Bir gün qonaq oldum qoca dünyaya göz açdım ,
Bir gün çıraq oldum evə öz nurumu saçdım ,
Bir gün uşaq oldum ora qaçdım bura qaçdım ,
Hər gün ayaq açdıqca süründüm bu
həyatdır .
Bir gün yalan oldum düzə etməklə yamanlıq ,
Bir gün piyan oldum məni azdırdı qaranlıq ,
Bir gün cavan oldum o cavanlıq nə cavanlıq ,
Hər gün yeyib içdim və öyündüm bu həyatdır .
Bir gün davam oldum bitən həsrət qəmə dərdə ,
Bir gün avam oldum demə şəhvət var içərdə ,
Bir gün adam oldum nə məhəbbət bu şəhərdə ,
Hər gün bu fikirlərdə göründüm bu həyatdır .
Bir gün yağış oldum əsəbimnən yerə endim ,
Bir gün boran oldum qəzəbimnən buza döndüm ,
Bir gün günəş oldum ədəbimnən mən isindim ,
Hər gün dəyişildikce düşündüm bu həyatdır .
Bir gün külək oldum uca dağlar ətəyində ,
Bir gün gərək oldum çoxunun duz çörəyində ,
Bir gün ürək oldum necə insan ürəyində ,
Hər gün o ürəklərdə döyündüm bu həyatdır .
Müəllif: Həsən Əmircanlı