Ana
Yuxuların qarışıb
zəhərə dönmədimi,
Qəlbində ana hissi
qəhərə dönmədimi?
Necə yatdın, ay ana,
necə yatdın bu gecə?
Mən ki səhərəcən yatmamışam,
mən ki səhərəcən sizi düşünmüşəm,
sizi qəlbimdən atmamışam.
Qardaşlarımın üstünü örtəndə
yerimi boş görmədinmi?
necə dözdün, ay ana!?
Qoy ana gözlərindən
çıxmasın bir damla da!
Analar ağlayanda
dünya od tutub yana,
Analar ağlayanda
zaman dövr eləməyə,
çərxi-fələk dayana!!!
Necə yatdın, ay ana!?
Sən ki bala eşqiylə
alışardın, yanardın.
Söylə, hardandı sənə
bu soyuqluq, bu buzluq?
Əlimdə yavan çörək,
gözümdə yuxusuzluq--
Yuxuna girmədimmi!?
Bu yuxusuz gecəmə
sən olmadın şərik, tən,
Darıxsam da, ölsəm də
dilimdə tək söz vətən.
Qəlbimdə vətən eşqi,
xəyalımda təkcə sən--
Yuxuna girmədimmi!?
Körpəliyimdən qalıb
qulaqda layla səsin,
Damarlarımda qanın,
ürəyimdə nəfəsin.
Əsgərlərdən utanıb
oğrun-oğrun gizlicə,
ağladım həzin-həzin--
Yuxuna girmədimmi!?
Necə yatdın, ay ana,
necə yatdın, cavab ver!?
Gör necə yatmısansa
yuxuna belə gəlməmişəm… 27.07.2008(əsgərlik, Lənkəran)