Bir zaman Allaha inam varıymış,
Onda bütün canlı bəxtiyarıymış.
Elə ki, inamı itirib bəşər,
Ayaq açıb fitnə, tüğyan edir şər.
İnsanlar allahlıq edəndən bəri,
Fəlakət gözləyir bütün bəşəri.
Allahsız kainat olarmı, qardaş?!
Hamı bir Allaha inanaydı kaş.
Allah hər insanın öz qəlbindədi,
Doğru ürəyində, düz qəlbindədi.
Allahsız doğruluq, düzlük olarmı?!
Allahsız dünyada həqiqət varmı?!
Ahdı, ündü, vaydı Allahsız dünya,
Sahibsiz saraydı, Allahsız dünya.
Məgər heç olarmı sahibsiz saray,
Onun divarları uçmazmı lay-lay?
Müqəddəs saraya ibadət gərək,
Onun sahibinə itaət gərək.
İtaətkar insan demə ki, quldur,
İtaət atadır, bəşər oğuldur.
Əgər eşitməsə oğul atanı,
Dolanar, axırda tapar xatanı.
İnsan itaəti atarsa əgər,
Kürənin üstündə fəlakət törər.
Bəşər itaətdən çıxarsa əgər,
Orbitindən çıxan ulduza dönər.
Allaha inanmaq əzəldən-əzəl,
Onun yoxluğundan varlığı gözəl.
Allahlı dünyada zülm ha yoxdur,
Əbədi həyat var, ölüm ha yoxdur.
Allahlı dünyada öl, Vətənoğlu,
Allahsız dünyaya gül, Vətənoğlu!
Bəhmən Vətənoğlu