Könül, uca Dosta – Ona bir yol var,
Ya gizli, ya açıq… Sına, bir yol var.
Lap altı yöndən də qapansa yollar,
Yar bağının qapısına bir yol var.
Haqq bilgisini seç, gəl, Yara sığın!
Əcəllə sovrulma, divara sığın!
Var kimi görünən yoxu tərk eylə,
Yox hesab etdiyin o vara sığın!
Nə mən – mənəm, nə sən – sənsən, nə sən – mən,
Həm mən – mənəm, həm sən – sənsən, həm mən – sən.
Eşqinlə doluyam, Hötənli gözəl,
Bilmirəm: əkizik, yoxsa sənsən mən?!
Hansı bahar səndən şuxdur, təzədir?
Hansı mehtab səndən daha gözəldir?
Hansı səhər daha xoş müjdə verdi?
Hansı şəkər sənə rəqib məzədir?
Haraya üz tutsam, səcdəgah – Odur,
Altı yöndə, dışda tək ilah – Odur.
Bağ-məşuq, gül-bülbül – sırf bəhanədir,
Bunlardan tək məqsəd, bil, vallah, Odur.
Canında bir cövhər uyuyar, yatar,
Tənində bir gövhər uyuyar, yatar.
Gövhər mədənini, ey haqq yolçusu,
Kənarda axtarma, könlündə axtar.
Yaşadıqca əyriyə daim arxa çevirdim,
Tövbə etdim əyridən, düzlüyə könül verdim.
Saf-çürük eylədikcə həm əyrini, həm düzü,
Sonda hər ikisi də Onunmuş… Bunu gördüm.
Azdan da, çoxdan da əl çəkən kəsin
Zənginlik, dərvişlik pozmaz nəşəsin.
O, əl-ətək üzüb hər cür fanidən,
Tapmazsan zatında mənlik zərrəsi(n).
Hər canlı tez, ya da gec ölüm şərbətin dadar,
Əcəl bir gün sənin də gəlib yaxandan tutar.
Heç rəvamı əlinlə imanlı bir qardaşın,
Ya da hər hansı insan min dərdə-qəmə bata?!
Tərcümə: Azad Yaşar