Payızdan xoşum gəlir.
Bədənləri yorğun ruhların fəslidir payız.
Payız mənim fəslimdir.
Bu fəsildə doğulmadım deyəmənimdir payız.
Buludlar da ağladığı üçün məndəndir payız.
Sakitlik çökür payızda küçələrə, sakitlik çökürdərdli qəlblərə.
Tənha,
xəstə qəlblərə.
İnsanlar öləndə payız olur həmişə.
Payızdakı yorğunluq, küskünlük bürüyür insanı
Sən adlı ağacdan bir yarpaq da düşür sevdiklərin öldükcə,
sevdiklərin getdikcə.
Nə qışı gətirib unuda bilirsən,
nə yazı qaytarıb yenidən başlamaq gəlir əlindən.
Zəif düşürsən payız kimi,
hər gün daha çox, hər gün daha artıq üşüyürsən.
Yoxluqlar dondurur ruhunu. Yağdıqca sevinirsən.
Sevinirsən ağlaya bildiyinə.
Yoxsa qəhərin dondurar səni.
İnsan payız var olduğu üçün güclüdür.
İnsan dolub- dolub boşaldıqca,
sellərini axıtdıqca yanağından aşağı ölməyə bilir,
gətirməyə bilir dərdləri ilə dərdli qışı.
Darıxıram.
Ürəyim çırpınır nəyi isə gözləyən adamlar kimi.
Gözlədiyim yoxdur ki,
payızdan savayı.
Mən bir tək payızı gözlədim,
Səni gözlədiyim kimi.
Payız gələndə yadıma düşür sənin getməyin.
Səni itirməyim,
məndə ölməyin payızda gəlir ancaq yadıma.
Payız ovudur məni, mən güldükcə gülənlərim getdi hamısı.
Bircə payız məni göz yaşlarımla tək qoymadı,ağladı mənimlə
- mənim dərdimə.
Birgə ağlayırıq payızla ,
Sənə.
Sən mənə xoşbəxtlik verdin gedişinlə.
Çünki sən gedəndən payız gəldi ömrümə.
Sevdiyim fəsillə bir ömür boyu yaşamağı bəxş etdin mənə.
Öz ömrün yazlarda, qışlarda bəlkə.
Payızın məndədir,
payızın mənimlədir.
Payızı görürəm mən hər güzgüyə baxanda.
Nəmli gözlərimdə bir qara bulud.
Saralmış bənizimdə xəzan görürəm.
Heç bir ümidim yox axrım soyuq qış.
Sənli yazlarımı uzaq görürəm.
Yox olub üzümdən gülüşüm.
Gedib həmişəlik sənli günəşim.