Mənə elə gəlir ki, əksər kayzençilər eyni zamanda da möhtəşəm kitab qurdlarıdı. Olmama ehtimalı çox azdı, çünki kitabların içində üzməyi sevməyən, hər kitabı bitirdiyində səbəbsiz xoşbəxtlik yaşamayan, oxuduğu əsərə görə bəzən günlərcə susqun ola bilməyən kayzençi məncə az ola. Əlbəttə Kayzendə hər gün kiçik topiklərlə yeni məlumat qazanırıqsa, yeni kitabla yeni bir dünya kəşf etmiş oluruq.
Amma sizdə də yəqin eyni hal olur, insan hamının bildiyi, hamının oxumuş olduğu, haqqında yüzlərcə insanın fikir söylədiyi əsərlərdənsə təsadüfən ya kitab mağazasında gəzinərkən, ya internetdə tapdığı kitabları daha çox sevir. Yalnız sənə məxsusmuş kimi, şablonlardan uzaqlaşmış kimi hiss edir insan özünü. Əlbəttə klassikləri, dünyaca məşhur əsərləri oxumaq vacibdi, fəqət eyni kitablara bağlı qalmaq da doğru deyil məncə. Sırf o məşhur kitablara hədsiz önəm verildiyindən kitab mağazası rəflərində kəşf edilməyən yüzlərlə kitab var.
Əminəm ki, hər birinizin oxumuş olduğu elə bir əsər var. Bəlkə bir-birimizlə paylaşaq həmin əsərləri? Mən oxuduğum, lakin çox da tanınmayan və sizlərin də oxumanızı istədiyim bəzi kitabları yazmaq niyyətindəyəm və ümidvaram ki, siz də şərhlərdə mənə öz oxuma tövsiyələrinizi verəcəksiniz (əsas da bir-iki user var onlar).
1. Nikos Kazancakis — Zorba.
Həyat eşqi aşılayan bir kitab. Oxuduqdan sonra insanın psixikasında dərin iz buraxmağı bacarır və dəyişmək arzusuyla alışıb yanırsan. Gündəlik həyatda nə qədər mənasız şeylərə vaxt xərclədiyini, əsl həyatın bu olmadığını əminliklə görürsən. Azərbaycanca tərcümə edilməyib deyəsən bu kitab, türkcə tərcüməsi çox gözəl idi.
2. İvan Qonçarov — Adi əhvalat
Həqiqətən də çox möhtəşəm ad seçimidi, tam mətnə uyğun. Amma səbəbini bilmirəm (bəlkə də yeniyetməlik çağımda oxumuşdum deyə) bu əsər məni olduqca təsiri altına aldı.
3. Viktor Hüqo — Edam məhkumunun son günü
Nə Səfillər, Nə Paris Notr-Dam kilsəsi nə də digərləri. Təkcə bu kiçik əsəri oxumaqla Hüqonu sevmək mümkündür. Hətta oxuduqdan sonra mənə nədənsə elə gəldi ki, bu əsər Kamyunun «Yad»ına da təsirsiz ötüşməyib.
4. Fyodor Dostoyevski — Bəyaz gecələr Qısa ama kitabı yerə qoyduqdan sonra nə hiss keçirəcəyimi bilmədiyim, dəqqiqələrcə hadisə haqda düşünüb doğru qərar verməyə çalışdığım əsər idi.
5. Və sizə ümümən
Per Lagerkvistin və
Henrix Böllün əsərlərinə dalmağı məsləhət görərdim.