Məmməd Araz - Göydən dörd alma düşdü

Məmməd Araz - Göydən dörd alma düşdü

GÖYDƏN DÖRD ALMA DÜŞDÜ

Nağıl istəyirəm, şirin bir nağıl,               
Nağıl istəyirəm, təzə bir nağıl.
Köhnə nağılları yeyib qurtardıq
Köhnə nağılları içib qurtardıq:
Bir az duzlu idi, bir az da şirin.
Üç alma düşmədi nağıldan sonra,
Heç alma düşmədi nağıldan sonra.
Xəlbirlə su dartan divlər — görmədik;
Fillər məğlub oldu qarışqalara,
Şirlər təslim oldu qarışqalara,
Dovşan tələsinə canavar düşdü!
İnsan cələsinə sərçə — görmədik;
Üç alma düşmədi göydən — görmədik;
Heç alma düşmədi göydən — görmədik.
Bu il nağılçılar göylə danışıb:
Dörd alma düşəcək nağıldan sonra.
Tələsin, tələsin nağılçı dostlar;
Nağıl dinləyənlər siz də tələsin,
Göyün də vədinə inanmaq olmaz:
Nağıl qurtarmamış düşsə almalar...
Onda nağılçıya kim inanacaq!
Heç alma düşmədi göydən bəlkə də...
Bir şirin nağıl da bitəcək belə.
Üç alma düşəcək, üç alma göydən;
Dörd alma düşərsə, biri bizimdi...
Top