Ovqatımın iqlimi

Ovqatımın iqlimi

Gün kimi gah çıxıb, gah batanımsan,
Mənim mühitimi yaradanımsan.


Gün kimi çıxdınsa, dönərəm günə,
Batdınsa, bataram zülmət gölünə.


Sən varsan, dünyamda hər şey var mənim,
Yoxluğun dünyamı boşaldar mənim.


Sən varsan, baxaram dost tək düşmənə,
Sənin rəqibin də əzizdir mənə.


Sən varsan,
                dünya var
                        orda varam mən.
Sən yoxsan, varlıqla barışmaram mən.


Varsansa, daşlar da açar gül-çiçək,
Yoxsansa,
               çiçək də daşa dönəcək.


Sən varsan, özümə möçüzəyəm mən,
Sən yoxsan, özümlə üzbəüzəm mən.


Qəlbindən asmışam mən öz qəlbimi
Sən gözə görünməz bir ətir kimi
Ruhuma, könlümə səpələnənsən,
Mənim ovqatımın iqlimi sənsən.

B. Vahabzadə
Top