Mövlana Cəlaləddin Rumi son illər Qərbdə ən çox oxunan şairlərdəndir. Onun ingilis dilinə tərcümə edilən əsərləri yüz min tirajlarla satılır. Madonna kimi məşhur sənətçilərin albomlarında onun şeirlərinə yer verilir. Bununla da həm ona olan sevgi və hörmətlərini ifadə edirlər, həm də onu sevənlərlə ünsiyyət yaratmış olurlar. Məsələnin maraqlı tərəfi isə odur ki, onu oxuyanlar arasında müxtəlif dinlərdən, inanclardan, irqlərdən və sosial qruplardan insanlar var.
Halbuki daha on il əvvələ qədər onu yalnız elmi çevrələrdə tanıyırdılar. Bu gün isə Amerikanın ədəbi mühitində həyəcanverici və fəlsəfi bir gücə çevrilmişdir. Ən əhəmiyyətli tərəflərindən biri isə öz mesajlarını heç kimi incitmədən çatdırması və hər kəsi qucaqlayaraq, özünə doğma bilməsidir. Buna görə də Mövlananı sıravi bir sufi kimi, hindi, buddist və ya yəhudi rahiblərinə bənzətmək olmaz.
O bunu öz üzərində reallaşdıraraq insanlığın zirvəsinə yüksəlmişdir. Bu səviyyəyə yüksəlmiş insanlar doğulduqları və boyüdükləri ölkələrin sərhədlərinə sığmazlar. Onların hədəfi bütün insanlara xitab etməkdir. Mövlananın şeirlərinin bu gün kilsələrdə, sineqoqlarda, monastırlarda, Nyu-Yorkun sənət mərkəzlərində oxunmasının və əks-səda verməsinin səbəbi də budur. Elə gorünür ki, o bütün insanlığın Mövlanasıdır. Bəs insanlar niyə Mövlananı oxuyurlar? Onda və şeirlərində nələr tapırlar? On üçüncü əsrdə Konyada yaşamış olan Mövlana qloballaşan dünyaya və müasir insana nə verə bilər ki?
Şeir oxumağı sevməyənlər belə...
Bu suallara veriləcək cavablar bir çox baxımdan əhəmiyyətli olacaq. Bir tərəfdən, qərbli oxucunun maraqları nəzərə alınır, digər bir tərəfdən, onlara müraciət edən və ya etmək istəyənlər üçün də əhəmiyyətli cavablar vardır. Qərbdə yaşayan müsəlmanlar da bu cavablardan faydalana bilər. Ən əhəmiyyətli və mənalısı isə Mövlananın yaşadığı torpaqlarda yaşayan, onun tənəffüs etdiyi havanı udan həmyerlilərinin bundan ala biləcəyi ibrətlər ola bilər.
Amerikalıların Mövlananı niyə oxuduğu ilə maraqlananlardan biri də sənətçi Şahram Şivadır. Mövlananın şeirlərini ilk dəfə eşidərkən ona heyran olmuş və bir çox şeirini ingilis dilinə tərcümə etmişdir. Şiva, eyni zamanda müxtəlif proqramlarda və xüsusi yığıncaqlarda Mövlananın şeirlərini oxuyur. Onun oxuduğu şeirlər CD-lərə yazılmışdır. İnsanların niyə Mövlananı oxuduqlarına aydınlıq gətirmək üçün təxminən 50 adamın iştirakı ilə geniş bir araşdırma aparılmışdır. Araşdırmada iştirak edən şəxslərdən Mövlananı hansı səbəbdən oxuduqları barədə soruşulmuş və hər iştirakçının söylədikləri diqqətlə yazıldıqdan sonra ətraflı təhlil edilərək qiymətləndirilmişdir. Şiva iştirakçıların verdiyi cavabları böyük bir diqqətlə araşdırdıqdan sonra əlindəki məlumatları on iki fərqli başlıq altında toplamışdır. Bununla da insanların Mövlananı oxumalarının on iki səbəbi ortaya çıxmışdır.
— Maddilikdən uzaq olması: din hər şeydən əvvəl hiss və duyğularla bağlıdır. İştirakçılar Mövlananı onların ağıllarından çox, ürəklərinə və hisslərinə xitab etdiyini ifadə etmişlər.
— Fərqli məna səviyyələri: iştirakçılar Mövlanada müxtəlif məna səviyyələrinə rast gəldiklərini bildirmişlər. Eynilə bir gülü əhatə edən yarpaq layları kimi, onun şeirlərində də müxtəlif məna ölçülərini kəşf etmişlər. Mövlananı oxuduqca və öyrəndikcə, onun nə qədər mənalı olduğunu daha dərindən anlamışlar. Bunun nəticəsi olaraq, daha dərin mövzulara müraciət etməkdən çəkinməmişlər.
— Birlik: Mövlananın şeirlərində rast gəlinən birlik, ahəng və bütünlük onlara çox cazibədar gəlmişdir.
— Dost və yoldaş: iştirakçıların böyük əksəriyyəti Mövlananı oxuyarkən onu özlərinə bir yoldaş olaraq görmüşdür.
— Fərdi əlaqə: Mövlananı oxumaqla şəxsi təcrübələrini artırmışlar. Onun pərəstişkarları dünyanın və özlərinin yaranışı barədə axtarışlar etməyə cəhdlər etmişlər. Sanki onun yol yoldaşı olmağa çalışmışlar.
— Mərhəmət və dinclik: Mövlananı oxuyanların ortaq bir qənaəti isə odur ki, onu hər oxuyarkən ürək və konüllərində bir mərhəmətin və dincliyin bərqərar olduğunu hiss etmişlər.
— Həsrət və nigarançılıq: Mövlananın şeirlərində ilahi sevgiliyə olan eşq və həsrət onlara çox təsir etmiş, “Məsnəvi”ni oxuyaraq və hiss edərək onun bu həssaslığına şərik olmaq istəmişlər.
— Eşq əlaqəsi: respondentlərin bəziləri isə Mövlanaya aşiq olduqlarını etiraf etmişlər.
— Dinlərarası körpü: iştirakçılara görə, Mövlana, Qərbdə yaşayan müsəlmanlarla müsəlman olmayanlar arasında bir körpüdür. Mövlana vasitəsilə bir çox müsəlmanlar Amerika cəmiyyəti tərəfindən diqqət mərkəzinə düşmüşlər. Mövlananı oxuyan, sevən və ona aşiq olan bir çox qərblilər ölkələrində yaşayan müsəlmanlarla gözəl əlaqələr qurmuş və bu əlaqələri inkişaf etdirmişlər. Mövlana fərqli düşünən insanları bir-birinə yaxınlaşdırmışdır; mədəni bir cəmiyyətin formalaşmasına və birlikdə yaşamalarına təkan vermişdir. — Şeiri sevməyənlər: bəzi iştirakçılar əslində şeir oxumağı sevmədiklərini, ancaq Mövlananın şeirlərinin onları cəzb etdiyini xüsusilə vurğulamışlar.
— Prosesdə iştirak: iştirakçılar Mövlananın özünü mükəmməl bir şəkildə ifadə etdiyini və bu baxımdan özlərini ona oxşatmaq istəmişlər.
— Rəhbər və mürşid: iştirakçılar Mövlananı mənəvi bir rəhbər və mürşid olaraq gördüklərini vurğulamışlar.
Mədəniyyətlərarası dialoq üçün düstur
Qərbin öz din və inanclarından kənarda mənəvi bir axtarış içində olduğunu deyən yazar Tələt Halman “Mövlana mövsümü” olaraq adlandırdığı bu dövrü çox gözəl izah edir: “Təsəvvüf insanla Allah arasında birbaşa ruhi bağ qurduğu, bir eşq əlaqəsi üzərində dayandığı, ənənəvi din qaydalarını aşdığı üçün hörmət və sevgi ilə qarşılanır. Buna Mövlananın insanlığını, coşqulu və mehriban şeirini, sülhpərvər ruhunu, insanı gündəlik həyatdan ayıran və çox uzaqlara aparan halını əlavə edin. Bir də göylərin səmavi gorkəmini...”
Goründüyü kimi, Qərbin Mövlananı oxuma səbəbləri fərqlidir və bizim üçün əhəmiyyətli mesajlar daşımaqdadır. Mədəniyyətlərarası dialoq üçün işlərin görüldüyü bir zamanda, heç şübhəsiz ki, ondan çox şey öyrənilməlidir. Qərbdəki müsəlmanlar isə Mövlananı və təlimini hansı səviyyədə öyrəndiklərindən asılı olaraq, həmin cəmiyyətlər tərəfindən qəbul ediləcəklər. İslamı və özlərini cəmiyyətə tanıtmaqda Mövlananın bir beyti, yaxud da kiçik bir hekayəsi onlara çox kömək edəcəkdir. Danışmağa başlamazdan əvvəl dinləyicilərinə ondan bəhs etmək hər şeyi fərqli edə bilər. Cəhalətin və pis niyyətlərin aramızda tikdiyi görünməz, qalın divarların necə yıxıldığına şahid olacaqlar. Mövlananın pərəstişkarı və araşdırıcısı olan Kabir Helminskinin sözləri qulaqlarımda cingildəyir: “Mövlana qəbrindən qalxaraq İslamı izah edir. Həm də bütün insanlığa”.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Xəyalə Sadiqova
Zaman.-2015.-13 avqust.-S.13.