Sən məni sevsəydin nolardı görən?
Görən olardımı bir dərdim onda?
Yoruldum demədən qolum üstə sən
Dünyanı piyada gəzərdim onda.
Toxalar, azalar bu sevgimizdən
Dünyanın məhəbbət acları bəlkə,
Təzə haşiyələr alardı bizdən
Dünyanın məhəbbət tacları bəlkə.
Bizim başımıza hey ələnərdi
Alqışlar. təbriklər, dualar-bizim.
Bizim bəxtimizə səpələnərdi
Ən duru, ən təmiz şüalar-bizim.
Ləpələr göz alıb baxar dənizdən,
Sular mehrimizə həsəd çəkərdi.
Ulduzlar bircə yol pəncərəmizdən
İçəri baxmağa həsrət çəkərdi.
Dedim ki, göyərər bir Leyli pöhrə,
Məcnun bir səhərin gözündə gələr.
Saçını tor elər sahildə Zöhrə,
Tahir ləpələrin üzündə gələr.
Sən məni sevsəydin… sevsəydin əgər...
Kim olub bəxtiyar quru ad ilə.
Həyatda “ürəkləş”, “sevləş” demirlər,
Ayaqlaş deyirlər bu həyat ilə.
1968