Diqqətinizi çiçəklənməyə doğru yönəldin. Daxildə nə varsa, xaricdə də odur. Bu kitab sizə həsr olunur. Qoy, bu Sirr sizə ömür boyu sevgi və xoşbəxtlik gətirsin! Mən bunu sizə və bütün dünyaya arzu edirəm...
(Ronda Bern)
Bir müddət bundan əvvəl oxuduğum, çoxdandı haqqında paylaşmağı düşündüyüm kitab — Sirr. Əvvəlcə onu deyim ki, kitab dünyada 19 mln nüsxədən çox satılmış, 45 dilə tərcümə edilmişdir. Ümumilikdə psixoloji kitabdı və insana ancaq pozitiv enerji verir.(tam da ehtiyacımız oln şey)
2007-ci ildə çap olunan bu kitabın müəllifi Ronda Berndir. Kitab Azərbaycan dilinə çox tez 2012-ci ildə tərcümə olunub (buna da şükür).
Kitabda söhbət həytımızın birbaşa asılı olduğu və əslində özümüzün də xəbərsiz olduğumuz Sirrdən- cazibə qanunundan gedir. Kitaba görə, sizinlə baş verən hər bir hadisəni, əslində siz öz həyatınıza cəzb etmisiniz. Sizin həyatınız sizin düşüncələrinizdir. Əvvəlcə insana qəribə gəlsə də dayanıb keçmişə nəzər salanda görürsən ki, Ronda Bernin sözlərində həqiqət var. Ona görə də əziz kayzençilər, pozitiv düşünək ki, hər şey yaxşı olsun!
«Sirr» əsəri yazıçının təxəyyülünün məhsulu deyil, bütövlükdə faktlara əsaslanan kitabdı. Kitabda ən çox diqqətimi çəkən sağlamlıqla bağlı sirlər və xüsusilə, «möcüzə insan» Morris Qudmenin(yazıçı və beynəlxalq səviyyəli lektor) hekayəsi oldu.
Əvvəlcə tibdəki kiçik hiylələrlə bağlı olanı qeyd edim.
Bizim bədənimiz fikirlərimizin məhsuludur. Son dövrlərdə tibb elmi belə bir nəticəyə gəlmişdir ki, fikirlərimizdən yaranan emosiyalarımızın təbiəti müəyyən səviyyədə bədənimizin fiziki vəziyyətinə, quruluşuna və funksiyalarına təsir edir.
Tibb praktikasında «plasebo effekti» adlı bir anlayış mövcuddur. Plasebo- bədənə təsir edən, psixoloji effekt yaradan, lakin birbaşa farmakoloji xüsusiyyətə sahib olmayan həblərin qəbuluna deyilir. Məsələn, şəkərli həb.
Pasiyentə bu həblər verilir və xəstəliyin sağalması üçün effektli vasitə olduğu söylənilir. Lakin əslində bu həblər şəfaverici xüsusiyyətə malik olmayan adi şəkər belə ola bilər. Və bəzən plasebo həqiqətən də əsl dərman kimi təsir göstərir. Aşkar olunmuşdur ki, insan dərrakəsi şəfavericilikdə bəzən hansısa bir dərmandan daha çox təsir göstərən vacib faktordur.
Və Morris Qudmenin- «möcüzə insan»ın həyat hekayəsi...
Mənim hekayəm 10 mart 1981-ci ildən başlayır. O gün mənim həyatımı təmamilə dəyişdi və mən onu heç vaxt unutmaram. Həmin gün mən təyyarə qəzasında yaralanmışdım və təmamilə iflic olmuş vəziyyətdə xəstəxanaya gətirildim. Mənim onurğam parçalanmışdı, birinci və ikinci boyun fəqərəm sınmış, həmçinin udma refleksim də dayanmışdı. Yeyib-içə, nəfəs ala bilmirdim. Diafraqmam güclü zədələnmişdi. Bacardığım yalnız göz qırpmaq idi.
Həkimlər əlbəttə, deyirdilər ki, həyatımın qaln hissəsini iflic vəziyyətdə keçirəcəm, yalnız gözlərimi açıb-bağlaya bilirdim. Onlar mənim gələcəyimi belə təsəvvür edirdilər. Lakin mənim üçün onların nə düşündükləri əhəmiyyətli deyildi. Əsas mənim düşüncəm idi. Mən özümü normal, sağlam insan olaraq bu xəstəxəanadan çıxacağımı təsəvvür edirdim.
Xəstəxanada işlədə bildiyim yeganə şey ağlım idi. əgər ağıl varsa, siz hər şeyi dəyişə bilərsiniz.
Məni nəfəsalma aparatına birləşdirdilər və həkimlər dedilər ki, heç vaxt özüm nəfəs ala bilməyəcəm. Lakin, daxilimdəki sakit səs deyirdi: «dərindən nəfəs al, dərindən nəfəs al» və nəhayət, həkimlər heyrət ilə məni aparatdan ayırdılar. Mən ağlıma məqsədimdən və xəyalımdakı tablodan uzaqlaşdıracaq heç nəyi buraxmırdım.
Həmin vəziyyətdə özümə məqsəd qoydum ki, yeni ilə kimi xəstəxanadan öz ayaqlarımla çıxacam və mən bunu etdim. Xəstəxananı öz ayaqlarımla tərk etdim. Hamı bunun mümkün olmayacağını deyirdi. O günü mən ömrüm boyu xatırlayacağam.
İndi isə hansısa xəstəlikdən əzab çəkən insanlara bir neçə söz demək istərdim. Bu sözlər mənim təcrübəmi ifadə edəcək və hər kəsin öz həyatında nəyə qadir olduğunu izah edəcək: "İnsan düşündüyünə çevrilir."
Araşdırmalar onu göstərir ki, istəyinə çatan insanlar bunu necə etdiklərini bilmirlər, onlar yalnız, bunu həmişə istədiklərini bildiriblər.
Onu da qeyd edim ki, «Sirr» əsərindən sonra onun haqqında film də çəkilmişdir və film əsərdən daha təsirli hesab olunur.
Deməli, bundan sonra nə edirik, Sirri həyatımıza tətbiq edirik və ancaq yaxşı olan nə varsa onun haqda düşünüb, yaxşıları özümüzə cəzb edirik!
P.S: Əsəri dilimizə Elgül Eyvazova və Gülnar Məmmədova tərcümə etmişdir.