Men nece yaşayım

Men nece yaşayım

Sən məni təkliyin aldın əlindən,
Təzədən təkliyə düçar eylədin.
Özün kövrəkliyin... alıb əlindən,
Özün kövrəkliyə düçar eylədin...

Ömrümün, günümün bu qürub çağı,
Ruhumda baharı göyərdə bildin.
Könlümdə qaralan odu, ocağı,
Təzədən yandırıb közərdə bildin.


Təzədən açıldı qolum, qanadım,
Təzədən od saldım sənin odundan.
Hətta saçlarıma məhəl qoymadım,
Hətta yaş həddi də çıxdı yadımdan.

Qələmi, dəftəri qoydum bir yana,
Az qala ilhamı yaddan çıxartdım.
Səpdim günlərimi ayaqlarına,
Adınla oyandım, adınla yatdım...

Demə bu məhəbbət, demə bu sevgi,
Ötəri hiss imiş, ötəri həvəs.
Yox imiş təməli, yox imiş kökü,
Dəyəri bir qara qəpiyə dəyməz.

Özün bu sevdaya sövq etdin məni,
Sonra öz əlinlə özün dağıtdın,
Özün hicrana öyrətdin məni,
Özün bu kitabı açdın, bağladın.

Özün də axırda dandın sözünü,
O andlar, amanlar de, harda qaldı?
Sən gəldin, yollardan çəkdim gözümü,
Sən getdin, gözlərim yollarda qaldı...

Yenə də tuş oldum qəmə əzizim,
Soldu bağçalarım, soldu bağlarım.
Tənhalıq ölümmüş demə, əzizim,
Mən necə yaşayım ölü günləri?!
tək qalmaq
Top