İnsanın mahiyyəti, özünü qavraması və dərk etməsi mənalarına gələn vicdan əslində insan ruhunun iradə, zehin və hisslərdən ibarət mexanizmidir.
İnsan məhz bu mexanizm vasitəsilə ağı qaradan, yaxşını pisdən ayırır, ən çətin və ziddiyyətli məqamlarda ən doğru qərarı verir. İnsan vicdanı sayəsində özünü dərk edir və Haqq yolunun yolçusuna çevrilir.
Vicdan subyektiv bir analizçidir. Ancaq bu subyektivlik ciddi əsaslara dayanır. Vicdanın səsi ilə verilən qərar ya doğru olur, yaxud da doğruya maksimum yaxınlaşır. Çünki hər kəsi aldatmaq mümkündür, ancaq vicdanı əsla.
Vicdan doğruları diktə edir. Sadəcə olaraq, onu diqqətlə dinləmək lazımdır. Onun diktəsinə riayət etdikdə insan mənən rahat olur, çünki ən doğru və inandığı qərarı verdiyinə tam səmimiyyəti ilə inanır.
Vicdan heç də hər zaman gözlə görülən, əllə tutulan faktlara əsaslanmır. O, bəzən abstrakt əsaslara söykənir. Bəzən hisslər və duyğular vicdanı qərar verməyə təhrik edir. Ancaq bu o demək deyil ki, vicdan rasional düşüncəyə önəm vermir. Təbii ki, maddi sübut və əsaslar da vicdan mexanizminin söykəndiyi faktlardandır.
Vicdan çox yaxşı müşahidəçidir. Onun diqqətindən heç nə yayınmır. O, bəzən müşahidələrinə əsaslanıb qərar verir, bəzən də təcrübələrinə. O, bütün bilgiləri və məlumatları yaddaşında mühafizə edir, yeri gəldikdə isə onlardan faydalanır.
Bu da bir həqiqətdir ki, vicdan hər zaman obyektiv qərar vermir. Onun verdiyi qərarlar arasında yanlış olanlar da ola bilər. Ancaq xüsusilə vurğulamaq lazımdır ki, vicdan bilərəkdən və qəsdən yanlış qərar vermir.
“Vicdan əzabı“ deyə bir anlayış var. Bu ifadədən tez-tez istifadə edirik. Vicdan əzabı, verilən yanlış qərardan sonra çəkilən daxili iztirabdır. O elə bir iztirabdır ki, insanı mənən yandırır, həyatını alt-üst edir. Ancaq bu da bir gerçəkdir ki, vicdan əzabını da vicdanının səsinə qulaq asanlar çəkir. Bir insanın xətaya yol verməsi, günah işləməsi tamamilə normaldır. Ancaq səhvlərini yalnız vicdanlı insan başa düşür, yalnız vicdanlı insan peşman olub, daxili əzab çəkir və bir daha səhvə yol verməmək üçün əlindən gələni edir.
Vicdan həqiqəti vasitəsiz olaraq duyur. Çünki vicdanın kökündə saflıq və paklıq durur.
İnsan bir məsələ ilə bağlı qərar verərkən əvvəla gördüyü və duyduğu faktlara əsaslanır. Ancaq belə faktlar olmadıqda, ikinci mərhələdə vicdanının duyğularına müraciət edir, onun göstərdiyi yola etibar edir.
Cəmiyyətin ən hörmətli və etibar görən üzvləri də məhz vicdanlı insanlardır. Belələri hər zaman digərlərinin etimadını qazanırlar. Çünki onlar nəfslərinə uyğun davranmırlar. Verdikləri qərarlar hansısa subyektiv maraqlara əsaslanmır.
Vicdan Haqqdan qidalanır. Günəbaxan bitkisinin günəşə doğru istiqamət götürdüyü kimi, vicdan da daima Haqqa baxır, enerjisini Ondan alır. Yetər ki, vicdanı boğub, onun səsini batırmayaq. Hazırda cəmiyyətimizdə əyər-əskikliklər varsa, o da insanların öz vicdanlarının səsinə qulaq asmamalarından qaynaqlanır.
Mənbə: Zaman qəzeti