, 250 manatlıq soklarla, 250 manatlıq dondurmayla böyümək, 1 “şirvanla” bir ay kef etməkdi. “Pokemon”lar yığmaq, “Sega” oynamaq, “Tetris”i ən gözəl hədiyyə kimi qəbul etməkdir. “Kukruz”dan çıxan üzüyü xoşun gələn qıza hədiyyə verməkdir.

Rezinka oyununun suyunu cıxartmaqdı... 

— Özündən böyük qardaş və ya qohumlarının paltarları ilə böyüməyə məcbur olan bədbəxt nəsil.

— «Love is» saqqızları ilə böyümək, «polboks» saç stilinin suyunu çıxarmaq, ya Hüseyn Dərya ya da Elşad Xose fanatı olmaq.

— Axşam AZTV-də yayımlanan “Sehrli güzgü” verilişini səbirsizliklə gözləyib, veriliş qurtarandan sonra da atamız tərəfindən zorla yatmağa göndərilmək deməkdir.

Hazırladı: Rəna Nevzat 

Top