Pis günlərin adamı

Pis günlərin adamı

Sən — ey pis günlərimin adamı, 
hardasan?
Yenə pisdi günlərim...
Yenə təkdi, yenə yorğun,
yenə sənsizdi günlərim!
Gecələrim yuxusuzdu, 
səhərlərim ahu-zar.

Bütün günü bədənimdə
rəqs eləyir ağrılar.
Hələ yoxsan...
Elə gözəl yoxsan ki,
mən hamının varlığını
bu yoxluğa qurban verim…

Belə yoxsan!
Sən — ey pis günlərimin adamı,
necəsən?
Nə var, nə yox?
Usanıb qaçmaq, unutmaq,
bir də heç dönməmək, atmaq,
sənə varmış, mənə yox.
Taleyin qış fəslində,
hər yeri şaxta kəsəndə,
o hansı bəxtəvərdi, 
isinir səndə?

Mənimsə gözlərimdə
bütün arzularımın edamı...
Hələ gəlmək də bilmir
pis günlərimin adamı.
Donuram iliyiməcən,
gözümdə eynək,
boynumda ipək,
əlimdə əlcək.
Və qulaqlarımda bir səs:
-bu səfil sevgidən əl çək! 

Orxan Bahadırsoy
Top