Nüsrət Kəsəmənlinin lirikası

Nüsrət Kəsəmənlinin lirikası


Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi

Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç

Hər kəs taleyilə gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Dəcəl balalara mülayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.

Sənsən dağlar kimi səbrlə dözən,
Bəlkə tərəddüdlə çox döyüşmüsən.
İsti bir sevgidən yazmışam bəzən,
Soyumuş çayımı sən dəyişmisən

Üzümdə kədərdən bir iz görəndə
Şirinim olmusan, acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan, bacım olmusan.

Bir kövrək şerimdən gözlərin dolub,
Düyünlü qaşını görməmişəm mən...

Bir əlin mətbəxdə, qabda-qaşıqda,
Bir gözün istidə, tüstüdə olub,
Bir əlin beşikdə, oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub.

Yollar çarpaz-çarpaz, yollar qarışıq
Gecə yol gəlirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən işıq-
Gözünün nurudur yolumun üstə.

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi

Qapini döymüşəm gecəyarısı,
Saçımda bir əlin təması gəlib.
İsti dodagımda bir öpüş izi,
Əlimdə bir saçın xınası gəlib.

Yuxulu gözündə qızartı görüb,
Qızara-qızara yalan demişəm.
Şübhənin bəhanə payını verib,
Hələ yatmayıb ki, balam,demişəm.

Tez-tez oynayıram mən bu oyunu,
Neçə yad sifəti görüb gəlirəm.
Sənin bir ömürlük sevgi payının
Yarısın özgəyə verib gəlirəm.

Bu elə duyğu ki, bu elə qəm ki,
Min olsa yenə də əzməzdi səni.
Bəzən eləsinə dəyişmişəm ki,
Bəlkə dırnağına dəyməzdi sənin.

Pəncərə dalından yollara baxıb,
Yuxusuz gözünlə vaxtı sayırsan.
Körpə balaları köksünə sıxıb
Mürgülü-mürgülü gülümsəyirsən.

Nağıl danışırsan «Min bir gecə» dən,
Nağılın qorxulu, sehrli,qəmgin
Mən isə sallanıb qara gecədən
Bir quyu dibinə enirəm hər gün.

Bilmirəm mələksən,Allahsan,nəsən?
Mənə bağışladın neçə günahı.
Belə mehribanlıq eylədikcə sən
Özüm öz gözümdən düşürəm axı

Top