Bir cəmiyyət düşünün bütün kitablar yandırılsın, hətta onları evdə saxlamaq belə cinayət sayılsın. «Yanğınsöndürən»lərin peşəsi kitab yandırmaq olsun. Mənəvi dəyərlər, hisslərə qapılmaq, düşünmək lazımsız hesab edilsin. Ətraf robotlaşmış «insan»larla əhatələnsin.
Tam təsəvvür edə bilmədinizsə, Rey Bredberi sizə kömək edər.
«Faranheyt 451» Rey Bredberinin 1953-cü ildə nəşr edilmiş romanı. Adı ilə oxucuda maraq yaradan əsərlərdəndi. Əsərə ad seçməkdə də ustalıq çox vacibdi. Bredberidə bu əla alınıb.
Nədi 451 dərəcə faranheyt?
451 dərəcə faranheyt — bu, kağızın alışdığı və yanmağa başladığı temperaturdu. Yanan kağızlarsa, sadəcə kağız deyil, məhv olan fikirlərdi. Məhv olan düşüncələrdi. Düşünən insanlığın külləri. Mühakimə edən insanların son nəfəsi. Robotlaşmanın təməli…
Qay Monteq on ilini kitab yandırmağa həsr edən «yanğınsöndürən». Sadəcə yandırır, mühakimə etmir. Ta ki… bir gün işdən evə qayıdarkən qarşısına çıxan 17 yaşlı gənc qızla etdiyi söhbətə qədər. Bu qısa söhbət Monteqin bütün düşüncələrini alt-üst edir və onun bugünə qədərki doğruları və yalnışları yerini dəyişir. Monteq yaşadığı həyatı, həyat yoldaşını, işini mühakimə etməyə başlayır.
Və özünün böyük bir boşluğun içində boğulduğunu görür. Xilas olaraq ilk addımı yandırdığı kitablardan oğurlayıb oxumağa başlamaq olur. Bundan sonra roman Monteqin mübarizəsi istiqamətində çox maraqlı şəkildə davam edir. Oxuyun, siz də Monteqlə bu mübarizəyə qoşulun.
Bir əsər haqqında minimum məlumatla oxumağa başlamaq xoşbəxtlikdi. Bu xoşbəxtliyi əlinizdən almağa haqqım yoxdu. Maraqlı roman, gözəl tərcümə, düşünməyi sevənlər üçün əvəzolunmaz əsər. Bitməsini istəməyəcəyiniz roman...
P.S: Əsər əsasında film də çəlilib. Amma filmi izləmədiyimçün o haqda heç nə deyə bilmərəm.
Əsərdən seçmə misralar: Necə də inanılmazdır. Sən öz işığının əksini görə bildiyin neçə adam tanıyırsan? İnsanlar daha çox...- o, bənzətmə üçün söz axtardı və peşəsinə uyğyn birini tapdı- məşəllərə bənzəyirlər, onlar ta ki, biri gəlib onları söndürməyincə bütün gecəni yanıq halda qalırlar. Necə də nadir hallarda başqasının simasında sən öz simanın, ən gizli düşüncə və arzularının əksini görə bilirsən!
Nəticədə, indi bir dəfəlik istifadə əsridir. İnsan indiki zəmanədə kağız salfet kimidir: onunla burunlarını silirlər, əzirlər, atırlar. Sonra yenisini götürülər və yenə də burunlarını silirlər, əzirlər, atırlar...
Siz gərək həmişə bir dəfə də olsun hər şeyin nə daddığını, necə olduğunu yoxlayasınız.
Ona elə gəlmişdi ki, əgər arvadı ölsə, o ağlaya bilməyəcək. Bu ona bir yad adamın ölümü kimi təsir edəcək. Və qəflətən bu hiss ona o qədər yalnış gəldi ki, ağlamağa başladı. Arvadının ölümü düşüncəsinə görə yox, bu ölümə ağlaya bilməyəcəyinə görə ağlayırdı.
Kütləviləşən hər şey sadələşir.
O, şeylərin necə düzəldiyini deyil, niyə düzəldiyini öyrənmək istəyirdi. Bu isə təhlükəli haldır. Siz «niyə?» sualını verməyə başlasanız və vaxtında dayanmağı bacarmasanız, bu sizi çox pis nəticələrə gətirib çıxara bilər.
İnsanların beynini lazımsız rəqəmlər, lazımsız faktlarla doldururn. Onlar bir müddət sonra bundan bezəcəklər, lakin eybi yox, əvəzində onlara elə gələcək ki, onlar çox savadlıdırlar, Onlara elə gələcək ki, onlar düşünürlər, irəliyə doğru hərəkət edirlər. Lakin əslində, onlar elə yerlərində də sayacaqlar. Özlərini xoşbəxt hiss edəcəklər, çünki öyrəndikləri faktlar dəyişilməzdir, sabitdir.
Kitablar bizim unutmağa qorxduğumuz şeyləri saxladığımız xəzinələrdən yalnız biridir. Onlarda möcüzəli, sehrli heç bir şey yoxdur. Sehr kitabların dediklərində, onların danışa bilmə bacarığındadır.
Bir səhifədə nə qədər çox məsamə, həyatın fərqli tərəflərinin həqiqi təsvirlərini tapa bilsəniz, deməli siz bir o qədər də «bədii»siniz.
Ölməkdə olan adamın vəziyyətinin də bəzi üstünlükləri var. Sənin daha itirməyə heç nəyin olmadıqda istədiyin riski edə bilərsən.
Nəsə yaratmayan insanlar, yandırmalıdırlar. Bu tarix qədər yaşlı qaydadır. Azyaşlı canilərin məntiqi.
Əgər siz öz cahilliyinizi gizlətsəniz, heç kim buna görə sizi qınamayacaq və siz heç vaxt düzəlməyəcəksiniz.
Sözlər yarpaqlar kimidir, onların çox olduğu yerdə meyvə nadir hallarda tapılır.
Hətta şeytan da öz məqsədinə çatmaq üçün müqəddəs yazılara istinad edə bilər.
Nəhənglərin çiyninə dırmaşmış cırtdan ondan daha uzaq yerləri görür.