Mərhum şair Oruc Əsgərliyə

Mərhum şair Oruc Əsgərliyə

Şair Oruc Əsgərliyə
(allah rəhmət eləsin!)

Gördüyün nə varsa çevirdin sözə,
Həyatın yazdığın şeirinə qaldı.
Həyatla apardın bir mübarizə,
Qələbə şairin xeyrinə qaldı.

Qələmin sözləri durmadan yonub,
Yeni toxumalar əkdi şeirinə.
İlhamın çiçəkdən-çiçəyə qonub,
Sözlərin şirəsin çəkdi şeirinə.

Sənin şeirlərin çay kimi coşqun,
Oxucu qəlbinə axar yorulmaz.
Sənin şeirlərin lal kimi susqun,
Gözümün içinə baxar yorulmaz.

Sənin şeirlərin yenidən yeni,
Sənin şeirlərin köhnədən köhnə.
O gah dünənimə aparar məni,
Gah açar önümdə yeni bir səhnə.

Qızlar çələng hörüb şeirindən sənin,
Taxar yaxasına çiçək yerinə.
Əsl sevgi görüb şeirindən sənin,
Sevənlər and içər sənin şeirinə.

Sən nələr yaşayıb etdin dünyada,
Hər biri bir örnək oldu bizlərə.
Sən özün köç edib getdin dünyadan,
Kitabın yadigar qaldı bizlərə.

 

Hüseyn Saleh (Seyfullayev)

Top