Mütəxəssislər soyuq havalarda daha çox maye qəbul etməyin, xüsusən də bitki çaylarına üstünlük verməyin orqanizm üçün daha faydalı olduğunu vurğulayırlar.
İsti suya azca bal əlavə edib içdikdə orqanizmin immunitet sistemi güclənir.
Biyan kökü boğaz və ağciyərləri qorumaqla yanaşı, tənəffüs yollarını da təmizləyir.
Darçında antimikrobioloji xüsusiyyətli birləşmələr olduğundan zərərli bakteriyaların qarşısını almağa yardımçı olan fitokimyasal maddələr mövcuddur. Darçın ağrı, əzələ və damar sərtləşməsində də faydalıdır.
Adaçayı diş əti iltihabı, boğaz ağrısı, öskürəklə mübarizədə əvəzsizdir.
Mixək bakteriya və virusları məhv edir, diş ağrısı zamanı ağrıkəsici kimi istifadə olunur.
Bal mədə, sümük xəstəlikləri, ürək çatışmazlığı, allergiya, bronxit, qanazlığı, boğaz ağrısı problemlərində daha təsirlidir. Qəbizliyi aradan qaldırır, ürəyi gücləndirir, qan dövranını nizamlayır, yara və yanığı müalicə edir. Lakin balın faydası ilə yanaşı, zərəri də ola bilər. Daha doğrusu, şəkər xəstəliyi zamanı daha diqqətli olmaq tövsiyə olunur.
Heyvanın tərkibində protein, karbohidrat, kalsium, dəmir, fosfor, kalium, C vitamini olduğu üçün çox yararlı meyvədir. Xüsusən də C vitamini ilə zəngindir. Heyva mədə-bağırsağı gücləndirir, nazik bağırsaqdakı iltihabı aradan qaldırır, qanı təmizləyir, qaraciyərin fəaliyyətini gücləndirir, öd kisəsində daş əmələ gəlməsinin qarşısını alır, həmçinin öskürək zamanı faydalıdır. Qurudulmuş heyvanı isladıb həmin su ilə qarqara etdikdə boğazda yaranan iltihab aradan qalxır.
Tənəffüs yolu infeksiyası zamanı heyvanın çəyirdəyinin siropundan istifadə etmək lazımdır. Eyni zamanda heyvanın çəyirdəyini su və ya süddə qaynadıb, 1 desert qaşığınadək bal, bir ədəd limonun yarısının şirəsini və 1 çay qaşığı zəncəfil tozu əlavə edib içdikdə öskürəyi aradan qaldırmaq mümkündür (bu müalicəni öskürək kəsilənədək, hər gün 1 çay stəkanı içmək məsləhət görülür).
Kəklikotu öskürək zamanı, bronxit, sinə ağrıları, tənəffüs problemləri zamanı müalicəvidir. Qaynar suya üç yemək qaşığı quru kəklikotu, 1 yemək qaşığı adaçayı, 1 parça biyan kökü əlavə edib, sirop hazırlayın. Və öskürək zamanı istifadə edin.