Münacat

Münacat

Sən ey Kainatı, Ərşi yaradan,
Sən ey düşüncəyə hökmran Allah.
Sən ey yaranışın fövqündə duran,
Sən ey yaranmışa mehriban Allah.
Sən necə varlıqsan, nə cür möcüzə,
sığmırsan idraka, anlama, sözə?
Ağlın fəzasından genişdir yerin,
ucu görünməyən göylərin dərin.
Sənin hüdudların ölçüyə gəlməz,
kimsə səni tamam dərk edə bilməz.
Ey kərəm sahibi, ey Kərim Allah,
ruha hakim olan sərvərim Allah.
Sənin istəyinlə gəldik dünyaya,
Sənin hikmətinlə kamala dolduq.
Bizi zinət etdin Ərşi — əlaya,
sevginlə ucalıb peyğəmbər olduq.
Səni nə eşidib, gördük bir vədə,
nə də təsəvvürə gəlmirsən qəti.
Sənə bənzətməyə səy göstərsək də,
sonralar sındırdıq yüzlərlə bütü.
Ey hünər sahibi, ey qadir olan,
əhli — təmkin olan, pak tədbir olan.
Yaratdın bəşərçün Kürreyi – Ərzi,
Günəşin şəfəqi hər gün üzündə.
Allahım, nə qədər sevirsən bizi,
necə qiymətliyik Sənin gözündə!
Hələ vəd etdiyin Cənnətdən öncə
Yer üzü özü bir cənnətməkanmış.
Həyat başdan-başa hikmət, əyləncə,
cəmi yaranmışlar sirri – pünhanmış.
Bir yandan göyərir, bir yandan solur,
dünya nə boşalır, nə də ki, dolmur.
Sənin varlığına inanmaq olur,
Sənin qüdrətini anlamaq olmur.
Noyabr, 2004

Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008
Top