Cərgə-cərgə, düzüm-düzüm,
Görüb qan ağlayır gözüm...
Millətimə budur sözüm:
Çadırlara alışmayın!
Nə gen-bolu, nə də darı,
Nə qırışı, nə hamarı...
Yığışdırın bu bazarı,
Çadırlara alışmayın!
Vurun, deşin dolu kimi,
Qırın tikan kolu kimi,
Uzaqlaşan dəli kimi...
Çadırlara alışmayın!
Əski-üskü dam-daşımız?!
Burda xeyir-şər aşımız?!
Qaraçı da yoldaşımız?!
Çadırlara alışmayın!
Burda tapmayın rahatlıq,
Bir dəqiqə, bir saatlıq,
Aman günü! El-elatlıq...
Çadırlara alışmayın!
İmarətə tən olsa da,
Pəncərəsi gen olsa da,
Dövrəsi gülşən olsa da,
Çadırlara alışmayın!
Tayfa deyil, millətik biz,
Bir evik, bir külfətik biz,
Saraylara şöhrətik biz
Çadırlara alışmayın!
Burum-burum qalxır tüstü,
Deməyiniz bu da bəsdi.
Məst etməsin sizi isti,
Çadırlara alışmayın!
Sən ey xalqım, ey diyarım,
Ey cavanım, ixtiyarım,
Ey didərgin balalarım,
Çadırlara alışmayın!
Barışqanlıq cinayətdir,
Lap bir anlıq — cinayətdir,
Alışqanlıq — cinayətdir,
Çadırlara alışmayın!
3 dekabr, 1993
Müəllif:Qabil
Mənbə:Azadlıq Radiosu