«Taun» əsərinin müəllifini bilməsəniz belə elə ilk cümlələrindən anlayacaqsınız ki, bu əsər məhz Alber Kamyunun qələminin məhsuludur. Digər əsərlərində olduğu kimi bu əsərdə də yazıçı öz yazı dilinin sadəliyindən və anlaşıqlılığından üz döndərməmiş və bütün obrazlarına bir az özünü qatmışdır. Əsər boyu oxucu olduqca rahat irəliləyir və digər mürəkkəb dilli əsərlərdə olduğu kimi eyni yeri iki dəfə oxumaq məcburiyyətində qalmır. Obrazlar da olduqca təbii və inanılacaq tiplərdir. «Taun» əsəri məzmunca sadə görünsə də dialoqlar zamanı olduqca yüksək anlam kəsb edən cümlələr insanı düşünməyə vadar edir. Əsəri tez bir zamanda oxudum və bəzi yerlərini sizinlə paylaşmaq istərdim. Oxumağa dəyər!
" Siçovul əhvalatı vaxtı dil boğaza qoymayan mətbuat indi susmuşdu. Çünki siçovullar küçədə qırılırdı, adamlar isə evlərdə ölürlər."
" Bir dəfə ona dedim ki, adamlardan ayrı düşməmək üçün ən düzgün yol düzgünlükdür. O isə acıqla mənə baxıb dedi: İş buna qalsa heç kəs birgə olmaz. Bəli, mən belə bilirəm. Adamları birləşdirmək üçün onlara taun xəstəliyi göndərmək lazımdır. Ətrafınıza baxsanız bunu duyarsınız."
" Həqiət elə bir şeydir ki, istər onu görməzliyə vur, istər gözünü bağla, o öz yenilməz qüvvəsi ilə işini görəcək. Məsələn, sevdiyiniz bir adamın dəfn vaxtı çatanda onun dəfnində iştirak etməmək olar mı?"
" — Siz Allaha inanmırsınız?
Ramber etiraf elədi ki, inanmır.
Qarı başını yelləyib hər şeyi anladığını bildirdi və dedi:
— Düz fikirləşmisiniz, arvadınızın yanına gedin. Sizin başqa kiminiz var ki?"
" Amma başqalarından ayrılıb xoşbəxtliyə tək qovuşmaq da xəcalət gətirə bilər"
" Sual: vaxt itirməmək üçün nə edəsən?
Cavab: vaxtın çox olduğunu duyasan.
İmkanlar: diş həkiminin qəbul otağında, narahat bir stulda günlərlə oturub gözləyəsən; bazar gününü günortadan sonra öz eyvanında keçirəsən; anlamadığın dildə mühazirəyə qulaq asasan; ən uzaq və ən narahat dəmir yolu ilə səyahətə çıxasan, özü də oturmağa yerin olmaya; tamaşa bileti üçün saatlarla növbəyə dursan, axırda da bilet ala bilməyəsən və i.a. "
" Sonra yavaş-yavaş tələsməyə başladılar, pıçıltılar həyəcanlı qışqırıqlara çevrildi, adamlar qapıya tərəf qaçdı, çaxnaşma düşdü. Kotarla Taru ayağa qalxsa da yerlərində dayanıb həyatın yeni bir tamaşasına baxırdılar: taun səhnəyə çıxmışdı."