Azərbyacanda psixoloji fikrin təşəkkülü və inkişafı

Azərbyacanda psixoloji fikrin təşəkkülü və inkişafı

Bütün dünyada olduğu kimi, Azərbaycanda da psixoloji fikrin yaranması və inkişafını iki mərhələyə ayırmaq olar: elmə­qədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı. Əlbəttə, onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək də düzgün olmazdı. Onlar bir-birinin daxilində formalaşmış, biri digərinin inkişafına zəmin yaratmışdır.
Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox qədim­dən, eramızdan əvvəldən başlanır. O, bir tərəfdən Şərq fəlsəfi fikrindən, digər tərəfdən xalq yara­dıcılığından bəhrələn­mişdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslər­dən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər psixoloji fikrə öz təsirini göstərmişdir.
Azərbaycanda psixoloji fikrin, psixologiya elminin tarixinin araşdı­rıl­masını dünya psixologiya elminin inkişafı kontekstindən ayır­mamağı lazım bildik.
Professorlar Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki psixologiyanı eyni zamanda «güzəran psixologiyası» adlan­dırırlar. Onlar yazırlar: «Güzəran psixolo­giyasına aid biliklərin mənbəyini ictimai və şəxsi təcrübə təşkil edir. Hələ qədim zamanlardan başlayaraq bu biliklər nəsildən-nəslə verilmiş müxtəlif obrazlı ifadələrdə, atalar sözlərində, bayatılarda, nağıllarda, dastanlarda və s.-də özünün əksini tapmışdır. Bizim hər birimiz bu bilikləri ətraf adamlardan, eləcə də şifahi xalq ədəbiyyatı vasitəsilə mənimsəyirik. İnsanın şəxsi təcrübəsində həmin biliklər daha da dəqiqləşir, yeni məna çalarları kəsb edir».
Onlar daha sonra yazırlar: «Güzəran psixologiyasına aid olan biliklərdə biz hətta müasir psixologiya üçün maraqlı olan müəyyən faktlara rast gəlirik. Lakin onların hamısı üçün bir cəhət səciyyəvidir – güzəran psixologiyasında faktlar ardıcıl şəkildə izah edilmir, sübut olunmur».
İnsanlar lap qədimlərdən qarşılıqlı münasibətlərdə olduq­ları, ünsiyyətə girdikləri insanları öyrənməyə, anlamağa, dərk etməyə çalışmış, bunun üçün müşahidələr aparmışlar. Tədricən toplanan biliklər ümumiləşdirilmiş, dildən-dilə, ağızdan-ağıza keçərək ümuminin, hamının qəbul etdiyi fikirlər olmuşdur. Bunlar bayatılar, nağıllar, atalar sözləri, nəğ­mələr, laylalar, mif­lər, əfsanələr və s. şəklində, lakonik dillə çatdırılmışdır. Demək olar ki, elmi psixologiyanın tədqiq etdiyi sahələr içərisində elə bir problem yoxdur ki, xalq yaradıcılığında da ondan bəhs olunmasın, münasibət bildirilməsin.
Xalq yaradıcılığında xalqın düşüncə və davranış tərzi, ayrı-ayrı dövrlərdə baş verən hadisələrə münasibəti öz əksini bariz şəkildə tapır. Yəni hadisələrə münasibət, onun təhlili, ümid və istəklər bu yaradıcılığın əsasını təşkil edir.
Psixoloji fikrin yaranması və inşasının digər bir isti­qa­məti isə yazılı ədəbiyyat, filosof və yazıçıların, şairlərin yara­dıcı­lığıdır. Bu mənada «Kitabi-Dədə Qorqud» dastanı, S.Şirazi, Nizami, N.Tusi, Nəsimi, Füzuli, M.F.Axundov, Sabir, C.Məm­məd­quluzadə və digər mütəfəkkirlərin yaradıcılığı Azərbaycan psixoloji fikrinin yaranması, inkişafı və formalaşmasında əhəmiyyətli rol oynamışdır. Onların yaradıcılıığı bir tərəfdən xalqın təfəkkür tərzinin inkişafına təkan vermiş, digər tərəfdən bu əsərlərin özündə həyat reallıqları əksini tapmışdır. Yəni Azərbaycan xalqının keçdiyi inkişaf yolunun mərhələlərini müəyyənləşdirməkdə bu əsərlər gözəl bir mənbədir.
Professor Ə.S.Bayramov yazır: «Hər bir xalq və ya etnos özünü düzgün dərk edib qiymətləndirmək və tərəqqiyə nail olmaq üçün yalnız özünün sosial-iqtisadi tarixi keçmişinə deyil, həm də öz psixoloji keçmişinə dərindən bələd olmalıdır».
Azərbaycan xalqının islam dininin Azərbaycana gəlişinə qədərki həyat, məişət və təfəkkür tərzi şifahi xalq ədəbiy­yatın­da və «Kitabi-Dədə Qorqud» dastanında çox bariz şəkildə öz əksini tapmışdır.
Dastanda totemizmin, şamanizmin, çoxallahlığın xeyli açıq və gizli əlamətləri vardır. Əsərdə Basatı aslan bəsləyir və eyni zamanda Basat deyir: «Anam adın sorar olsan Qaba Ağac, atam adın deyirsən Qocan Aslan, mənim adım sorarsan Aruz oğlu Basat».
Dastan belə başlayır: «Xanım hey!»
Belə bir başlanğıc, «hey» nidadır, niskildir, çağırışdır. Əl çatmayan, ötüb keçmiş, yanğı yaradan bir hissdir. Daxilin, genin, idrakın uyuşmadığı bir mühitə düşərək xiffəti, fəryadıdır.
Tarixçi Gizo yazırdı: «Elə ki, xalqların arxasında uzun və şərəfli tarix durdu, onlar nə qədər çalışsalar da, bu keçmişdən ayrıla bilməyəcəklər. Onlar hətta bu keçmişi məhv etməyə çalışdıqları zaman belə onun təsiri altında olacaqlar».

Qədim türklər islamdan qabaq çoxallahlı idilər. Onlar öz qılınclarına and içir, suyla xəbərləşir, qurd üzü mübarəkdir deyirdilər.
Deməli, xalqın etnogeni ilə mühiti arasında uyğunluq olduqda xalq inkişaf edir. Onların arasında ziddiyyət olduqda isə mənəviyyatda, əxlaqda deformasiya baş verir. Bəzən xalqın etnogeninə, düşüncə tərzinə yad, yabançı olanı ona doğru, düzgün kimi təqdim edir, inandırmağa çalışırlar.
Psixoloji fikrin inkişaf mərhələlərinin müəyyənləşdiril­mə­sində şifahi xalq ədəbiyyatının, klassiklərimizin yaratdıqları əvəz­siz xəzinədir.
«Kitabi-Dədə Qorqud»da başlıca ideyalardan biri əsa­rət­dən, mütilikdən, kökünə, soyuna dönük çıxmaqdan ölümün üs­tün tutulmasıdır. Etibar, inam, sədaqət, ləyaqət aparıcı xətlərdən birini təşkil edir. Beyrəyin nişanlısı yalnız onun dirisinə yox, ölü­sünə də sadiq qalacağını bildirir: «Erkək sinəyi (milçəyi) üzə­rimə qondurmam», - deyir.
Dastanda ən çox diqqəti cəlb edən azadlıq, azad fikir, qadın və kişi bərabərliyi, qadının uca, yüksək tutulmasıdır. Qanlı Qoca oğlu Qanturalı evləndirmək istəyir və ondan nə sayaq qız itsədiyini soruşur. Qantural deyir: «Baba, mən yerimdən dur­madan ol durmuş ola, mən qanlı kafər əlinə varmadan ol varmış, mənə baş gətirmiş ola».
Mərdlik, məğrurluq, qeyrət eynilə qıza, qadına da xas olub. Ərləriylə, sevgililəriylə bir meydanda döyüşən qadınlar eyni zamanda onların qürurunu sındırmamağa, kişilərin yanında qürrələnməməyə çalışıblar: «Öyünərsə ər öyünsün – aslandı. Öyünməklik övrətlərə böhtandır. Öyünməklə övrət ər olmaz», - deyiblər.
Dədə Qorqud dünyasının əxlaq qaydaları, mərdlik, ləya­qət, şərəf, nəciblik anlayışları azərbaycanlı psixologiyasının, xa­rak­terinin təməlidir. Zaman-zaman dəyişən, zənginləşən, bəzi­ləri itib-batan, bir çox keyfiyyətləri deformasiyaya uğrayan azər­baycanlı psixologiyasının etnogeni, nüvəsi Dədə Qorqud döv­ründə təşəkkül tapmış, formalaşmışdır.
Dədə Qorqud fəlsəfəsi bəşəridir, ölməzdir, insanı saflaş­dıran­dır. «Hanı dediyim bəy ərənlər? Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli, gedimli dünya. Son ucu ölümlü dünya».

Azərbaycanda psixoloji fikrin birinci mərhələsi eramız­dan əvvəl başlayıb, islam dininin Azərbaycana gəlişiylə başa ça­tır. Lakin ikinci dövr asanlıqla, birdən-birə yaranmadı. Neçə əsr­lər boyu paralel yaşadı. Elə bugünkü günümüzdə də bu para­lelliyin bir çox cəhətləri davam edir, yaşayır: adət-ənənə­ləri­mizdə, andımızda, xarakterimizdə.
«İslamiyyətdə milli mənsubiyyət yoxdur» şüarı ilə Azəbaycan dünyasına daxil olan islam dini millətlərin, xalqların müxtəlifliyini, özünəməxsusluğunu, milli simasını dini biliklərlə əvəz etməyə çalışdı. Bu isə təfəkkürdə, düşüncədə inam və əqidədə yeniləşmə demək idi.
İslam dini təkcə qılıncla yox, siyasətlə, ideologiya ilə, şüurlara təsirlə, inandırma yolu ilə yayıldı. Bu yayılma müəyyən müddət türk dilinin sıxışdırılması, fars və ərəb dilinin yayılması idi. Yalnız XV-XVI əsrlərdən başlayaraq yenidən türk dili ədəbiyyata, mədəniyyətə qayıtmağa başladı. Xətai, Füzuli kimi böyük şairlər yetişdi. Aşıq şeri inkişaf etdi. Bu, xalqın təfəkkürünün, oyanışının, şüurunun yeni dövrü idi. Xalq fars, ərəb təsirindən qurtulub, kökünə qayıtmaq istəyirdi. Bu, yeni qayıdış idi. Artıq bu dövrdə qədim türklərdəki adət-ənənələr, qadın sərbəstliyi, inamlar dəyişmişdi. Əgər islam dini ərəblərə inkişaf, qadın hüququ, cəhalətdən qurtarmaq imkanı vermişdisə, qədim türklərin bir çox sərbəstliyi, azadlığı buxovlanmışdı.
İslam dininin Azərbaycana gəlişi ilə burada ərəb, fars, türk və digər etnos və xalqların dünyagörüşü, mədəniyyəti, adət-ənənələrinin sintezindən yeni mədəniyyət, yeni təfəkkür yaranmağa başladı. Farsların ədəbiyyatı, ərəblərin fəlsəfəsi, türklərin ictimai-siyasi, sosial-iqtisadi təfək­kü­rün­dən, adət-ənənələrindən yeni dünyagörüşü yarandı.
Şəxsiyyətin formalaşmasında orta əsrlərdən başlayaraq tərbiyə ön plana keçdi. Şair, filosof, mütəfəkkirlərin əsərlərində nəsi­hətçilik əsas yer tutdu. Mənəviyyat məsələləri önə keçdi. Yalnız mənəviyyat, maddidən imtina çağırışları öz təsirini göstərdi. Maddiliyin ikinci olması maddiyə maraq və tələbatı artırdı. Lakin bu, aşkar deyil, gizli mahiyyət daşıdı. Ona görə də deyilirdi: «Vaiz özü lüm-lüm udur batində, ancaq zahirdə dediyi mənaya bir bax».
Bu mənada məşhur hind filosofu Vivekananda gözəl de­yib: «Şərqin heyrətamiz ruhi nailiyyətlərini Qərbin eyni də­rə­cədə heyrətamiz maddi nailiyyətləri ilə bölüşdürmək lazımdır».
Müxtəlif dövrləri, ictimai tarixi şəraiti öyrənən əksər təd­qi­qatçılar konkret tarixi şəraitdə yaşayan insanların dün­ya­gö­rü­şü, şəxsiyyəti və mənəviyyatını tədqiq edərkən həmin dövrün insanlarının psixologiyasının öyrənilməsini vacib şərt kimi irəli sürmüşlər. Belə yanaşmanın səmərə­liliyi bir də ondadır ki, hər bir konkret dövr həyat tərzi, mənəvi dəyərləri baxımından bən­zərsiz, təkrarolunmazdır. Bütün bunlar isə insana özünün təsirini göstərir, ictimai-tarixi şəraitə uy­ğun şəxsiyyətlər formalaşdırır.
Məlumdur ki, qədim dövrün insanlarının daxili dünyası, xarakteri, maraqları, tələbatı orta əsrlərin və müasir döv­rün adamlarından fərqli olmuşdur.
Əlbəttə, biz bu fərqləri heç də bütləşdirmək istəmirik. Bu fikri qəbul edirik ki, adət-ənənə, tarixi və mədəni nailiyyətlər nəsildən-nəslə keçərək eyni millətə, xalqa, coğrafi məkana məx­sus insanlarda əsrlər boyu davam edən oxşar xarakterli, dünya­görüşlü, uyğun psixoloji tipli şəxsiyyətlər də for­ma­laş­dırır.
Nizami, Xəqani, Nəsimi, Füzuli və digər mütəfək­kir­lərin yaradıcılığında həm qədim türk, həm də islam dəyərləri bir tərəfdən qovuşmuş, vəhdətdə götürülmüş, digər tərəfdən zid­diyət təşkil etmişdir.
Nizami şeyxdir, islamın tədqiqatçısıdır. Əsərlərini fars di­lin­də yazıb. Amma mənşəcə, xaraktercə türkdür. O, əsərlə­rində 350-dən artıq türk adı işlədib. Türkə xas olan keyfiyyətləri onun kimi dəqiq heç kim göstərə bilməyib. O, türkçülüyün əsl təbliğatçısı olub, bütün yaxşı keyfiyətləri onun adı ilə bağlayıb. Lakin onun özü də etiraf edir ki, bir çox hallarda nə qədər axtarsa da, müəyyən qənaətə gəlməkdə çətinlik çəkib:
Nə qədər oraya at çapsam da mən,
Bir xəbər gətirmək gəlmir əlimdən.
deyir.
Professor Ə.S.Bayramov yazır: «Nəsiminin təbliğ et­diyi fi­kir və mülahizələr, görüşlər isə o dövrün hakim islam dini ide­ya­larının tamamilə əksinə olmuşdur. Buna görə də onun şerlə­ri­ni oxuyanlar belə ölüm təhlükəsinə məruz qalmışlar».

Orta əsrlərdə, o cümlədən 1613-cü ildə Şah Abbasın (1587-1629) Osmanlılara qalib gəlməsindən sonra Qafqazdan İrana xeyli əhali köçürüldü. Təbrizdən xeyli əhali İsfahana gətirildi. Belə yerdəyişmələr, təbii ki, o dövrün adamlarının dün­yagörüşünə təsir edir, adət-ənənələri dəyişdirirdi.
Orta əsrləri Şərqin intibah dövrü də adlandırırlar. Bu dövr­də Bağdadda, Dəməşqdə, Qahirədə və digər şəhərlərdə yeni-yeni elm ocaqları yaradıldı. Elmin müxtəlif sahələrində nailiy­yətlər qazanıldı, görkəmli şəxsiyyətlər yetişdi.
Bu dövrdə ərəb və fars dili, adət-ənənəsi yuxarı dairə­lər­də, ədəbiyyatda geniş yayılsa da, sadə xalq arasında türk dili, türk ənənəsi qorunub saxlanılırdı. Azərbaycan xalqının psixo­lo­giyası da məhz bu zəmində formalaşırdı.
XVIII əsrin sonları – XIX əsrin əvvəllərində belə mürək­kəb­lik, ziddiyyət, dolaşıqlıq azmış kimi, dini, düşüncəsi, həyat tərzi tamamilə fərqli olan ruslar Azərbaycana daxil olur. Psixo­loji fikrin ikinci mərhələsi başa çatır, üçüncü mərhələ başlayır. Formalaşmış bir çox keyfiyyətlər, xüsusiyyətlər dəyişir. Yeni tip məktəblər açılır. Bir çox mütəfəkkirlər yeni mü­hitin yaratdığı adamlar oldu. Formalaşmış xüsusiyyətlərlə ye­ni arasındakı ziddiyyət tədricən yeninin yayılması, güclənməsi ilə nəticələndi.
XIX əsrin sonlarına doğru Azərbaycanda maarif, mədə­niyyət inkişaf edir, ziyalılar nəsli yetişirdi. Çar Rusiyasından Azərbaycana sürgünlər edilir, vəzifə borcu ilə bağlı çinovniklər gəlir, digər tərəfdən Rusiyada təhsil alanlar, qulluq edənlərin sayı artırdı. A.Bakıxanov, M.F.Axundov, N.Və­zirov, H.Zərdabi və başqaları elmə, mədəniyyətə, dövrə, zamana uyğun, əvvəl­kilərdən fərqli, həm də köhnəliyi, fanatizmi tənqid edən əsərlər yaratmaqla bərabər milli, bəşəri hisslərin formalaşması üçün əllərindən gələni edirdilər.
M.F.Axundovun 1850-1855-ci illər arasında yazdığı pyes­lər nəinki Azərbaycanda, bütövlükdə Şərqdə yeni bir hadisə idi. Orta əsrlərdə qəzəl janrı necə məşhur idisə, geniş yayılmışdısa, Axundovdan sonra dram janrları da XIX əsrin ikinci yarısında eləcə geniş yayılmışdı, xalqın maariflənməsində əvəzsiz rol oynamışdı.
XIX əsrin ikinci yarısında - 1875-ci ildə «Əkinçi» qəze­tinin nəşrinə başlanması böyük, əhəmiyyətli hadisə idi. Bu qəzet Azərbaycanda maarifin, mədəniyyətin, elmin inkişafında önəmli yer tutur. Qəzetin yaradıcısı Həsən bəy Zərdabi nəinki həmin dövrün, eləcə də sonrakı dövrlərin, bundan sonrakı zamanın ən böyük maarifçisi, ziyalısı olaraq qalacaq.
Bu dövrdə diqqəti cəlb edən digər bir məsələ isə teatr tama­­şa­larının göstərilməsi ilə bağlıdır. Oxumağı, yazmağı bacar­mayan xalq məhz bu tamaşalar vasitəsilə öz hüquq və azadlıq­larını başa düşür, tədricən onun uğrunda mubarizəyə hazır­laşır­dılar.
Azərbaycanda neft sənayesinin sürətli inkişafı da psixoloji fikrin inkişafına öz təsirini göstərirdi. Bakı Şərqlə Qərbin, şərq mə­dəniyyəti ilə qərb mədəniyyətinin qovuş­duğu mərkəzə çev­rilirdi. Bura həm Şərqdən, həm Rusiyadan, həm də Avropadan in­sanlar gəlir, iş qurur, işləyir, yaşayır, şəhəri zəngin­ləşdirir­dilər.
Bir tərəfdən sənayenin tələbatını ödəyən işçilərin hazır­lan­ması üçün məktəblər açılır, təhsil almaq üçün başqa ölkələrə tələbələr göndərilir, mətbuat yaranır, digər tərəfdən qadın hüquqları, şəxsiyyət azadlıqları tapdanırdı. Ona görə də Azər­baycanda maarifçilik hərəkatı genişlənməyə başladı. Bir tərəfdə xalqın inkişafını həyat tərzinin kəskin şəkildə dəyişməsində görənlər, cəhaləti, avamlığı tənqid edənlər, digər tərəfdə isə təkamülü, tədrici inkişafı, maariflənməni çıxış yolu kimi görən­lər, bu yolda çalışanlar meydana gəldi.
Elə buna görə də XX əsrin əvvəllərini Azərbaycanın yeni bir intibah dövrü hesab edirlər. Məhz bu dövrdə çoxsaylı mətbuat orqanı, Şərqdə ilk teatr, opera sənəti yarandı. Xalqın həyat tərzi, düşüncə və təfəkküründə, adət-ənənə­lərində böyük dəyişiklik baş verdi.
XIX əsrin sonuna yaxın köhnəlik tədricən özünün süqu­tuna yaxınlaşdı. Məişətdən tutmuş həyat və fəaliyyətin bütün sahələrində əvvəlki davranış formaları nadanlıq hesab edil­mə­yə, tifaqlar dağılmağa, münasibətlər başqa şəkil almağa başladı, adət-ənənələr dəyişdi. Hacı həsən ağalar, şeyx nəsrul­lah­lar, xu­dayar bəylər, məşədi ibadlar sırasından fəxrəddinlər, kefli is­gən­dərlər, şamxallar ayrılmağa başladılar. İsmayıl Şıxlının «Dəli Kür» əsərində bu dövrün bütün çalarları, ziddiyyətləri əks olunub. Məhz bu dövrdən başlayaraq özündə qədim türklərin qanını, mərdliyini, kişiliyini daşıyan cahandar ağaların da məhvi başladı.
Böyük Oktyabrın qələbəsindən sonra SSRİ adlanan mə­kan­da bir sistem yarandı. «Öyünərsə, ər öyünsün, aslandı, öyün­mək qadınlara böhtandı» deyən qədim türk qadınlarını sevillər, al­mazlar, həyatlar əvəz etdi. Bu, Azərbaycanda psixoloji fikrin dördüncü mərhələsi idi. Doğrudur, beyrəklər, qaraca çobanlar da balaşlarla, məmmədəlilərlə əvəz olunmuşdu.
Elə buradaca qeyd etmək istərdik ki, görkəmli dramaturq Cəfər Cabbarlı bu dəyişikliyi dahiyanə bir şəkildə təsvir et­mişdi. Baş verən dəyişiklikdə nəyin yaxşı, nəyin pis olduğunu söy­ləmək də çətindir. Banıçiçək də, Burla xatun da, Selcan xatun da azaddır, sərbəstdir. Almaz da, Həyat da, Şərəbanı da azaddır, sərbəstdir. Lakin bu, tamamilə bir-birinə yad, fərqli azadlıqlardır.
Beləliklə, yeni insanlar, yeni həyat, yeni düşüncə tərzi yarandı. Yeniləşə bilməyənlər məhv oldu, həbs edildi. Elə bu səbəbdən də 50-ci illərdən sonra həyatın bütün sahələrində öz sözü olmayan, laqeyd insanların sayı artdı. Hətta elçi gedəndə də, qız istəyəndə də, işə götürəndə də belə dedilər: «Üzüyola, sakit, quzu kimidir».
Əlbəttə, sovet sistemi yalnız  mənfiliklərdən ibarət deyil. Ölkədə savadsızlıq kütləvi şəkildə ləğv edildi, savadsız insan qalmadı. Məktəblər, xəstəxanalar, klublar, kitabxanalar açıldı. Elm və təhsil sürətlə inkişaf etməyə başladı.
Milli Konservatoriya fəaliyyətə başladı. Q.Qarayev, C.Ha­cı­yev, F.Əmirov, S.Hacıbəyov, A.Məlikov, T.Quliyev və digər dünya şöhrətli bəstəkarlarımız yetişdi. Niyazi kimi dünyanın ən tanın­mış dirijorlarından biri yaşadı, yaratdı. M.Abdullayev, S.Bəhlulzadə, T.Nərimanbəyov və digər rəssamlarımız fəaliy­yət göstərdi. Kino sənəti yarandı və inkişaf etdi. Üzeyir Hacı­bəyov-, Müslüm Moqamayev dünya şöhrətli əsərləri yaratmaqda davam etdilər. Yeni şair və yazaçılar, dramaturqlar: S.Vurğun, S.Rüstəm, M.İbrahimov, S.Rə­hi­mov, İ.Əfəndiyev, S.Rəhman, R.Rza, M.Hüseyn və onlarla digərləri yazıb yaratdılar.
Onlarla teatr fəaliyyət göstərdi. Elmlər Akademiyası yara­dıldı. Ölkə başdanbaşa elektrikləşdirildi və s.
Bütün bunlar məhz sovet hakimiyyəti illərində Azərbay­canın, Azərbaycan xalqının böyük, tarixi uğurları idi.
XX əsrin sonlarında – 1991-ci ildə SSRİ dağıldı. Yeni müs­­tə­­qil dövlətlər yarandı. Azərbaycan xalqı da əsrlər boyu arzu­­la­dığı, uğrunda mübarizə apardığı müstəqilliyi 1991-ci il oktyabr ayının 18-də elan etdi. Bununla da ölkəmizin, xalqı­mı­zın həyatında yeni bir mərhələ – müstəqillik, suverenlik mər­hə­ləsi başladı.

Azərbaycanda psixoloji fikrin beşinci mərhələsi də bu illər­dən başlanır. Müstəqillik sevinc və arzuların reallaşmasıdır. La­kin bu sevinc digər tərəfdən də qəm-kədər, ümidsizlik, çaş­qın­lıqla birlikdə gəldi. Torpaqlarımızın bir hissəsini müvəqqəti də olsa itirdik. Bir milyona yaxın qaçqın və köçkünümüz var. Qaç­qın və köçkün düşdüyümüz torpaqlarla yanaşı o yerlərin mə­də­niyyət abidələrini də itirdik. O yerlərdə yaşayan insanların özü­nəməxsus adət-ənənələri, həyata baxışları, həyat tərzi də deformasiyaya uğradı.
İdeoloji, iqtisadi sistem dəyişdi. İnsanlar həyat və dü­şün­cə tərzini dəyişməli oldu. Ümumi mülkiyyəti xüsusi mülkiyyət, ümu­mi bərabərliyi, sosial bərabərsizlik əvəz etdi. Varlılar və kasıblar təbəqəsi yarandı. Bir tərəfdən keçmişimizə, soykö­kü­müzə qayıdış, digər tərəfdən müasirləşmə, Qərbə inteqrasiya etməyin zəruriliyi səsləndi.
Yeni dövrün psixologiyası yaranmağa, inkişaf etməyə başlayıb. Onun necəliyinin qiymətləndirilməsinə isə zaman, vaxt lazımdır. Keçid dövrü öz insanlarını, düşüncə və həyat tərzini yaradır. Yəqin ki, vaxtilə Amerika Prezidentlərindən birinin – A.Linkolnun dediyi sözlər bizə də aiddir. O demişdir: «Soruşma ki, Amerika sənin üçün nə edib, soruş ki, sən Amerika üçün nə etmisən?».
Bir də yeni dövrdə hər birimizin iş və əməlində, sözündə türk şairi Tofiq Fikrətin dediyi bu sözlər olmalıdır:

Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq! Yaşa ey sevgili millət, yaşa, var ol!

Top