«LATIN DİLİ»
Latın dili!
Hər sözündə dünya boyda yük daşıyır,
Latın dili! -
Millət ölüb, dil yaşayır.
«Ana» deyən, «torpaq» deyən,
«Vətən» deyən yox bu dildə.
Ancaq yenə yaşar bu dil.
Sabah bizim ərzimizin
Sərhəddindən o yana da
Qoşar bu dil.
Bəlkə… bütün ulduzları
Gəzər bu dil.
Döyüşlərdə zəfər çalıb
Ölən ərə bənzər bu dil.
Vətəni yox,
Milləti yox
Yaşar özü.
Elmlərin təməlidir
Əvvəl sözü, axır sözü.
Kim deyir ki, ölüdür bu?
Həkimlərin, Alimlərin,
Loğmanların dilidir bu.
Bu dil ilə hesablanır ay da, il də.
Çiçəklərin,
Böcəklərin,
Küləklərin,
Fələklərin
Adlarını yazır alim
Ölü dildə.
Kim deyir ki, ölüdür bu?
Ölülərin dili deyil,
Dirilərin dilidir bu.
Atlantika sahilində
Coşa-coşa,
Daşa-daşa:
— Mən azadam, mən xoşbəxtəm, -
Deyir natiq yad dilində.
Söylə natiq,
İndi nəyə inanaq biz –
Qulağamı,
Ya gözəmi?
Əmələmi, Ya sözəmi?
«Mən azadam, müstəqiləm» sözlərini
Öz dilində deməyə də
İxtiyarın yoxsa əgər,
De, kim sənə azad deyər?..
Söylə, necə azadsan ki,
Komalarda dustaq olub ana dilin.
Böyük-böyük məclislərdən
İtirilib ilim-ilim?..
İclaslarda bir kəlməsi, sözü yoxdur.
Bəlkə… onun böyük, rəsmi məclislərə
Çıxmaq üçün üzü yoxdur?
Söylə, bəlkə — bic doğulub,
Atasından yox xəbəri?
Bəlkə bu dil çox kasıbdır,
Qucağına sığışmayır
Əsrin böyük fikirləri?..
Sən dərdə bax,
Vətən də var,
Millət də var.
Ancaq onun dili yoxdur.
Elə bil ki,
Güzgü kimi, hamar, şəffaf röyalın var,
dili yoxdur...
İndi söylə,
Hansı dilə ölü deyək:
Vətən varkən,
Millət varkən,
Kiçik, yoxsul komalarda
dustaq olan bir diləmi?
Yoxsa, uzun əsrlərdən
keçib gələn,
Xalqı ölən,
Özü qalan bir diləmi?