Əlimdə ot görcək qaçıb gəlirsən,
səni aldatmağa nə var,a quzum.
Nəfsini hər şeydən üstün bilirsən,
səni aldatmağa nə var,a quzum.
Özünü bu qədər ələ öyrətmə,
hər gələn qonağın dalınca getmə.
Sayıq ol,hamıya etibar etmə,
səni aldatmağa nə var,a quzum.
Tutulsan,xeyri yox,ha kömək çağır,
İndi bir-birini hamı aldadır.
İştah göz önündə,diş altındadır,
səni aldatmağa nə var, a quzum.
Bir əlcə ot ilə ağlın alınar,
ətinə göz düşər,tamah salınar,
manqal hazırlanar,ocaq qalanar,
səni aldatmağa nə var,a quzum.
İnsanıq,çox həris xislətimiz var,
gözümüz yaxşını yaman tez tutar.
Get,qatıl sürüyə,canını qurtar,
səni aldatmağa nə var,a quzum.
Hələ çox kiçiksən,yarı yaşın yox,
darda yetişməyə bir yoldaşın yox.
A sərsəm,nə gücün,nə də başın yox,
səni aldatmağa nə var,a quzum.
Noyabr, 2002
Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008