Bəxtiyar Vabazadə - SƏHVLƏRİM, SƏHVLƏRİM!

Bəxtiyar Vabazadə - SƏHVLƏRİM, SƏHVLƏRİM!

  • SƏHVLƏRİM, SƏHVLƏRİM!

    Şübhələrim, gümanlarım,
    Səhvlərim, nöqsanlarım,
    Fəryadlarım, əzablarım, amanlarım!…
    Mən qaçdıqca əlinizdən,
    Əməlimə
    Yağış kimi yağırsınız
    Neyləyim ki,
    Siz özümdən ağırsınız.
    Salıb məni əzablara
    Mənə gendən baxırsınız
    bir yad kimi.
    Mən gizlədə bilməmişəm ömrüm boyu
    Dodağımın arxasında ürəyimi...
    O alışıb.
    O danışıb.
    Yanımda dost olmayanda
    Danışmışam özbaşıma.
    Ürəyimin pıçıltısı
    Dəyib mənim öz başıma
    Toxmaq kimi...
    Nə sevgimi gizlətmişəm,
    Nə kinimi...
    Əzab verib günlər mənə,
    aylar mənə.
    Adam var ki, ömrü boyu
    Dodaqları təbəssümlü
    Təbəssümü,
    Bir pay kimi paylar sənə,
    paylar ona,
    paylar mənə...
    Dili ilə ürəyinin arasında
    Yüz-yüz illik yollar durur.
    Dodağında güllər açıb
    Ürəyində kollar durur.
    Hər sözünün əvvəli «can», axırı «can»
    Belə yaşar axıracan.
    Ürəyi buz,
    Sözü isti,
    Özü ilıq.
    Çəkməmişdir ömrü boyu
    Bircə dəfə peşmançılıq.
    Bilməmişəm,
    Nə çox imiş
    Bircə qırıq nöqsanımı
    şişirdənim.
    Bir dəryaca kədərimdir
    Bir damlaca səhvim mənim.
    Başqaları keçər, bəlkə, təqsirimdən
    «Günahkaram, keç!» — sözümə.
    Bağışlaya bilməmişəm
    Öz səhvimi mən özümə.
    Səhvlərim boğazımdan bərk yapışıb
    Yuxumu da dara çəkir.
    Vicdanımı ora çəkir, bura çəkir.
    Ürəyimdə vuruş gedir
    Mən kiminlə vuruşuram,
    heç bilmirəm.
    Yıxılıram, əyilmirəm.
    Heç bilmirəm bu vuruşun adı nədir,
    qəsdi nədir?
    Qəribədir,
    qəribədir!
    Səhvlərim — alnımdakı qırışlarım,
    Qəlbimdəki vuruşlarım.
    Əzablarda mən özüməm,
    Mən könlümün öz səsiyəm,
    Rahatlıqda özgəsiyəm...
    Səhvlərim — ürəyimin dilimdəki
    Həm sevgisi,
    Həm nifrəti.
    Səhvlərim — Dost danlağı,
    Yad töhməti.
    Səhvlərim! Siz mənsiniz,
    Mən də sizəm!
    Mən səhvimdə səhvsizəm!

    Noyabr, 1971
Top