Harda müsəlman görürəm qorxuram (Mirzə Ələkbər Sabir)
Payi-piyadə düşürəm çöllərə,
Xari-müğilan görürəm, qorxmuram.
Seyr edirəm bərrü biyabanları, –
Quli-biyaban görürəm, qorxmuram.
Gah oluram bəhrdə zövrəqnişin, –
Dalğalı tufan görürəm, qorxmuram.
Gah çıxıram sahilə, hər yanda min
Vəhşiyi-ğürran görürəm, qorxmuram.
Gah şəfəq tək düşürəm dağlara, –
Yanğılı vulkan görürəm, qorxmuram.
Gah enirəm sayə tək ormanlara, –
Yırtıcı heyvan görürəm, qorxmuram.
Üz qoyuram gah neyistanlara, –
Bir sürü aslan görürəm, qorxmuram.
Məqbərəlikdə edirəm gah məkan, –
Qəbirdə xortdan görürəm, qorxmuram.
Mənzil olur gah mənə viranələr, –
Cin görürəm, can görürəm, qorxmuram.
Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.
Bu küreyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.
Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!….
Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!….