Uşaqlıq dövründə daha çox "İsveçrəli Robinzon” kitabını mütaliə etməyi xoşlamışam (İohan Rudolf Vissin (1782-1830) yeniyetmələr üçün qələmə aldığı macəra romanı nəzərdə tutulur – A.B.). Qənaətimcə, bu kitab Daniel Defonun «Robinzon Kruzo” əsərindən daha üstündür. Doğrudur, mən bilirdim ki, Daniel Defonun romanı özünün fəlsəfi xüsusiyyətləri ilə daha zəngindir. Əsərdə təsvir olunan tənha insan obrazı günlərin bir günü qumun üzərində çılpaq ayağın izlərini aşkarlayır. Amma Vissin əsəri özünün zəngin hadisələri və macəraları ilə cavan beyinlər üçün daha maraqlı görünür.
Həmin romanda bütöv bir ailə – ata, ana, onların uşaqları özlərinin müxtəlif əməlləri ilə təsvir olunublar. Təsəvvür edirsinizmi, neçə illərdən bəri bu ailənin məskunlaşdığı adada gəzib-dolaşmışam! Hansı zülmlərlə onların kəşflərinə yol tapmış, taleyinə həsəd
aparmışam! Təəccüblü deyil ki, „Sirli ada”da özümdən asılı olmadan hansısa qüvvə Elmi Robinzonları səhnəyə çıxarmağa təhrik edib. “İki il məktəb tətili” romanımın da personajlarını məhz bütöv Robinzonlar pansionu təşkil edir.
Amma mənim adamda Vissin qəhrəmanlarından heç kim olmayıb. Orada mənim şəxsimdə Daniel Defonun qəhrəmanı gəzib-dolaşıb. Öz arzularımda ağacların budaqlarından koma quraraq iynədən tilov düzəltmiş, qədim insanlar kimi quru budaqlardan birini digərinə sürtməklə od əldə edib tonqal qalamışam. Fəlakət barədə hər hansı işarə vermişəmmi? Əsla yox! Əgər bunu etmiş olsaydım, çox güman ki, məni tezliklə aşkarlayıb adadan aparardılar. Amma bunu istəmirdim! Çünki qabaqda hələ görüləcək işlərim çox idi. Hər şeydən öncə aclıqla mübarizə aparmalıydım. Necə, hansı yolla? Axı, mənim içi ərzaqla dolu qayığım suda batmışdı. Quşlarımı ovlamalı?.. Yox, bu mümkünsüz idi. Axı, nə silahım, nə də ov itim vardı.
Deyərsiniz, bəs molyuskalara nə olmuşdu? Heç onlar da yox idi!
Yazıçı olmaq arzusu barədə
Vallah, heç yadıma sala bilmirəm ki, nə vaxt yazmamışam və ya da yazıçı olmaq fikrinə düşməmişəm. Amma çox şeylər (tezliklə özünüz də buna əmin olarsınız) bu arzumu gerçəkləşdirməyə mane olub. Məlum olduğu kimi, mənşəyimə görə mən bretonluyam (Nant mənim doğma şəhərimdir), amma atam Parisdə təhsil alıb, ədəbiyyata həvəs göstərib, şeirlər yazsa da, onların dərc etdirilməsinə marağı olmayıb. Yəqin ki, yazıçı olmağıma həvəs irsən atamdan keçib. Elə onun kimi yaradıcılıq fəaliyyətimə mən də şeirlə başlamışam. Sonralar nəsrlə məşğul olmuşam. Doğrusu, heç özüm də bilmirəm ki, roman yazmaq barədə fikir necə yaranır, burada həlledici rolu bir, bəzən isə digər hadisə oynayır. Çox hallarda yazmamışdan öncə hər hansı süjet barədə çox götür-qoy edirəm. Amma elə ki, maraqlı fikir yaranır, dərhal onu qələmə alıram.
Bəzi kitablarımın necə yazıldığını düz-dəqiq söyləyə bilərəm. „Səksən gün dünya ətrafında” kitabını yazmamışdan öncə qəzetdə hansısa bir turist reklamı ilə rastlaşmışdım. Həmin yazıda bildirilirdi ki, indiki zəmanədə insan yer kürəsini səksən günə gəzib dolaşmaq iqtidarındadır. Bu fikir marağımı özünə çəkdi. Düşündüm ki, belə bir səyahətçi yer kürəsinin öz oxu ətrafında fırlanması ilə təyin olunmuş məntəqəyə göstərilmiş müddətdən ya tez, ya da gec çata bilər. Bax, elə bu fikir romanımın əsas süjet xəttini təşkil etdi. Yəqin ki, mənim qəhrəmanım Fiales Foqt yadınızdadır. O, məhz bu vəziyyətləri nəzərə alaraq evə vaxtında qayıtmaqla mərci udur. Halbuki o, güman etmişdi ki, evə bir gün gec qayıda bilər.
Fransız ədəbiyyatındakı rolum haqqında
Həyatımda daha çox ona təəssüf edirəm ki, fransız ədəbiyyatında əvvəl-axır öz layiqli yerimi tuta bilməmişəm.
İş haqqında
Hər gün səhər saat beşə qalmış (qışda bəzən bundan bir qədər gec) oyanır, beş tamamda isə artıq yazı masasının arxasında əyləşib saat on birəcən işləyirəm. Çox gec yazıram, sözləri, cümlələri dəfələrlə götür-qoy edirəm, çox vaxt qələmə aldıqlarımı pozub yeni fikirlər üzərində işləyir, tam əmin olduqdan sonra fikrimi ümumiləşdirirəm. Çox vaxt bir dəfəyə beynimdə ən azından ona yaxın romanın süjetini, hazır obrazları və fabulaları saf-çürük edirəm. Amma mütəmadi düzəlişlər vaxtımı çox alır. Heç vaxt yazdıqlarımdan razı qalmıram. Ən azından yeddi-səkkiz dəfə qələmə aldıqlarıma qayıdıram, son nəticədə əsərimin ilkin variantından demək olar ki, heç bir əsər-əlamət qalmır. Bu isə həm vaxt itkisinə, həm də əlavə vəsaitin xərclənməsinə səbəb olur. Əməyim üçün insanlardan layiqli qiymətimi heç vaxt ala bilməsəm də, həmişə çalışıram ki, yaratdığım əsərlər istər formasına, istərsə də məzmununa görə oxucuların qəlbində özünə yer tuta bilsin.
Elm haqqında
Düzünü desəm, elmə bir o qədər də marağım olmayıb. Yəni, nə vaxtsa elm öyrənmək və ya hər hansı bir eksperiment aparmaq niyyətindən həmişə uzaq olmuşam. Amma uşaqlıqdan maşın-mexanizmlərin işinə böyük maraq göstərmişəm. Atamın Şandendə bağ evi vardı. Onun yaxınlığında dövlət mexanika zavodu yerləşirdi. Şantana hər gəlişim zamanı zavoda baş çəkər, saatlarla işləyən maşınlara tamaşa edərdim. Bu maraq, demək olar ki, bütün ömrüm boyu məni tərk etməyib. Elə indinin özündə də hansısa lokomotivin buxar maşınlarının işinə eyni həvəslə maraq göstərirəm. Texnikaya marağım bədii yaradıcılıqla eyni vaxtda həyatımın başlıca xüsusiyyətlərindən birini təşkil edib. Gənclik illərimin üç sevimli əsas məşğuliyyəti isə Avropanın şəkil qalereyalarını gəzib-dolaşmaq, Luar qəsrinə ekskursiyaya getmək və şeir yazmaqdan ibarət olub.
İnformasiya haqqında
Mənə elə dövrdə yaşamaq nəsib olub ki, istənilən mövzuda lüğətlər tapılırdı. Hər hansı informasiyanı əldə etməkdən ötrü lüğətlər köməyə çatırdı. Müxtəlif məzmunlu informasiyaları mütaliə edərkən xeyli sayda maraqlı elmi faktlarla rastlaşırdım. Bu isə dünyagörüşümün zənginləşməsinə səbəb olurdu.
Yaradıcılıq məqsədləri və həmkarlarım haqqında
Bəzən deyirlər ki, macəra romanlarında üslub olmur, amma mən qətiyyən bu fikirlə razı deyiləm. Doğrudur, insan xarakterinin tədqiqindən fərqli olaraq, bu istiqamətdə baş verən hadisələri maraqlı ədəbi formaya salmaq çox da asan deyil. Açığını deyim ki, mən psixoloji romanların aşiqi olmamışam, çünki onların heç birində psixologiya elmi ilə ümumi bir oxşarlıq görməmişəm. Ona görə də “yazıçı-psixoloq” adlandırılanları qəbul edə bilmirəm.
Onu da bildirim ki, Dodye ilə Mopassan arasında yerlə göy qədər fərq görürəm. Hətta Mopassanla fəxr edirəm. Mopassan dahidir, Tanrı ona hər şeydən yazmağa istedad bəxş edib. Amma bununla belə Dikkens həmişə mənim ən sevimli müəllifim olub. İngilis dilində cəmi olsa-olsa yüz söz bilirəm. Ona görə də Dikkensin əsərlərini tərcümədə oxuyuram. Yox, mən heç vaxt Mopassanla Dikkensə fərq qoymamışam. Amma nə edim ki, Dikkensi dəlicəsinə sevirəm. Həmçinin Kuperin romanlarına maraq göstərmişəm və bu maraq indiyəcən davam etməkdədir. Kuperin onlarla romanını ölməz hesab edirəm.
Qonorar haqqında
Qonorar barədə heç vaxt şikayət etməmişəm. Kitablarıma görə mənim naşirim yaxşı pul qazananda sevinirəm. Əlbəttə, bəzən olub ki, yaxşı məbləğə müqavilə bağlamadığım üçün peşmanlıq hissi çəkmişəm. „80 gün dünya ətrafında” romanım təkcə Fransada on milyon frank, “Mixail Stroqov” romanı isə yeddi milyon frank qazanc gətirib. Bu pulun isə gözlənildiyindən də çox az məbləği mənə çatıb. Amma mən öz gücünü yalnız pul qazanmağa sərf edən insanlardan deyiləm. Hər şeydən öncə öz ideallarımla yaşayan ədəbiyyatçıyam, sənət adamıyam. Əgər həmvətənlərim mənə qarşı azca da olsa ədalətli münasibət bəsləsəydilər, bu, milyon dəfədən çox mükafata bərabər olardı. Bax, təəssüf etdiyim və həmişə peşmanlıq çəkdiyim məsələ budur.
Romanlar üzərində iş barədə
Roman üzərində işə başlayarkən öncə onun necə başlayacağını, əsərin ortasında hansı hadisələrin cərəyan edəcəyini və onun hansı finalla yekunlaşacağını müəyyənləşdirirəm. Plan tərtib etdikdən sonra hər fəslin məzmunu üzərində işləyirəm. Daha sonra yazılı mətni oxuyub qələmlə düzəlişlər edirəm. Əsl iş isə mənim üçün birinci korrekturadan sonra başlayır. Heç vaxt son varianta ümid bəsləmirəm. Amma xoşbəxtlikdən naşirim romanda müəyyən düzəlişlər etməyə mənə icazə verir. Beləcə səkkiz, ya da doqquz korrektura işindən sonra əsər çapa imzalanır.
İşin tempi haqqında
Adəti üzrə ildə iki roman üzərində işi başa çatdırıram. Həm də hər dəfə bunu nəzərdə tutduğum müddətdən bir qədər əvvəl yerinə yetirirəm. Bax, indinin özündə də yeni roman üzərində işləyirəm və bu əsər 1890-cı ildə nəşr olunacaq. Başqa sözlə desəm, hazırda faktiki olaraq beş əlyazmam çapa hazırdır. Əlbəttə, bu nailiyyətlər heç də qurbansız əldə olunmayıb. İllər ötdükcə anlamağa başladım ki, həqiqətən də ağır əmək cəmiyyətdə yaşamağın zövqləri ilə heç də üst-üstə düşmür. Arvadımla biz gənc olanda Parisdə yaşayırdıq, həyatdan necə lazımdırsa zövq alırdıq. Son on iki ili isə arvadımın doğulub boya-başa çatdığı Amyen şəhərində yaşayıram. Əlli üç il öncə arvadımla burada tanış olmuşuq. Mənim bütün maraqlarım da azdan-çoxdan məhz burada zənginləşib. Elə buna görə də dostlarımdan bəziləri mənim ədəbi nailiyyətlərimdən daha çox Amyen şəhəri üzrə məsləhətçi olmağıma görə öyündüyümü deyirlər. Sözün düzü, şəhərin idarəçiliyində iştirakımdan çox məmnunam.
Tərcümə edən: Ağaddin BABAYEV