Həyatlarımızın durğun gölünü dalğalandıran daş kimi, üzləşmək məcburiyyətində olduğumuz çətinliklər, ağrılar… və məhəbbət uğruna keçməli olduğumuz çətin yollar, qurban verdiklərimiz…
“Aşk”- kitab içində kitab, həyatın mənası axtarışında bir eşq macərası…
“Aşk “ Elif Şafakdan axtarışa, gerçəyə və kəşf etməyə dair bir roman .
Haqqında çox danışılan, çox böyük marağa səbəb olan roman — “Aşk”.
Əsərin müəllifi, əsərləri 30-dan çox dilə tərcümə olunan türk yazar Elif Şafakdır. Roman 2009-cu ildə nəşr edilmiş və orijinal dili ingilis dilidir. Əsər türk ədəbiyyatı tarixində ən qısa zamanda ən çox satılan kitab olmuşdur.
Bütün bu maraq, rekord satışlar əbəs deyil, təbii ki. Oxucuların ürəyindən xəbər verən roman bütün bu şöhrətə laiqdir. Nizami Gəncəvinin dediyi kimi: “Ürəkdən gələn söz, ürəklərə yol tapar.” Elif Şafak da bu romanda “Aşk”ı ürəyindən necə gəlibsə, elə də ifadə edib. Kitabı oxuyanlar bunu çox yaxşı hiss edib yəqin ki. Öz adıma deyim ki, roman məndə belə təəssürat yaratdı.
Elif Şafak özü roman haqda bunları deyir: “...Bu romanda oxucuya öz ürəyimi açdım. Təsəvvüf mənim sirrimdir, o sirri oxucuya aşkar etdim. Bu kitabı Şəms Təbrizi və Mövlanə Rumi haqqında bir kitab yazmaq arzusuyla qələmə almadım. Bu kitabda mən eşqi anlatmaq istədim. Əsas məqsədim bu idi. Həm dünyəvi, həm də mənəvi ölçülərlə eşqdən yazdım.
Bir-birinə zidd olan xarakterləri yan-yana gətirərək onların mənəvi bağlılıqlarının olmasını arzuladım. 2008-ci ildə Bostonda yaşayan, üç uşaq anası olan bədbəxt bir yəhudi əsilli amerikalı qadın üçün “Mövlanə nəyi ifadə edir?” sualının cavabını axtarmağa çalışdım. Əsərin yazılmasına gəldikdə isə, əlbəttə, xətalar və qüsurlar ola bilər. Yoxsa Şəmslə Mövlanədan yazmağa başlayaraq hər şeyi başa düşdüyünü iddia etmək təkəbbürlük olar. Amma bunu səmimiyyətlə söyləyə bilərəm: mən bu romanı eşqlə yazdım, eşqlə də oxunmasını istəyirəm”.
Romanın həm mövzusu, həm də dili çox gözəldi. Dincəlmək üçün oxunan romanlardandı “Aşk”.
Əsərdə Mövlana ilə Şəms Təbrizinin ilahi eşqi ilə Ella və Azizin dünyəvi eşqi paralel şəkildə verilmişdir.
Romanın baş qəhrəmanı Ella 40 yaşlı ev xanımıdır. Həyatı o qədər monoton, yeknəsəqdir ki, artıq Ella bu gün bir həftə sonra nə işlə məşğul olacağını dəqiq bilir. Onun üçün yenilik yoxdur. Varlı bir ailəsi, görünüşdə heç bir “problemi” olmayan evliliyi var. Mən Ella haqqında çox danışıb sizi yormayım, Elif Şafakın dilindən eşidək Ellanı:
Bir gün Ella özünün də xəbəri olmadan bütün həyatına köklü surətdə təsir edəcək bir qərar verir. O, artıq işləmək istəyir. Və bir nəşriyyatda redaktor köməkçisi olaraq işə başlayır. Elə ilk işi tanınmamış bir yazıçı olan Aziz Zaharanın təsəvvüf fəlsəfəsi mövzusunda olan tarixi romanını oxuyub, dəyərləndirmək olur.
Həyatının kritik dövründə oxumağa başladığı bu roman ilk andan etibarən Ellanın həm fikirləri, həm də həyatı dəyişməyə başlayır.
Əvvəllər eşqi, sevgini mənasız bir anlam olaraq dəyərləndirən, əsl sevginin yalnız nağılların bir uydurması olduğunu hesab edən Ella sevgiyə inanmağa başlayır.
İlahi eşqi bizə ən gözəl şəkildə çatdıran Mövlana və onu hamıdan yaxşı başa düşən, anlayan və onun uğruna canını fəda edən Şəms. Mövlananın yenidən yaradan Şəms. Şəmsə qədərki Mövlana ilə Şəmsdən sonrakı Mövlana çox fərqlənir. Şəmsdən sonra Mövlana şair olur artıq. Şəmssizlik onu şair edir:
Bu romana qədər Şəms Təbrizi haqda demək olar ki, heç nə bilmirdim. Elə Şəms Təbrizi haqda məlumatlar, sitatlar, aforizmlər məhz bu romandan sonra yayılmağa başladı.
Romanda Şəms obrazı “ürəkdən tikan çıxardan” obrazdı. Öz mərdliyi, dürüstlüyü, hər zaman Haqqın və haqlının yanında olması, qarşısındakını çox yaxşı başa düşməsi...bir çox bu kimi keyfiyyətləri insanı Şəmsə heyran etməyə bilmir.
Məncə, Hər kəsin həyatda bir Şəmsi olmalı.
Və Şəmsin “40 qayda”sı. Saytımızın istifadəçisi tarixçi 1919 sağ olsun, artıq o bu qaydaları yerləşdirib saytda.(Burdan oxuya bilərsiniz.) Ona görə də bu qaydalar haqqında yazmağıma ehtiyac yoxdu. Onu deyim ki, mən bu qaydalardan çox şey öyrəndim.(ümumiyyətlə bu romandan)
İstəsəm ki, əsərdən ən maraqlı olan dəyərli fikirləri qeyd edim, gərək onda 400 səhifədən çox olan romanı köçürüm bura. Qısacası, romanın hər kəlməsi dəyərlidi.
Amma yenə də, bəzilərini qeyd edirəm:
- İnsan elə qarışıq bir barlıqdır ki, özünə cənnəti də yaşadar, cəhənnəmi də. İnsan ən şərəfli məxluqdur. Ucadan ucayıq, bayağıdan bayağı. İnsanın mənasını tam qavraya bilsəydik, şeytanı kənarda deyil, içimizdə axtarardıq. Bizə lazım olan özümüzü dayanmadan təhlil etməkdir, səhvi başqalarında axtarmaq deyil.
— “Eşqdən əvvəl” və “Eşqdən sonra” eyni insan olaraq qalmışsaq, kifayət qədər sevməmişik.
Birini sevirsənsə, onun üçün edə biləcəyin ən mənalı şey dəyişməkdir. O qədər çox dəyişilməlisən ki, sən sən olmaqdan çıxmalısan.
— Başımıza gözlənilməz təsadüflər, ancaq bunları qarşılamağa hazır olduğumuz anlarda gələr.
— Yolun sonunun hara gedib çıxacağını düşünmək mənasızdı. Sən sadəcə atdığın ilk addımı düşünməlisən. Qalanı onsuz da öz-özünə baş verər.
— Həqiqi Allah aşiqi bir meyxanaya girdimi ora namazgah olar. Amma dinsiz biri eyni namazgaha girdimi ora ona meyxana olar. Bu həyatda nə edirsək edək niyyətimizdir fərqi yaradan, surət və nişanələr deyil.
Və son olaraq əsərin son sözü, kitabın ideyası 40-cı qayda “Eşqsiz keçən bir ömür boşuna yaşanıb deməkdir. Görəsən, ilahi eşqinmi arxasınca qaçmalıyam məcazimi, yoxsa dünyəvi, səmavi ya da cismanimi deyə düşünmə! Ayrımlar ayrımları yaradar. Eşqinsə heç bir təyinə, tamlamaya ehtiyacı yoxdur. Öz-özlüyündəbir dünyadır eşq. Ya düz ortasındasan — mərkəzində, ya da xarıcindəsən -həsrətində.”
Romanı oxumaq istəyənlər üçün əlimdən bu gəlir ancaq.
P.S: Romanı türkcə oxumaq məsləhətdi.
Hazırladı: Axundova Təhminə