Bu gecə yağış yağır

Bu gecə yağış yağır

Yük daşıyıb bazarda taqətsiz bir güzarda 
Səmaya uşaq baxır.
Lap köhnədi libası, almağa yox atası.
Düşən yağış damlası onun gözündən axır.
Bu gecə yağış yağır. 
Səma dolu buludlar. 
Yüksəklikdən atılıb, damla edir intihar.
Çırpılaraq yerlərə, olurlar çilik-çilik.
«Arzular birdəfəlik, insanlar birdəfəlik» —
Düşünür gecələrkən fərqli-fəqrli yataqda
Al boyası dodaqda.
Qəlbindəysə o qızın zülmət, qaranlıq cığır.
Bu gecə yağış yağır.
Yağır daha inadkar.
Uzadıb əllərini, istərkən sədəqini,
O körpənin səsini eşitməyir insanlar.
Bu eşiksiz balaca dözməyərək aclığa
Dəstək çıxıb yağışa ağlayır fağır-fağır.
Bu gecə yağış yağır 
Qədir gecəsi ilə.
İnsanlar edib hiylə, yalan gətirib dilə,
Toplayırlar mənfəət, toplayırlar qəbahət.
Bu gecəysə peşiman çağırır Allahını, yox etsin günahını.
Qəlb paklaşsa da belə, sabah dolacaq yenə
Xəyanət, yalan, hiylə.
Bir ömürü boş verən çətin bircə gecənin
Qədrin, qiymətin bilə.
Yerdə ürəklər qara, göydə buludlar qara
Göydə buludlar ağır 
Bu gecə yağış yağır.
Bu gecə yağış yağır....

Cavidan Hacıyev.
Top