Vurğunam, aşiqəm, gəncəm, cavanam | Aleksandr Blok

Vurğunam, aşiqəm, gəncəm, cavanam | Aleksandr Blok

Vurğunam, aşiqəm, gəncəm, cavanam,
Qəlbimdə həm arzu, həm hicran, həm qəm.
Bir yaşıl, sehirli ağcaqayınam,
Elə sənə sarı əyiləcəyəm.

Külək yarpaqların keçər üstündən,
Titrər yalvarışdan ağacın kökü.
Sənin ulduzlara baxan gözündən,
Ətirli göz yaşı axar zər kimi.

Tez-tez göy çadıra durub gələrsən,
Yuxulu günlərdə, solğun günlərdə.
Baxaram, mehriban libasına mən,
Susaram heyrətli düşüncələrdə.

Sən, mənə vurğunsan, mən sənə vurğun,
Sehirli gününəm, sirli ayınam.
Səninlə bilmirəm nə qəm, nə qorxu,
Səninlə bir yaşıl ağcaqayınam.

31 iyul 1902.

Tərcümə: Cabir Novruz.
Top