Elcan Rəcili-şeirlər

Elcan Rəcili-şeirlər

Gənc şair Elcan Rəcili 1 may, 1995-ci ildə ucqar dağ rayonu olan Yardımlının Bürzünbül kəndində doğulub. 2011-ci ildə Bürzünbül kənd orta məktəbinin 10-cu sinfini bitirdikdən sonra elə həmin il Lənkəran Dövlət Humanitar Kollecinə daxil olub. 2015-ci ildə bu orta ixtisas təhsili müəssisəsini bitirdikdən sonra öz ixtisası üzrə peşə fəaliyyəti ilə məşğul olmayıb. Hazırda mebel fabriklərinin birində usta kimi fəaliyyət göstərir. Dediyinə görə ədəbiyyata orta məktəb illərində gəlib.



Gənc şair Elcan Rəcilinin şeirlərini oxuculara təqdim edirik.







Ölsəm…

 

Qarıyacaq əllərim,

Ayağlarım əsəcək.

Ölüm gəlsə qapıma

Qarşısın kim kəsəcək?

 

Göz yaşı tökəcəkmi?

Dostlarım mən öləndə

Yerim görünəcəkmi ?

Bir araya gələndə.

 

Anam ağlayacaqmı,

Arxamca axşam,səhər.

Bürüyəcəkmi qəlbin?

Sevgilimin qəm kədər.

 

 

Kim baxıb sevinəcək?

Əlacsız bu halıma

Kim qərənfil atacaq?

Mən gedəndə yoluma.

 

İllər ötüb keçəcək

Mən yada düşəcəmmi?

Yaşayıb dəyişmədim

Ölsəm dəyişəcəmmi?

 

Mənə doğma olanlar,

Yada qarışacaqmı?

Mənlə danışmıyanlar,

Daşla danışacaqmı?

 

Heç nə dəyişməyəcək,

Bir ulduzam,axacam.

Hamı yaddan çıxantək,

Mən də yaddan çıxacam...

 

 

 

Yetmədi arzumuz kama əzizim


Yetmədi arzumuz kama əzizim,
Gözləmə qayıtmaq gedənnən daha.
Elə unuduldu o gözəl günlər,
Birdə ələ düşməz, o günlər daha.


Çox sevdim, dözmədi sıxıldı getdi
Ömrümnən ömürlük çıxıldı getdi,
Gözümnən düşərək yıxıldı getdi,
Getmərəm heç zaman izinnən daha.

Üstünnən keçsə də illər düzəlməz,
Bir daha dərdimi dinləməz, bölməz .
Əzrayıl qapıma gələr, o gəlməz,
Bir izdə saxlamaz, o mənnən daha.


Çıxıbdı yadımnan üzü bilmirəm,
Son dəfə dediyi sözü bilmirəm,
Heç necə danışım düzü bilmirəm,
Yersizdi danışmaq ölənlə daha...

 

 

 

Günəş işiğına düşən kölgədə...

 

Günəş işığına düşən kölgədə,

Gözlərim açıldı, özümü gördüm.

Bu yandan o yana baxdım gizlicə,

Qaranlıq gecədə üzümü gördüm.

 

Çırpıldım zülmətə qara daş kimi,

Qaranlıq gecədən ağ günə düşdüm.

Bir gündə titrədi əlimdə ömür,

Bir gündə ölümün eşqinə düşdüm.

 

Uzatdım əlimi ölümə dəydi,

Özümə ağladım dayandım bir az.

Deyəsən qayıtdım özümə Allah,

Deyəsən yuxudan oyandim bir az.

 

Bu gecə gördüyüm şirin yuxuda,

Ömür pilləkənin düşdüm və çıxdım.

Bu gecə öldürdüm özümü, yatdım,

Bu gecə ölümün dadına baxdım.

 

Oyandım kölgələr gözümdən itdi,

Bir səs pıçıldadı- ...yuxunu qatdım.

Bağışla yuxuna xəbərsiz gəldim,

Bağışla yuxudan səni oyatdim...

 

 

 

İndi nə doğmasan,nə özgə mənə

İndi nə doğmasan, nə özgə mənə,
Daha uzaqlığın heç nə dəyişmir.
Səntək xəyalın da yadlaşıb artıq,
Gecələr qapımdan gəlib ötüşmür.

Daha pəcərədən baxmıram çölə,
Küçələr qaradı, ağdı bilmirəm.
Hələ o özünə qəsd edən qonşu,
Dərdindən ölüdü, sağdı, bilmirəm.

O da öz başına iş açdı,yaziq...
Bəlkə də qəsd edib, seçdi düzünü
Hər gecə bir ümid divara çırpıb,
Araq şüşəsindən asdı özünü.

Mən də ki, qara gün, fikir içində,
İtən corabıma tapammıram tay.
Bir sınıq külqabı, mənim otaqda,
Səni xatırladır soyuduqca çay.

Ta qova bilmirəm sıxıntıları...
Birinə doğmayam, yüzünə yadam.
Qırıq pəncərədə,dağınıq evdə,
Yaşaya bilməz ki, ümidsiz adam...

İndi tək-təhayam, səndən uzaqda,
Saçımı daramaq yadıma düşmür.
Sənə ağlayırdım, qonşumuz dedi:

Ölüyçün ağlamaq adama düşmür.

 

 

 

Kimsəsiz adam...

 

Salam kimsəsiz adam,

Salam, söylə necəsən?

Necə keçir tənhalıq?

Çətindimi darıxmaq?

Çətindimi ayrılıq?

 

Göy üzü danışırmı?

Gecələr dərdin sənə,

Bütün əzablar gecə,

Tökülürmü üstünə?

 

Heç zülmətə dönürmü

Yollarda ayaq izin?

Əllərin üşüyürmü,

Titrəyirmi de dizin?

 

Ürəyin ağrıyırmı

Sübhə qədər gecədən?

Xəyalı pəncərənə,

Boylanırmı küçədən?

 

Necəsən tənha adam?

Tənhalıqlar içində,

Param parça olmusan,

Necəsən tənha adam?

 

 

 

Atıram əlimi xatirələrə

 

Yenə pəncərəmdən boylanır kölgən,
Diksinib baxıram otaqdan çölə.
Atıram əlimi xatirələrə,
Yığıram daraqdan saçını hələ.

Ürəyim sinəmdə tufan qoparır,
Ömrüm qum dənəsi, sovurur külək.
Elə unudulmuş biriyəm indi,
Xaraba bir evdə, tənha bayquştək.


Yolum ayrılıqdan başlayan cığır,
Gözlərim buludun qara kölgəsi.
Bu gün sənsizliyin başlayan günü,
Bu gün də günlərdən bazar ertəsi.

Zaman yenə səssiz, yenə zülmkar,
Heç kəsi gözləmir, ötür beləcə.
Gözüm xəyalınla yuxuya gedir,
Bu gündə sonuna yetir beləcə.

Yenə də sən uzaq, havada külək,
Yenə pəncərəmdən boylanır kölgən.
Sağ olsun xəyalın yanımda qalır,
O da olmasaydı neyniyərdim mən?

Top