Darıxmışam

Darıxmışam

Bir zamanlar                                 

Özüm kimi bir dağ idim

Öz mədənim vardı mənim

Öz çiçəyim,öz çəmənim vardı mənim

Şəlaləydim öz yatağım-

Əl-qoluma dardı mənim

Ulduz idim

Öz işığım vardı mənim

Tək özümə bənzəyirdim

Öz baharım,öz nübarım

Heç kimsəyə

  yoxdu mənim bir oxşarım

Bəs aradan nə keçdi ki,

Öz-özümü danan oldum?!

Damcı-damcı daman oldum

Bircə sözlü gerçək idim,

Neçə sözlü güman oldum.

Bir qərarda damcı-damcı

                          hey damıram.

Ona buna oxşasam da

Tək özümə oxşamıram

Bu oxşarlıq,bu eyniyyət çəmənində

Mən özümü itirmişəm.

Karıxmışam

İndi dönüb özüm üçün darıxmışam

Darıxmışam.

 

Bəxtiyar Vahabzadə

Top