Məndən sənə gəlməyə
nə yol var, nə cığır var...
düzənliklər dağ olub,
daha gecdi, əzizim.
Azacıq ağrıyırdı
sinəmin sən tərəfi,
dərindən nəfəs aldım,
o da keçdi, əzizim.
Bir avara ömürdü,
çürdürəm, tükənmir.
Gecələr saat sayıb,
yatıram gündüzləri.
Səni düşünmək üçün,
vaxtım olmur, birdənəm,
o işığa kor baxım,
yalandısa sözlərim.
Soruşma ki, necəyəm,
mənim ömrüm qəfəsdi:
hər tərəfi eyni cür,
pərçim-pərçim dəmirlər.
Üstümdə fil xortumu,
altımda qarışqalar,
mənim yaşayışımı
tikə-tikə əmirlər.
Sən hər şeyi bilirsən,
bilirsən nə var, nə yox!
Dəmirlərlə toqquşub
o yol — bu yol gəzirəm.
Ruhumu səndə qoyub
bədənimi götürdüm,
yaramı sağaltmağa
o qol — bu qol gəzirəm.
Sən adda bir evim var,
sən adda bir şəhərim.
Sən adda bir ölkəm var,
sən adda bir yer kürəm.
Ruhumdan arxayınam,
bədənimdən nigaran...
Nə biryolluq yaşayıb,
nə biryolluq ölürəm!
Orxan Bahadırsoy