Yarı samanı sarı,
yarı qızılı saçlı sarı gözəl.
Gözəllərin göyçəyi.
Saçların qarğıdalı saçağı kimi
tökülüb boynuna, çiyninə.
Günəş şəfəqləri tək sayrışır ucları.
Sifətin zərif günəbaxan çiçəyi.
Ləçəklərinin sarısı yayılıb üzünə.
Ağzın, qabığı azca aralanmış püstə.
Dodaqların elə bil nəqqaş əliylə hazırlanıb,
ehmalca qoyulub üst-üstə.
Dilin badam içi.
Nə ecazkar çöhrən var,
sənə baxan şişir.
Gözlərin gah təlatümlü,
gah sakit, mavi dəniz,
bülluru saf, duru,
dərinliyi məstedici, heyrətamiz.
Qaşlarının hilalı mənalı, düşündürücü.
Baxışın bəzən sərt, kəsici,
bəzən dalğın.
Hərdən baxsana əsirinə oğrun – oğrun.
Sənə təbəssüm daha çox yaraşır.
Nə olar, arabir gülümsə,
ətrafına danışmağa çalış nəsə.
Bunu ki, sənə qadağa qoymayıb bir kimsə?
Axı, dünya daha da gözəlləşər,
gözəl şirin-şirin dinsə və ya gülsə.
Mavi gözlü sarı gözəl,
sənə təbəssüm daha çox yaraşır,
gülümsə, gülümsə.
Avqust, 2004
Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008