Avstraliyada o günə qədər görünməmiş bir quraqlıq başlamışdı. Meşədə yaşayan heyvanlar susuzluqdan ölürdülər. Heyvanlar arasında su tapmaq üçün kəndlərə “üz tutanlar” da var idi. Halbuki, kəndlərdə yaşayanların vəziyyəti onlardan yaxşı deyildi. İnəklər və qoyunlar susuzluqdan zəif düşmüşdülər. Onlar da meşədəki heyvanlar kimi ölümə məhkum idilər. Kəndlilər isə əllərində qalan su ilə həm özlərini, həm də heyvanlarını xilas etməyə çalışırdılar. Ona görə də bu qiymətli sərvəti meşə heyvanları ilə “bölüşmək” niyyətində deyildilər. Hətta bəzi kəndlilər əllərində tüfəng su anbarlarının yanında keşik çəkirdilər...
Belə quraqlıq günlərindən birində əlində silah keşik çəkən bir kəndli kolluqların arasından bir səs eşitdi. Kəndli: “Bu, yəqin ki, meşədəki heyvanlardan biridir” – deyə düşündü. Asta və səssiz addımlarla səs gələn tərəfə getdi. Əlindəki tüfəng isə çoxdan atəşə hazır vəziyyətdə idi. Artıq hədəfə kifayət qədər yaxınlaşmışdı. Tüfəngini qaldırıb nişan aldı və heyvanın üzə çıxmasını gözləməyə başladı. Bir azdan kolluqların arasından kisəsində balası olan bir kenquru çıxdı. Kenqurunun susuzluğu üzündən oxunurdu. O, qəhvə rəngli gözləri ilə kəndliyə baxır və sanki bir udum su üçün yalvarırdı. Kəndli istər-istəməz əlini tətikdən çəkdi. Nə olursa-olsun, o, kenqurunu öldürə bilməzdi. Üstəlik, yanında balası da vardı. Kenquru asta addımlarla inəklər üçün qoyulan su qabının yanına getdi. Kəndli hələ də onlara baxmaqda davam edirdi. Kenquru da gözlərini kəndlidən çəkmirdi.
Nəhayət, kenquru su qabına yaxınlaşdı. Kenquru balası suyu görən kimi içməyə başladı. Balaca kenquru o qədər susamışdı ki, az qala suyun içinə düşəcəkdi. Ana kenquru isə yalvarış dolu baxışlarla kəndliyə baxmaqda davam edirdi. Kenquru balası doyunca su içib başını qaldırdı. Artıq getçək vaxtı idi və ana balası ilə birlikdə bir az əvvəl gəldikləri kolluqlara tərəf getdi. Bir azdan hər ikisi gözdən itdilər. Bütün bu baş verənlərə tamaşa edən kəndli isə tüfəngini bir kənbara qoymuş və səssizcə ağlamağa başlamışdı. Çünki ana kenquru bütün susuzluğuna baxmayaraq, bir udum da su içməmişdi. O yalvarış dolu baxışlar isə “ANCAQ VƏ ANCAQ KÖRPƏM ÜÇÜN...” demək idi...
Həmçinin bax:
Ana məhəbbəti