Mütaliə

Mütaliə

İnsan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə eyni zamanda onun mənəvi inkişafı, digər insanlarla müasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və s. məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir. Qədim zamanlardan bəri oxuma-yazma bilənlər digərlərindən fərqlənmiş, sayılıb-seçilən olmuşdur. Bu da onların mədəni səviyyələrindən qaynaqlanmışdır. Bu səviyyəni isə onun mənəvi zənginliyi və bu zənginliyi ona qazandıran oxuması, elmi olmuşdur. Cəmiyyətdə oxuma-yazma bilənlərin sayı nə qədər çox olduqca o cəmiyyət daha çox inkişaf səviyyəsinə malik olmuş, digər cəmiyyətlərlə təması zamanı öz dəyərləri ilə seçilmişdir.

İnkişaf səviyyəsi aşağı olan cəmiyyətlərin geri qalmasının təməl səbəblərindən biri maariflənmənin zəif olması, oxuma-yazma bilməyənlərin sayının çox olmasıdır. Çox vaxt da bu cür cəmiyyətlərdə olanların çoxu oxumaq və digər faydalı işlər yerinə yararsız işlərlə məşğul olaraq vaxtlarının böyük qismini hədər etməklə məşğul olurlar.
Sahib olduqları məlumatların yarıdan çoxunu oxumaqla əldə edən insan hər zaman yuxarda qeyd olunmuş avantajların bir çoxuna sahib olmaqla bunlardan məharətli şəkildə istifadə etmiş, düşüncə, bacarıq və iş baxımından digərlərindən də fərqlənmişdir. Oxuyaraq bir çox şeyin əslini öyrənən insanda eyni zamanda özünə inam olur, qətiyyətsizlikdən uzaq olur. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olmağın təsiri ilə gözəl nitq qabiliyyətinə malik olur, danışarkən hikmət dolu sözlərlə insanların ürəyinə asanlıqla yol tapa bilir. Bu da insanlarla münasibətini mükəmməlləşdirir, ictimaiyyətdə aktiv rol oynayan birinə çevirir. Zəngin söz ehtiyatına sahib olmağın başqa bir xüsusiyyəti isə sahibinə daha geniş düşünmə imkanı verməsidir.
Mütaliə üçün vaxt məsələsi əsas əhəmiyyət kəsb edən amildir. Nədənsə asudə vaxtının demək olar ki çoxunu mənasız şeylərə sərf edən insan həmin vaxtın hər gün bir saatını mütaliəyə ayırmır. İşdən evə dönərkən evdə olan boş zamanı adətən televiziya verilişlərinə baxmaqla keçirən insan bu vaxtınının heç olmasa bir saatını kitab oxumağa ayırsa, bir çox  müsbət keyfiyyətlər qazanmaqla yanaşı vaxtını dəyərləndirmiş olar. Ya da internet klublarda, kompüter arxasında, kafelərdə, əyləncə məkanlarında və başqa yerlərdə vaxtlarını keçirən gənclər bu vaxtlarının üçdə birini kitabxanalarda keçirsələr və kitab oxumağa ayrısalar cəmiyyətin ümumi düşüncə səviyyəsi yüksələr və geri qalan cəmiyyətlər sırasında olmaqdan qurtulmuş olar.
Kitab oxumağı alışqanlıq halına gətirmiş insanlar bunun üçün xüsusi vaxt ayırmaz hər fürsəti dəyərləndirərlər. Yol gedərkən, birini gözləyərkən, səyahətə çıxarkən və mümkün olan hər vəziyyətdə oxuyacağı kitabı yanından ayırmazlar.
Kitab oxuma alışqanlığı insanda tərbiyəvi bir xüsusiyyətdir. Bir çox məsələ kimi bu da insanda kiçik yaşlarından, hətta, bəzi alimlərə görə ana bətnindəykən başlar. Uşaqlar anlamasalar belə valideyinlərin onların yanında uca səslə kitab oxuduqda, körpə yaşından kitablara sevgi yaranır. Xüsusən də zehninin ən intensiv dövrü sayılan üç-altı yaşlar arasında bunu etmək, təqdirə layiq bir addımdır.
Yuxarıda sadəcə kitab oxumağın üstün cəhətlərindən yazıldı, bir də oxunmadığı təqdirdə ola biləcək gerilikdən bəhs edildi. Bunlarla yanaşı bir də mütaliə üçün səhv seçimin yaratdığı fəsadlar vardır, ki bu oxucuda fikir qarışıqlığına yol açır, onu ümidsizliyə sövq edir və hər şeyə şübhəylə yanaşan birinə çevirir. Bundan əlavə pis vərdişlərin yaranmasına səbəb olur. Heç bir elmi əsası olmayan, şübhələrlə, yalan və böhtanlarla dolu əsərlər şübhəsiz ki, oxucusunda mənfi nəticələrə yol açır. Bunun üçün də oxunacaq kitabı seçərkən diqqətli olmaq lazımdır. Bu sahədə təcrübəsi olanların məsləhitinə baş vurulmalıdır. Hikmətli, asan başa düşülən və oxunduğunda adamı yormayan kitablara üstünlük verilməlidir.
Kitabları oxunması baxımından üç qrupda ələ almaq olar. Birincisi stolüstü kitablardır. Bunlar bir dəfə oxunaraq tərk edilən deyllər. Dönə-dönə mütaliə edilərlər. Qida kimidirlər, hər zaman onlara ehtiyac vardır. Quran yeganə kitabdır ki, şüurlu müsəlmanlar hər an Ona baş vurur, qiraətini tərk etmir, qiraətindən heç bir zaman bezmirlər. Bu cür kitablar bir də müəyyən sahələrdə yazılmış əsərlər ola bilər ki, hər sahənin mütəxəsisləri tərəfindən stolüstü kitab kimi qəbul edilirlər.
Ikincisi elmi-tədqiqat əsərləridir. Bunlara da lüğətlər, ensklopediyalar, hər hansı bir elm sahəsinə aid yazılmış kitablar, terminoloji əsərlər və s. dir. Bu tip kitablar da dərman kimidir. Ehtiyac duyulduğu zaman baş vurulur bu cür kitablara.
Üçüncüsü də ümumi deyə biləcəyimiz, mədəniyyət, fikir, tarix, ədəbi və s. sahələrlə bağlı olan kitablar, əsərlərdir. Bunlar elmi tədqiqat obyekti olmaqla yanaşı həvəskarlar tərəfindən çox vaxt oxunur. Bu cür kitablar adətən ən çox müraciət olunan kitablar olur.
Oxuyanın mənəvi inkişafına fayda verəcək kitablar eyni zamanda onun vəsvəsəyə qapılmasını və ümidsizliyə düşməsinin qarşısını alır. Bu cür kitablar oxuyaraq özünü yetişdirmiş biri təmiz bir zehniyyətə sahib olduğu üçün doğru ilə yanlışı, pislə yaxşını çox keçmədən asanlıqla anlayar. Unudulmamalıdır ki, kitablar fikir müharibəsinin silahlarıdır. Oxuyan və oxuduğunu yaxşı dəyərləndirməyi bacaran insan hər zaman öndədir, fərqlidir, mübahisə və müzakirə bacarığı yaxşı olan biridir...

 

Top