Bəxtiyar Vahabzadə lirikası

Bəxtiyar Vahabzadə lirikası

Bəxtiyar VahabzadəVətən onun şeirlərində doğulduğu şəhər anlamında deyil, Bütöv Azərbaycanı əhatə edən sözdür
Azərbaycan ədəbiyyatının XX əsrdə yetişdirdiyi şairlərdən biri də Bəxtiyar Vahabzadədir. Şair yaradıcılığı boyu həmişə şeirlərində Vətənini, onun zəhmət adamlarını, təbiətini, insanların daxili aləmini tərənnüm edib. Onun şeirlərində türkçülük, Azərbaycançılıq, xalqına sədaqət, yurduna bağlılıq qeyd olunmalı xüsusiyyətlərdir.
Bəxtiyar Vahabzadənin lirikasını üç hissəyə ayırmaq olar: fəlsəfi lirika, məhəbbət lirikası və təbiət lirikası. Fəlsəfi lirika onun poeziyasının əsasını təşkil edir. Bu şeirlərdə şair öz fəlsəfi düşüncəsini oxucularla bölüşür. Onun təbiət lirikası isə nisbətən azdır. Şairin sevgi şeirləri fəlsəfi lirika ilə təbiət şeirləri arasında həm fəlsəfi məzmunu, həm də mənəvi duyğuları ilə ifadə olunan poetik lirikadır.
Bəxtiyarın fəlsəfi və məhəbbət-təbiət şeirlərinin məzmunu müxtəlifdir: vətəndaşlıq hissi ilə yazılan şeirlər, sevgi şeirləri, yurd şeirləri, təəssüratlardan doğan şeirlər, lirik-fəlsəfi şeirlər, kədərli şeirlər, həsrət dolu şeirlər, əlvan şeirlər və s.Şairin lirik-fəlsəfi şeirlərini ideya və məzmunca təhlil etmək məqsədə uyğun olduğundan onların təhlilini də bu istiqamətdə aparmağı düşünürük. Şair «Yaxşı adam» şeirində insan problemini aktual mövzu kimi diqqətə çatdırır. İnsan kimə deyirlər? — bu, şairi düşündürür, oxucudan soruşur:
Yaxşı adam!
Söylə görək
yaxşılığı nədir onun
Xislətini sayma mənə
bir-bir onun!..
Şeirin struktur təhlilini aparmış olsaq, burada insanlığa verilən tərif yaxşı adama verilən məzmunla üst-üstə düşür.
Xeyirlə şər — yol yoldaşı,
Dayanıbdır ömrümüzlə yan-yanaşı.
Hər insanın cövhərini tanımaqçın
Nədir bizə məhək daşı?
Yaxşı adamlığa cavab kimi şair yaddaşa həkk olunan bu misraların sonunda «məslək», «amal», «dil» metaforik-bədii ifadələrini verir. Ümumi nəticə olaraq, şeirin sonunu belə tamamlayır:
Yaxşı adam!
Söylə görək
yaxşılığı nədir onun?
Söylə görək məsləki nə,
eşqi nədir?
Qalan şeylər mənim üçün əfsanədir.
Şeirdən göründüyü kimi, yaxşı adam olmağın atributları çoxdur. Şair onlardan az da olsa bəhs edir. Şair özü də yaxşı adam olmaq istəyir. Müəllimlik etdiyi illərdə tələbə ilə üz-üzə duran vaxtlarda öz obyektivliyini qorumağa çalışır. Yaxşılıq etmək şairin şeirində fəlsəfi məzmundadır. O, bu fəlsəfi kateqoriyanı «Qiymət» poemasında geniş məzmunda işlədir. Müəllim üçün yaxşılıq tələbəsini savadlı görmək uğrunda çalışmasıdır. «Qiymət» poemasında bu yöndə şairin düşüncələrini, özünün müəllim kimi obrazını yaratdığını görürük.
Bir gün müəlliməm,
Bir gün şairəm.
Daim bir məcazda ola bilmərəm, -
deyirsə, sonrakı misralarda o, hər iki sənət arasında yaxınlıq axtarır:
Müəllimlik mənim günüm, həyatım,
Şairlik — ən uca duyğularımdır.
Amma poemanın «Son söz»ündən belə görünür ki, şair müəllimliyini qazanılmış ikinci sənət hesab edir, öz şairliyini isə fitrətinin ona verdiyi xüsusiyyət sayır. O, şairliyin nə qədər çətin olduğunu fəlsəfi düşüncələrində də qeyd edir:
Dünyanı dünyaya göstərən oldun,
Təmizlik — məsləkin, ucalıq — tanrın,
Xəyanət bilməmiş sənətin dili,
Ucalıq eşqi ilə yaşayanların,
Məsləki düzlükdən od götürməli!
Bəxtiyar Vahabzadə vətəndaş şairdir. O, Vətən dilini hər cür təsirlərdən qorumağı borcu hesab edir. Vətənin dilində danışmağı ar bilənlərə qarşı «Ana dili» şeirində kəskin etirazlar edir.
Ey öz doğma dilində danışmağı ar bilən
Bunu iftixar bilən
Modalı ədəbazlar
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.

 
Şair ana dilinin hamı üçün işlək dil olmasını təqdir edir. Onun fikrincə, xalqını sevən onun dilini də sevməlidir. Ana dili insanın mənəviyyatını ucaldan başlıca meyardır. Şair üçün mənəviyyatlı olmaq insanın içindən gələn hissləri ilə bağlıdır. O, insanın mənəvi problemləri içində mənəviyyatsızlığı önə çəkir:
Ozundən başqası olmayan yerdə, İnsan oldugunu unudar insan.İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan.
Şeirdə şairin lirik «mən»i öz «qəhrəmanı» ilə üz-üzədir. Şairin lirik «mən»i öz fəlsəfi düşüncələri ilə onu tərbiyə etmək istəyir. Şairin lirik «mən»i öz «qəhrəmanlarına» — dostlarına müraciətlə deyir:
Dostların qəlbidir yurdum, məskənim,
Ürəkdə bir nisgil gərək olmasın.
Sağlığım bir yana, a dostlar, mənim,
Soyuq məzarım da heç tək olmasın.
Şairin lirik «mən»i həmişə axtarışdadır. «Dağda şəlalə kimi» şeirində də onun lirik «mən»i şairi düşündürən bütün suallara cavab axtarır: «Heç üzə çıxarmı çalxalanmasa ümman?», «Kədərdəki nəşəni, şövqü anlamayanlar, Həyatın nəşəsindən, fərəhindən nə anlar?» misralarını tamamlayaraq şair yaşamağın yanmaq olduğunu demək istəyir. Bütün bu narahatlıqlara baxmayaraq, şairin lirik «mən»i nikbindir. O, öz şeirini uca zirvələrə qaldırmaq istəyir. Bu istək şeirdə belə ifadə olunur:
Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm,
Yaşamaq istəyirəm!
Şeirdə fəlsəfi lirika ilə vətəndaşlıq ruhu bir ahəngdə birləşib. Şeirin sonundakı «yaşamaq istəyirəm» nidası onun nəyin uğrunda yaşamaq istəməsini üzə çıxarır. Bunlar əsl həyat uğrunda bəşəri düşüncələr olub, həyatın mənasını tapmaq arzusunda olan şairin poetik axtarışlarıdır.
Bəxtiyar Vahabzadənin yaradıcılığında Vətən mövzusu aparıcı xətlə inkişaf etməkdədir. Vətən onun şeirlərində doğulduğu şəhər anlamında deyil, Bütöv Azərbaycanı əhatə edən sözdür.
«Vətəndən-Vətənə» şeirində isə şairin Vətən duyğuları ana torpağa bağlı olub, o taylı-bu taylı Azərbaycanı nəzərdə tutur.
Arazın
bu tayı Vətənim,
o tayı Vətənim.
Vətəni görməyə amanım yox mənim.
Vətən duyğusu başqa bir şeirdə də öz əksini tapır:
Bu qəmim, bu dərdim dağlardan ağırdı,
Arazın suyuna qarışıb axıram.
Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı,
Mən isə:
Vətəndən — Vətənə baxıram.
Şair Vətənin müqəddəsliyini başqa bir şeirində də yada salır: Vətən qeyrətini çəkməyənlərin oğul adlanmamasını yazır:
Vətən qeyrətini çəkməyən oğul,
Həm özünə yükdür, həm özgəsinə,
Bu dildə dərs deyib, qazandığın pul,
Yediyin çörək də haramdır sənə!
Yaxud:
Vətənin dilinə gərəksiz deyən
Vətənin özünü necə sevir bəs?
Şairin şeirlərində «Vətən» sözü Vətən dilinin sinonimidir. Şairin dil haqqında dediyi sözlər də mənalıdır. «Mənim anam» şeirində o, dil haqqında düşüncələrini verir.
Bu dil ilə tanımışam
Həm sevinci,
Həm də qəmi:
Bu dil ilə yaratmışam
Hər şeirimi
Hər nəğməmi!
Şairin lirikasında ana mövzusu həmişə öndə olub. «Ana haqqında şeirlər» silsiləsindən «An — min il» şeirini qısa təhlil etsək, bu təhlilin poetik misraların qabağında sönük olduğu görünər. Ana itkisi ağır kədərdir. Bu kədərin şairin duyğularında izah olunması övlad üçün ağırdır. Amma şair bunu bacardı. Bu hissiyat nəşədən sonrakı kədərin qəmlər əlində əsir olmasının nəticəsidir.
Anamın ölümündən,
Bir an keçib,
ancaq o,
Daş olub insan ikən,
Öz-özünü danıbdır
Bircə anda
o bizdən
Min il aralanıbdır.
Bu silsilənin «Zaman» hissəsində şair insanların vaxta biganəliyindən şikayətlənir, «zaman» məfhumunun insanlar üçün hələ itmədiyini yada salır.
Nədən məzarlıqda vaxt düşür yada?
Demə o burda da, burda da varmış!
Ölülər məskəni — məzarlıqda da
Zaman, qədəm-qədəm addımlayırmış.
Bəxtiyar VahabzadəZaman haqqında şairin düşüncələri müxtəlifdir. O, gah zamanın insanlar tərəfindən uydurulduğunu, gah da zamanın mücərrədliyini deyir. Burada şairin zaman düşüncəsi özü mürəkkəbləşən bir anlayışdır.
Yurd sevgisi də həmişə şair yaradıcılığında uca zirvəyə qalxıb. Bütün şairlərin yaradıcılığında doğulduğu torpağa ithaf olunan şeirlər olur. Bu şeirlər əksər hallarda lirik məzmun daşıyır. Bəxtiyar Vahabzadənin doğulduğu Şəkiyə ithaf etdiyi şeirlər isə fəlsəfi lirikanın məhsuludur. Yəni bu şeirlərdə yüksək poetik dillə yanaşı, fəlsəfi lirika da var. Şair fəlsəfənin dili ilə Şəki haqqında düşüncələrini oxucu ilə bölür. «Şəki» şeiri yüksək fəlsəfi lirikanın bariz nümunəsidir.
Mən sənin qoynunda gəldim cahana,
Məni bəxş elədin Azərbaycana.
Həmişə mən sənin həndəvərində
uçan bir quşam,
Bir eldə doğulub xoşbəxtəm ki,
Böyük bir Vətənə oğul olmuşam.
Yurd sevgisi «Ata yurdu» şeirində açıq şəkildə qorunur. Şair bu şeirdə doğulduğu «Yuxarı baş» məhləsindəki bir gözlü ata evini yurd sevgisinin məskəni edir.
Şəkidə məhlə var nə qədər desən,
Gəldim bu dünyaya
«Yuxarı baş»da
Bir göz evimizdə nə desən vardı,
Taxça aşağıda, buxarı başda.
Çıxdı ahıllığım o evdən çölə
Amma uşaqlığım yuxarı başda.
İndi mən həsrətəm ata yurduna,
Odu ürəkdədir, buxarı başda!
Sanki bu şeir ilə şair Şəki memarlığının özünəməxsus xüsusiyyətlərindən danışır. Amma ata yurdundakı memarlıq nişanələrinə öz nisgilini qatır. Şeirdə şair təzad yaradır. O, öz ahıllığı ilə uşaqlığını ata yurdunda görüşdürür.
Bəxtiyarın fəlsəfi lirikası «Piyada-sərnişin» şeirində də qorunur. Şair ömürdən keçən illəri fəlsəfi dillə mənalandırır. Bu fəlsəfi lirika oxucunu düşündürəndir. Onu özünə hesabat verməyə çağırır. Şeirdə «yol» semantik məzmundan savayı, məcazi mənalarda da işlənir. Yol — mənzil başına aparır, yol zirvəyə aparır, yol — ömrün sonuna aparır.
Sərnişin yol getdi, yoldan xəbərsiz,
Bilmədi bu yolda kələ-kötür var.
Ancaq piyadanın, xəbər-ətərsiz
Alnında iz açdı getdiyi yollar.
Şair də haqq yolunun yolçusudur. Özünün dediyi kimi:
Ömür yollarında «rahat» gedənlər -
Zirvələr başına ucala bilməz.
Təkərlər üstündə diyirlənənlər,
Çatdığı mənzildə bənd ala bilməz.
Bəxtiyar şeirində yuxu psixoloji yük daşıyır. Allahın yuxusu, insanın yuxusu, yuxunun sonu olurmu? Bu kimi suallara şair cavab axtarır. «O nədir?» şeirində yuxunun bir çox semantik simvolları açılır. Şair «Dünya ulu tanrının yuxusudur» deyir. Qlobal mənada şairin düşüncəsində dünya yatır. Onun oyanması üçün şair lirik ricət edir:
Onun da insan kimi
var olsaydı gözləri,
tərpənərdi yerindən,
çıxardı məhvərindən.
Tanrının da yuxusu
Dağılardı o zaman.
Tanrının yuxusu gəlir, dünya yatır. Ona görə də Şər Xeyirə üstün gəlir. Şeirdə də bu fəlsəfəni görmək olar. Bu fikrin antitezasını irəli sürmək olar: Tanrı Xeyirin tərəfindədir. Şair poetik lövhələrlə tanrı haqqında bədii düşüncələrini oxucuya çatdırır…

 
Müəllif: Ramil Əliyev (filologiya üzrə elmlər doktoru)
Mənbə: «Xalq cəbhəsi» qəzeti
Top