Ağıl və ürək(dialoq)

Ağıl və ürək(dialoq)

Ü: Yalan deyirsən!
A: Yalan deyirəm? O zaman cavab ver suallarıma.
Ü: Buyur.
A: Demək sən onu sevirsən.
Ü: Sevirəm! Sevirəm! Sevirəm!
A: Çoxmu sevirsən ?
Ü: Hər şeydən çox.
A: Onun bundan xəbəri varmı ?
Ü: Yox.
A: Sənin onunla hər hansı yaxın münasibətin varmı?
Ü: Yox.
A: Deməli onun xasiyyətinə yaxından bələd deyilsən?
Ü: Yox.
A: Yaxşı, bax onda nəyini sevirsən sən onun? Sadəcə xarici görünüşünümü?
Ü: ...
A: Susursan, çünki qəbul eləmək istəmirsən bunu, amma bu belədir. Onu sevdiyini söyləyirsən, amma yaxından tanımırsan, yəni onun müsbət və ya mənfi xüsusiyyətlərini bilmirsən. Belə çıxır ki, sən onu yox, o gözəlliyin timsalında xəyalında canlandırdığın ideal bir qızı sevirsən. Onun yerində başqa bir gözəl qız da ola bilərdi. Nə isə, davam edək. Bu sevgidən nə gözləyirsən? Məqsədin nədir?
Ü: Mən bu sevginin qarşılığında ondan heç nə gözləmirəm, onun varlığı bəsdir mənə.
A: Bax bunu isə mən qəbul eləmək istəmirəm. Demək bu sevgi deyil, sadəcə gözəlliyə olan vurğunluqdur. Sevgi - sevdiyinə qovuşmaq arzusudur, onunla birlikdə olmaq istəyidir.
Ü: Elə bilirsən mən bunu istəmirəm !?
A: Bunun üçün konkret bir addım atmısanmı ?
Ü: Yox.
A: Niyə ?
Ü: Bu mümkün deyil, məndən asılı olmayan səbəblər var.
A: Bəlkə qorxursan?
Ü: Nədən?
A: Bəlkə onun səni qəbul etməyəcəyindən? Bəlkə onun sənin xəyalında canlandırdığın kimi olmayacağından?
Ü:...
A: Yenə susursan. Nə vaxta kimi davam edəcək axı bu hisslər? Nə vaxta kimi özünü inandırdığın bu sevgidən əzab çəkəcəksən?
Ü: Nə qədər ki, sağam, Nə qədər ki, ürəyim döyünür sevəcəyəm onu.
A: İnanmıram. Ötəri hissdir bu. Gözdən uzaq olan könüldən iraq olar deyiblər. O sənin yanında deyil və əvvəl-axır unudacaqsan onu.
Ü: Yox, heç vaxt. Mən hər an onu düşünürəm. Onun xəyalı həmişə mənimlədir.
A: Boş təsəllidir. İnsan ömrü boyu xəyalla yaşaya bilməz. Sənin bu hisslərinə cavab verəcək birinə ehtiyac duyacaqsan və nə vaxtsa onun kimi gözəl, eyni zamanda səni sevən, başa düşən bir qız qarşına çıxsa unudacaqsan bu sevgini. O yalnız şirin bir xatirəyə çevriləcək sənin üçün.
Ü: İnanmıram sənə !
A: Nə qədər ki, tezdir, əl çək bu sevdadan. Boş yerə aldatma özünü, əzab vermə özünə. Sabah onu bir başqası ilə görsən bil ki, onun buna haqqı var. Bundan sonra sən daha çox əzab çəkəcəksən. Yaxşısı budur çıxart bu fikirləri başından. Necə ki, onun varlığına alışmısan, çətin də olsa yoxluğuna da alışacaqsan. Bunu da yadında saxla: Nə qədər ki, insan fanidir və fani olanı sevir, bu sevginin ömrü çox az olacaq. Əbədi olanı sevmək lazımdır!!!
Ü: ...

Ürək susdu bu sözlərin qarşısında, gülüm, nə cavab verəcəyini bilmədi. Amma ağlın dediklərini də qəbul etmədi, çünki o, sabahı düşünmür, o, bu günü yaşayır. İnsan ağlıyla hərəkət edir, amma qəlbiylə sevir. İnsan ağlının dərk etmədiyi hələ çox şey var bu dünyada. Kim nə deyirsə desin, mən səni bütün qəlbimlə sevdim, sevirəm və sevəcəyəm. Heç vaxt bitməyəcək bu sevda, heç vaxt...

Mənbə-level.az

Top