Dünyanın sən olan yeri | Ramiz Rövşən

Dünyanın sən olan yeri | Ramiz Rövşən

Boşaldı dünyanın sən olan yeri…
Dünyanın
sən olan yerindən indi
Tozlana-tozlana maşınlar keçir,
Nazlana-nazlana xanımlar keçir,
Cavanlar keçir
tüpürüb siqaret kötüklərini.
Dünyanın sən olan yerindən ancaq
mən keçə bilmərəm.
Baş alıb qaçaram gecələr ilə,
Uzun yollar ilə, küçələr ilə,
Dünyanın sən olan yerindən elə
baş alıb qaçaram, qaça bilmərəm.
Yenə də, açılar səhər qəfildən,
yenə də, sökülər qızıl dan yeri.
Bütün yer üzünün hər tərəfindən
görünər dünyanın sən olan yeri.
Dünyanın sən olan yerinə bir gün
yağış yağacaq.
Gecə köynəyində, ürkək-utancaq,
çıxarsan eşiyə, gözlərsən məni,
üşüyə-üşüyə gözlərsən məni.
Qoşulub ağlarsan
yağan yağışa,
Əlimdən nə gələr?..
Məni bağışla!..
…Nə sən kiriyirsən, nə yağış kəsir,
yağışa qarışıb axarsan, kiri.
Ağlaya-ağlaya bu yaz gecəsi
əriyib yağışa çıxarsan, kiri.
Baxdıqca qorxuram
yağan yağışa,
Ağlaya bilmirəm…
Məni bağışla!..

Top